7 fevral 2024-cü ildə keçirilmiş növbədənkənar Prezident seçkiləri Zəfər seçkisi idi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa verdiyi sözə tam əməl etdi. Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etdi, üçrəngli bayrağımızı Xankəndində, Şuşada, Xocalıda, Laçında, Kəlbəcərdə, Cəbrayılda, Zəngilanda, Füzulidə və digər rayonlarda şərəflə dalğalandırdı.
Seçkilər bir dövrə yekun vurdu. Suverenliyimiz tam bərpa olundu. 2023-cü ilin sentyabr ayında biz elə bir dövrə yekun vurmuşuq ki, bu, epoxal bir hadisədir. Yəni, Azərbaycanın çoxəsrlik tarixində buna oxşar Zəfər olmamışdır. Bütün amilləri – siyasi, hərbi və 30 illik işğalı, ərazinin relyefini, müdafiə xətlərinin çox olmasını nəzərə alsaq bu, xalqımızın, dövlətimizin ən parlaq Qələbəsidir. 30 il ərzində işğal altında olmuş ərazilərin işğaldan azad edilməsi və suverenliyi tam bərpa etməyimiz yeni dövrün başlanğıcı idi.
İlk dəfə olaraq müstəqil həyatımızda seçkilər ərazilərimizin hər bir yerində keçirilmişdir.
Cənab İlham Əliyevin Prezident kimi fəaliyyətinin 20 ilinin tamamlanması bir dövrdür. 20 ildən sonra yenidən prezident seçkilərinin keçirilməsi təbii ki, bu xronoloji dövrü də əsaslandırmış olur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Xankəndi şəhərində 122 saylı seçki dairəsinin 14 saylı seçki məntəqəsində səs vermişdir.
Fevralın 11-i Mərkəzi Seçki Komissiyası “2024-cü il fevralın 7-də keçirilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinə yekun vurulması və Mərkəzi Seçki Komissiyasının seçkilərin nəticələrinə dair protokolunun müvafiq sənədlərlə birlikdə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə təqdim edilməsi haqqında” Qərar qəbul etmişdir. Fevralın 13-ü Konstitusiya Məhkəməsi Prezident seçkilərinə dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının protokolunda əks olunmuş nəticələri təsdiq etmiş və Azərbaycan Respublikasının Prezidentliyinə namizəd Əliyev İlham Heydər oğlunun Azərbaycan Respublikasının Prezidenti seçildiyini elan etmişdir.
Seçkilərin demokratik mühitdə keçirilməsini və rəsmi nəticələrin məhz ümummilli iradəni əks etdirdiyini təsbit edən statistika belə olmuşdur: Prezident seçkilərində seçici fəallığı – 76,43 faiz.
Əliyev İlham Heydər oğlunun lehinə verilmiş səslər – 4 milyon 567 min 458 səs (92,12 faiz).
Fevralın 14-də Prezident əlini Azərbaycan Respublikası Konstitusiyasının üzərinə qoyaraq və müqəddəs “Qurani-Şərif”ə əl basaraq and içdi və dərin məzmunlu çıxış etdi. Öncə söylədi ki, 2003-cü ildə verdiyim bütün vədlər yerinə yetirildi. Əldə edilmiş bütün nailiyyətlərin mənbəyi Azərbaycan xalqıdır, onun mənə göstərdiyi inam və onun vahid amal ətrafında birləşmə bacarığıdır. Biz doğrudan da bütün dünyaya sübut etmişik ki, böyük xalqıq, biz öz taleyimizi özümüz həll edirik, ölkə qarşısında duran problemləri özümüz heç kimin köməyi olmadan həll edirik və əsaslı şəkildə həll edirik.
