Bu il fevralın 7-də Azərbaycan xalqının yüksək mənəvi-siyasi fəallıqla prezident seçkilərinə getməsi, cəmiyyətin bu yüksək seçim kampaniyasına Qalib Lider kimi qoşulan İlham Əliyevin qələbələr silsiləsini mütləq səs çoxluğu ilə bir daha rəsmiləşdirməsi ölkəmizdə və dünyada gündəm təşkil etməkdədir.
Dünya bu gün İlham Əliyevi təkcə müstəqil Azərbaycan milli lider kimi deyil, həm də dünyanın ən böyük təşkilatı olan BMT-nin baş qurumu olan Təhlükəsizlik Şurasına və ikinci ən böyük beynəlxalq təsisat kimi tanınan Qoşulmama Hərəkatına da yüksək məharətlə rəhbərlik edən qlobal miqyaslı siyasi xadim olaraq tanıyır. Belə bir siyasətçinin müstəqil Azərbaycan dövlətinə rəhbərliyi davam etdirməsi ölkəmizdə olduğu kimi, dünyada da təbii bir məmnunluq doğurur.
Fevralın 14-də isə Prezident İlham Əliyevin Milli Məclisdəki təntənəli andiçmə mərasimi dövlət başçısının son 20 illik fəaliyyətinin hesabatı və qarşıdakı strateji hədəflərin konseptual şərhi ilə əlamətdar oldu. Xalqın qalib lideri çıxışının əvvəlində 20 ildə onun rəhbərliyi altında keçilmiş yola nəzər salaraq bildirdi: “2003-cü ildə verdiyim bütün vədlər yerinə yetirildi. Əldə edilmiş bütün nailiyyətlərin mənbəyi Azərbaycan xalqıdır, onun mənə göstərdiyi inam və onun vahid amal ətrafında birləşmə bacarığıdır. Biz, doğrudan da, bütün dünyaya sübut etmişik ki, böyük xalqıq, biz öz taleyimizi özümüz həll edirik, ölkə qarşısında duran problemləri özümüz heç kimin köməyi olmadan həll edirik və əsaslı şəkildə həll edirik”.
Xatırlayaq ki, 2003-cü ilin oktyabrında ümummilli lider Heydər Əliyevin yüksək etimadını və inamını doğruldaraq ilk dəfə Prezident seçilən İlham Əliyev bəyan etmişdi: “Mən bu böyük etimadı doğruldacağam, bu vəzifənin öhdəsindən layiqincə gələcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm”. Xalqımızın son 3 onillikdə ən ağrılı dərdi olan Qarabağ probleminin həllini o vaxt önəmli hədəf kimi seçən Prezident demişdi: “Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ölkəmiz üçün ən ağır problemdir. Azərbaycanın torpaqları işğaldan azad olunmalıdır, bir milyon qaçqın və köçkün öz doğma yurdlarına qayıtmalıdır, ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir. Azərbaycan heç vaxt bu vəziyyətlə, torpaqlarının işğal altında qalması ilə barışmayacaqdır”.
Gənc siyasi lider o zaman onu da bəyan etmişdi ki, Azərbaycanın xoşbəxt gələcəyinə inanır. O, ölkəmizin bundan sonra da inkişaf edəcəyinə, daha da güclənəcəyinə çalışacaq: “Azərbaycanda demokratiya daha da inkişaf edəcək, siyasi plüralizm, söz azadlığı təmin olunacaqdır. Ölkəmiz müasir dövlətə çevriləcəkdir”.
Aradan keçən 20 ildən sonra – budəfəki andiçmə mərasimində həmin vəd və bəyanatlardan söz açan Prezident İlham Əliyev o zaman xalqa verdiyi vədlər içərində ən önəmlisi olan ölkənin ərazi bütövlüyünün və suverenliyinin artıq təmin edildiyini böyük öyünc və rəsmi təntənə ilə vurğuladı: “Verdiyim vədlər arasında təbii ki, ilk növbədə, ölkəmizin ərazi bütövlüyünün bərpası idi. O vaxt və ondan sonrakı illərdə, o cümlədən 2018-ci ildə bax bu kürsüdən andiçmə mərasimində demişdim ki, Ermənistan–Azərbaycan münaqişəsi yalnız və yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır, heç vaxt Azərbaycan xalqı öz ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək və nəyin bahasına olursa-olsun biz öz doğma torpaqlarımızı azad edəcəyik. O gündən cəmi 2 il yarım keçdi və Azərbaycan xalqı bir yumruq kimi birləşərək Vətən müharibəsi nəticəsində torpaqlarımızın böyük hissəsini azad etmişdir”.
Müstəqillik illərində qazanılmış tarixi nailiyyətlərdə Xalq – Lider birliyinin xüsusi rolunu xatırladan dövlət başçısı bu tandemin gündən-günə daha ciddi önəm daşıdığını qeyd etdi: “Bu gün Azərbaycan xalqı bir yumruq kimi birləşib. Bizi birləşdirən ümummilli məsələ Qarabağın azad edilməsi idi. Bu məsələ artıq öz həllini tapdı və bu birlik daimi olmalıdır. Milli birlik daimi olmalıdır, çünki Azərbaycanın önəmi artır, dünyada oynadığı rolu artır. Əlbəttə, bizə qarşı bundan sonra da ideoloji təxribatlar nəinki istisna deyil, bunlar qaçılmazdır və biz bunu demək olar ki, gündəlik həyatda görürük”.
2024-cü il fevralın 14-də Azərbaycan elə bir tarixi möhtəşəm hadisəni yaşadı ki, onun əhəmiyyətinin sonadək dərk edilməsi uzun illər davam edəcək. Çünki həmin gün Prezident İlham Əliyevin andiçmə mərasimi ölkənin davamlı inkişafında yeni tarixi mərhələyə keçidin ritmini və miqyasını nümayiş etdirdi. Bu, dövlətçilik və tarixilik baxımından adi hadisə deyil, müstəqil Azərbaycan dövlətinin həyatında daha yüksək mərhələnin başlanmasının anonsu oldu.
Tahir Aydınoğlu,
Nəsimi rayon İcra Hakimiyyəti
yanında İctimai Şuranın üzvü