Azərbaycan xalqı mərd xalqdır, tarix boyu öz torpağı və azadlığı uğrunda düşmənə qarşı şərəflə, ləyaqətlə mübarizə aparan xalq olmuşdur. Torpaq bizim üçün milli şərəf məsələsidir. Əsrlər boyu Azərbaycan torpaqları müxtəlif ölkələr tərəfindən işğala məruz qalmış, lakin heç bir zaman Azərbaycan xalqı parçalanmamış əksinə daha da sıx birləşmiş və daim düşmənə qalib gəlmək üçün milli birlik, həmrəylik göstərmişdir.

Ulu Öndər Heydər Əliyev siyasətinin layiqli davamçısı Ali Baş Komandan İlham Əliyev  2003-cü ildə ilk dəfə olaraq Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. Qarşısında duran bütün çətinliklərin öhdəsindən layiqincə gələn, həm daxili, həm də xarici siyasətdə uğurlar qazanan əsl siyasi lider İlham Əliyevin həm də yerinə yetirməli olduğu ata vəsiyyəti var idi. Son 30 ildə isə Azərbaycan mənfur düşmən Ermənistan ilə mübarizə aparır, bu mübarizə haqq, ədalətin Qələbəsi ilə başa çatır! Qələbənin qazanılmasında Azərbaycan xalqı birlik göstərərək öz tarixi torpaqlarına qovuşur. Hamı bir nəfər kimi bir yumruq altında birləşir – Azərbaycan Respublikasının Ali Baş Komandanı, Azərbaycan xalqı və Azərbaycandan kənarda yaşayan bütün soydaşlarımız, bütün azərbaycanlılar!

30 il həsrətlə gözlədiyimiz Zəfər günü. 8 noyabr. İllərlə ürəyimizin sağalmaz yarası olan, hər daşında neçə-neçə ağrı-acı yaşanan Vətən torpağı.

Torpaq üzərinə axan qanları ilə Vətənin hər bir parçasını düşmən tapdağından azad etdilər. Şanlı bayrağımızı azad etdikləri zirvələrdə ucaltdılar.

Milli qəhrəman Polad Həşimovun qəhrəmanlığı, Xudayarın Vətən nəğməsi, qadın şəhid Arəstə Baxışovanın mərdliyi heç vaxt unudulmayacaq.

Prezident İlham Əliyev öz çıxışında polkovnik İlqar Mirzəyev və general-mayor Polad Həşimov haqqında “Biz fəxr edirik ki, Azərbaycan xalqı, Azərbaycan torpağı belə övladlar yetişdirib” demişdi.

Xaricdə yaşayan soydaşlarımız müharibə başladığı andan çox narahat idilər, belə bir zamanda vətəndə olmaq istəyirdilər, bildirirdilər ki, lazım gələrsə Ali Baş Komandanımız İlham Əliyevin əmri ilə vətənin müdafiəsinə qalxmağa, döyüşlərdə iştirak etməyə hər an hazırdırlar. Xaricdə yaşayan hər bir soydaşımız bu müharibədə Ermənistanın təxribatçı hərəkətlərinin, eləcə də Azərbaycanın haqlı mövqeyinin dünyaya çatdırılmasında, yaşadıqları ölkələrin ictimaiyyətinin doğru məlumatlandırılmasında fəallıq göstərmiş, cəbhədə baş verənlərlə bağlı doğru məlumatların yayılmasında yaxından iştirak etmişlər. İkinci Qarabağ müharibəsi ərzində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xalqa müraciətləri, cəbhə boyu qazanılmış uğurlar, torpaqlarımızın geri qaytarılması xəbərləri anbaan xaricdə yaşayan soydaşlarımız tərəfindən izlənilirdi və onlar da sosial media üzərindən Azərbaycan dövlətinə və Azərbaycan ordusuna dəstək göstərir, informasiya mübarizəsində, həqiqətlərin beynəlxalq səviyyədə çatdırılmasında fəal iştirak edir və işğal olunmuş Azərbaycan torpaqlarının azad olunmasını tələb edirdilər. Bir azərbaycanlı kimi hər birimizi ruhlandıran və bu müharibədə daha da sıx birləşməyə təkan verən amil isə Cənab Ali Baş Komandanın müharibənin başlanğıcında xalqa müraciətində söylədiyi “Bu işğala son qoyulmalıdır və qoyulacaq! Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!” –sözləri oldu!

İlk dəstək Türkiyədəki azərbaycanlılardan gəldi. Türkiyənin bir neçə şəhərində müharibə başlayan ilk günlərdə bütün azərbaycanlılar ayağa qalxdı, mitinqlər təşkil etdi, öz haqq səslərini dünyaya çatdırırdılar. Mitinqlərin birində söylənilən şüar diqqəti çəkdi: “30 ilə yaxındır ki, Azərbaycan ərazilərini işğal edən Ermənistan Xocalıda yüzlərlə insanı qətlə yetirib. Biz Cənubi Qafqazda günahsız insanları qətlə yetirməyə qanlı möhür vuran, beynəlxalq hüquqa məhəl qoymayan, havadarlarından aldığı dəstəklə müharibə oyunları axtarışında olan Ermənistanı kəskin şəkildə qınayırıq…Bütün soydaşlarımız Azərbaycanın yanındadır, Səninləyik Azərbaycan! Azərbaycan dövlət başçısının dediyi kimi, şəhidlərimizin qanı yerdə qalmayacaq!”   Beləliklə İkinci Qarabağ Müharibəsində bütün dünya azərbaycanlıları ayağa qalxdı, Azərbaycanı tanımayan ölkələr belə onun necə mərd, qəhrəman bir ölkə olduğunu gördü, demək olar ki, dünyanın elə bir ölkəsi olmadı ki, orada Azərbaycanın üçrəngli bayrağı dalğalandırılmasın.

Ali Baş Komandan İlham Əliyev qələbə münasibətilə qeyd etmişdir: “Bu bizim hər

birimizin həyatında xoşbəxt anlardır. İkinci Qarabağ Müharibəsi tarixdə Azərbaycanın şanlı

qələbəsi kimi qalacaq! Qələbənin qazanılmasında bütün xalqımız birlik, həmrəylik göstərdi.

Xalqımızın birliyi bizə imkan verəcək ki, işğaldan azad edilmiş torpaqlara yenidən həyat

qaytaraq. Qarabağ yenidən doğulacaq, canlanacaq, dirçələcək, Qarabağ əsl cənnət məkanına çevriləcək!”

Artıq hər bir azərbaycanlı ürəkdən “Mən fəxr edirəm ki, azərbaycanlıyam!” deyə biləcək. Azərbaycan xalqı öz siyasi liderinə olan inam və etibarını 07.02.2024-cü ildə keçirilən prezident seçkisində İlham Əliyevi yenidən Azərbaycan Respublikasının Prezidenti seçərək  bir daha sübut etdi. Yaşasın Azərbaycan! Yaşasın şanlı, qüdrətli Azərbaycan ordusu! Yaşasın Ali Baş Komandan!

 

 

Sevda Məmmədova

 Nəsimi rayon təhsil işçisi