Cənab İlham Əliyev sonra Ermənistan-Azərbaycan münaqişəsinə toxundu. Dedi ki, bu münaqişə yalnız və yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalı idi. Heç vaxt Azərbaycan xalqı öz ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək. Azərbaycan xalqı bir yumruq kimi birləşərək Vətən müharibəsi nəticəsində torpaqlarımızın böyük hissəsini azad etmişdir. 300-dən çox şəhər və kənd azad olunmuşdur, o cümlədən bizim mədəniyyət paytaxtımız Şuşa şəhəri işğalçılardan azad edilmişdir. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Biz onların və on minlərlə Azərbaycan gəncinin şücaəti, fədakarlığı, qəhrəmanlığı sayəsində bu gün azad Qarabağda yaşayırıq, qururuq, ərazi bütövlüyümüzü bərpa edən, öz ləyaqətini bərpa edən xalq kimi qururuq, yaradırıq, şəhər və kəndlərimizi yenidən qururuq.
Əgər Ermənistan və onun rəhbərliyi, onun arxasında dayanan qüvvələr beynəlxalq hüquqa, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə əməl etsəydilər. Əgər böyük dövlətlər Ermənistana onun işğalçılıq siyasətinə görə sanksiyalar tətbiq etsəydilər, heç olmasa, onların işğalçılıq siyasətini pisləsəydilər, bəlkə də müharibəyə ehtiyac qalmazdı. Əfsuslar olsun ki, bütün çağırış və xəbərdarlıqlarımız havada qaldı. Sanki kimsə hesab edirdi ki, Azərbaycan xalqı bu işğalla barışmalı olacaq. Biz isə döyüş meydanında göstərdik ki, nəyə qadirik. Biz döyüş meydanında cəmi 44 gün ərzində Ermənistan ordusunu tamamilə darmadağın etmişdik.
Prezident həmçinin əlavə etdi ki, Ermənistan ordusunun 12 mindən çox fərarisi olmuşdur. Azərbaycan Ordusundan bir nəfər də döyüş meydanını tərk edib qaçmamışdır. Bu, bir daha Azərbaycan xalqının əyilməz ruhunu göstərir. Bir daha göstərir, elə gənc nəsil yetişib ki, Vətən uğrunda, torpaq uğrunda, milli ləyaqət uğrunda ölümə getməyə hazırdır və ölümə də gedirdilər bizim gənclərimiz. Xalq bir yumruq kimi birləşdi və cəmi 44 gün ərzində bütün tarixi və strateji vəzifələr təmin edildi. Biz bütün dünyada Ermənistanın uzun illər ərzində yaratmağa çalışdığı mifləri darmadağın etdik, erməni ordusunu qorxaq və təslimçi ordu kimi təqdim etdik. Bunu bizim cəsur döyüşçülərimiz qan tökərək, irəliyə gedərək, 5-6 müdafiə xəttini aşaraq sübut etmişlər. Şuşanın azad edilməsi tarixi hadisə olaraq, eyni zamanda, İkinci Qarabağ müharibəsinə son qoydu. Çünki ondan sonra Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur olmuşdur, bizim qarşımızda ağ bayraq qaldırmışdır, təslim olmuşdur və beləliklə, İkinci Qarabağ müharibəsi başa çatdı.
Kapitulyasiya aktında hər şey açıq-aydın göstərilmişdir. Müharibədən keçən dövr ərzində biz öz prinsipial mövqeyimizi bütün məsələlərdə göstərmişdik, həm beynəlxalq vasitəçilik etməyə çalışanlarla, həm Ermənistan tərəfi ilə çoxsaylı görüşlər zamanı bildirilmişdir ki, onların üzərinə götürdükləri bütün öhdəliklər yerinə yetirilməlidir.
