Ləğvetmə barədə zəruri sənədlər təqdim edildikdən sonra Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi həmin sənədlərin qanunvericiliyin tələblərinə uyğunluğunu yoxlayır və çatışmazlıq aşkar edilmədikdə, sənədləri aldığı vaxtdan 7 gün müddətində qurumun dövlət reyestrindən çıxarılması barədə qərar qəbul edir.
Heftelik.az-ın məlumatına görə, bu, “Qeyri-kommersiya qurumlarının dövlət qeydiyyatının aparılması Qaydaları”nda əksini tapıb.
Təqdim olunmuş sənədlərdə çatışmazlıq aşkar edildiyi halda, bu barədə müraciət etmiş şəxslərə yazılı məlumat verilir və çatışmazlığın aradan qaldırılması tələb olunur. Çatışmazlıqlar aradan qaldırıldıqdan sonra Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 7 gündən gec olmayaraq qurumun dövlət reyestrindən çıxarılması haqqında qərar qəbul edir və bu barədə müraciət etmiş şəxslərə məlumat verir. Qurumun ləğv edilməsi barədə dövlət reyestrində müvafiq qeydlər aparılır. Çatışmazlıqların aradan qaldırılması barədə məlumat verilmədikdə, qurum dövlət reyestrindən çıxarıla bilməz.