Vaxt keçdikcə gördük ki, yenidən bizə qarşı ərazi iddiaları irəli sürülür, onlar yenidən o çirkin əməllərindən əl çəkmək istəmirlər. Biz isə haqlı olaraq tələb edirdik ki, bütün şərtlər və öhdəliklər icra edilməlidir. Ermənistan özü bu öhdəliklərin altında imza atmışdır. Onların arasında, ilk növbədə, qanunsuz silahlı birləşmələrin Azərbaycan ərazisindən çıxarılması və Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasındakı yol bağlantısı öhdəlikləri dururdu və üç il ərzində bu öhdəliklərin yerinə yetirilməsi məsələsi öz həllini tapmamışdır. Üç il ərzində biz yenə də səbir göstərmişdik, biz yeni gərginləşmə vəziyyəti yaratmaq fikrində deyildik və İkinci Qarabağ müharibəsindən antiterror əməliyyatına qədər keçən dövr ərzində bunun bütün xronoloji məqamları bir daha onu göstərir ki, Azərbaycanın mövqeyi ədalətli mövqedir.
Bu gün heç nəyi gizlətmək mümkün deyil. Üç il ərzində nəinki Ermənistan öz silahlı qüvvələrini Qarabağ bölgəsindən çıxarmayıb, hətta əlavə silah-sursat, minalar göndərib, bizə qarşı mina terroru davam edib, daha geniş vüsət almışdır. Ermənistan sanki bütün dünyanı və o cümlədən bizi aldatmağa çalışırdı ki, Ermənistan ordusunun silahlı birləşmələri Qarabağda mövcud deyil, bu, sən demə, hansısa özünümüdafiə qüvvələridir. Bu cəfəng versiyalara inananlar Ermənistan rəhbərliyi ilə birlikdə bütün məsuliyyəti daşıyırlar. Ermənistan mövqeyində təzadlı məqamlar artıq bir qayda kimi müşahidə olunur. Bir tərəfdən Azərbaycanın ərazi bütövlüyünü rəsmən tanıyan və 2022-ci ilin oktyabr ayında bunu bəyan edən dövlət, digər tərəfdən bizə qarşı ərazi iddialarından əl çəkmirdi. Bunu görmək istəməyənlər, bu gün Ermənistanın arxasında durmağa çalışanlar bilməlidirlər ki, heç nəyi gizlədə bilməyəcəklər.
Azərbaycan xalqı hər şeyi bilir və hər şeyi yadda saxlayır. Bizim ərazi bütövlüyümüz tam bərpa olunmalı idi və biz İkinci Qarabağ müharibəsindən sonra bu məqsədə doğru məqsədyönlü şəkildə addımlayırdıq. Hər bir addımımızın məntiqi mənası var idi, hər bir addım əvvəlki addımın məntiqi davamı idi, istər Laçın-Xankəndi yolu ilə əlaqədar, istər antiterror əməliyyatının keçirilməsi ilə əlaqədar.
Sentyabr ayında keçirilmiş antiterror əməliyyatı bir daha Silahlı Qüvvələrimizin gücünü göstərdi. Cəmi bir neçə saat ərzində Ermənistan ordusunun təxminən 15 minlik ekspedisiya korpusu tamamilə iflic vəziyyətinə salınmışdır və onlar ikinci dəfə kapitulyasiya aktına imza atmağa məcbur olmuşlar. Bununla da Azərbaycan ərazisində separatizmin kökü kəsildi. Bununla da Azərbaycan həm öz ərazi bütövlüyünü, həm də dövlət suverenliyini tam bərpa etdi.
Ölkə başçısı diqqətə çatdırdı ki, bu prezident seçkilərinin əsas əlaməti, xüsusiyyəti və önəmi ondadır ki, müstəqillik dövründə ilk dəfə idi ki, seçkilər ölkəmizin bütün ərazilərində keçirilmişdir. Məhz Xankəndidə hələ 1980-ci illərin sonlarında xalqımıza qarşı qanlı cinayətlər başlamışdır. Məhz Xankəndidə xalqımıza qarşı soyqırımı planlaşdırılırdı və oradan idarə olunurdu. Məhz Xankəndidə erməni millətçiləri və ondan sonra Ermənistan dövləti bizə qarşı ərazi iddialarını irəli sürmüşdü. Otuz il bizim tarixi yerimizi, Pənahəli xan tərəfindən salınan şəhəri qanunsuz zəbt edən şeytanlar məhz orada da öz süqutunu özləri təsdiq etmişlər. Xankəndidə verilən səs, qutuya atılan bülleten, sadəcə olaraq, bülleten deyildi. Bu, erməni separatçılarının tabutuna vurulan son mismar idi.
Cənab Prezident eyni zamanda əlavə etdi ki, yeni dövr başlayır. Biz bu dövrə alnımız açıq, üzümüz ağ, başımız dik daxil oluruq. Bu dövrün böyük nailiyyətləri olacaq. Çünki son illərin tarixi onu göstərir ki, qarşıya qoyduğumuz bütün vəzifələr icra edildi. Azərbaycan cəmiyyətində hökm sürən çox müsbət ab-hava bizi daha da gücləndirir. Güclü Azərbaycan bizim həmişə hədəfimiz olub. Əgər güclü Azərbaycan qurmasaydıq, əgər kimdənsə istər siyasi, istər iqtisadi sahədə asılı olmuş olsaydıq, heç vaxt biz ərazi bütövlüyümüzü bərpa edə bilməzdik. Yeni dövrə qədəm qoyarkən böyük ümidlərlə yaşayırıq. Bütün Azərbaycan xalqı böyük ümidlərlə yaşayır və biz, əlbəttə, elə işləməliyik, elə addımlar atmalıyıq ki, bu ümidlər çin olsun.
Növbəti illərdə qarşıda duran əsas vəzifələrə toxunan cənab İlham Əliyev söylədi ki, Silahlı Qüvvələrimiz daha da gücləndirilməlidir. İkinci Qarabağ müharibəsindən sonra bu istiqamətdə çox böyük addımlar atıldı. Bu gün Azərbaycan Ordusu 2020-ci ildəkindən daha güclüdür və cəmi bir neçə saat davam edən antiterror əməliyyatı bunun bariz nümunəsidir. Silahlı Qüvvələrimizin gələcək inkişafı ilə bağlı lazımi addımlar atılır, lazımi silah-sursat, texnika alınır, yeni silahlı birləşmələr yaradılır. Xüsusi Təyinatlı Qüvvələrin sayı bir neçə dəfə artırılıb, yeni yaradılmış “Komando” silahlı birləşmələrində hərbçilərin sayı minlərlə ölçülür və bu proses davam edir. Biz elə Ordu yaratmışıq ki, – bundan sonra da bu işlər davam edəcək. Heç kim bizə sataşa bilməz və gələcəkdə də belə bir fikirdə ola bilməz.
Bizim dövlət büdcəmizdə bu gün də ən böyük xərclər hərbi xərclərdir və hərbi xərclərlə bərabər, Qarabağ və Şərqi Zəngəzurun bərpasıdır. Biz çox güclü hərbi sənaye kompleksi yaradırıq, artıq bunun birinci mərhələsi başa çatdı. İkinci mərhələsi daha genişmiqyaslı olacaq. Təkcə bu il bu məqsədlər üçün həm özəl, həm dövlət müəssisələri tərəfindən ən azı bir milyard manat sərmayə qoyulacaq və biz özümüzü bundan sonra daha böyük həcmdə silah-sursatla, texnika ilə təmin edəcəyik, daha böyük həcmdə ixrac edəcəyik və böyük dərəcədə xarici asılılıqdan canımızı qurtaracağıq.
Ermənistan və ona hərbi cəhətdən dəstək verənlər bilməlidirlər ki, bizi heç nə dayandıra bilməz. Əgər bizə qarşı ərazi iddialarına son qoyulmazsa, əgər Ermənistan öz qanunvericiliyini normal qaydaya salmazsa, təbii ki, sülh müqaviləsi olmayacaq.
Sərhədlərimizi daha da güclü qorumalıyıq. Bu istiqamətdə də önəmli addımlar atılmışdır. Sərhəd infrastrukturunun qurulması xüsusi əhəmiyyət daşıyır və biz burada da ən müasir üsullardan istifadə edirik və edəcəyik. Sərhədimiz elə möhkəm bağlı olmalıdır ki, bir quş belə uça bilməsin.
İdeoloji risklər sərhəd tanımır, xüsusilə indiki şəraitdə. Ona görə burada əsas vəzifə gənc nəslin vətənpərvərlik ruhunda, milli ənənələr ruhunda tərbiyə olunmasıdır. Bu məsələyə çox ciddi yanaşmalıyıq. Gənc nəslin tərbiyə edilməsi bizim gələcəyimizin təmin edilməsi deməkdir.
Bu gün Azərbaycan xalqı bir yumruq kimi birləşib. Bizi birləşdirən ümummilli məsələ Qarabağın azad edilməsi idi. Bu məsələ artıq öz həllini tapdı və bu birlik daimi olmalıdır. Milli birlik daimi olmalıdır, çünki Azərbaycanın önəmi artır, dünyada oynadığı rolu artır.
Elə bir gənc nəsil yetişdirməliyik ki, onlar daim milli ənənələrə, milli-mənəvi dəyərlərə sadiq olsunlar, onların beyinləri saf olsun. Heç kim onların beyinlərini zəhərləmək istəyəndə uğura nail olmasın və burada, əlbəttə ki, ilk növbədə, ailə tərbiyəsi ön plana çıxır.
Milli-mənəvi dəyərlər bizim cəmiyyətimizin əsasıdır və bu, sarsılmaz varlıqdır, sarsılmaz dəyərdir və bunu sarsılmaz etmək bizim əlimizdədir. Çünki burada hər hansı bir kənar qüvvə öz çirkin niyyətlərinə çatsa, o zaman bizim ciddi problemlərimiz olacaq. Ona görə gənclərimizin milli ruhda tərbiyə edilməsi, ənənəvi dəyərlər əsasında tərbiyə edilməsi, dırnaqarası mütərəqqi və yad dəyərlərin tamamilə cəmiyyətimizdən silinməsi – bu vəzifə bizim hamımızın qarşısında durur, hər bir ailə qarşısında durur və dövlət qarşısında durur.
Önəmli amil. seçkilərdə göstərilən həmrəylik cəmiyyətimizi bir qaya kimi möhkəmləndirir və belə olan halda heç bir kənar qüvvə bizə qarşı heç bir məkrli plan həyata keçirə bilməz.
Azərbaycançılıq ideologiyası, azərbaycançılıq prinsipləri Azərbaycanda çoxdan bərqərar olub. Ulu Öndər Heydər Əliyevin bizə qoyduğu dəyərli miraslardan biri də məhz azərbaycançılıq məfkurəsidir. Biz – onun davamçıları isə bu müsbət meylləri öz tərəfimizdən daha da gücləndiririk. Azərbaycanda yaşayan bütün xalqlar vahid, mehriban ailə kimi yaşayır. Bizim birliyimizi pozmaq istəyənlər nə qədər cəhd göstərsələr də buna nail ola bilməyiblər və heç vaxt nail ola bilməyəcəklər. Çünki biz hamımız bir amal uğrunda birləşmişik.
Prezident digər önəmli vəzifədən – Qarabağ və Şərqi Zəngəzurun bərpas;ndan danışdı: Görülən işlər azad edilmiş torpaqlara gələn hər bir qərəzsiz xarici qonağı valeh edir. Çünki bu dərəcədə dağıntılardan sonra bu sürətlə bərpa işlərinin aparılması, yəqin ki, tarixdə görünməmiş bir hadisədir.
Keçmiş köçkünlərin öz dədə-baba torpaqlarına qaytarılması prosesi uğurla gedir. Bu günə qədər təxminən 5400 keçmiş köçkün artıq beş yaşayış məntəqəsinə göndərilib, orada yerləşdirilib və bu il ən azı 20 yaşayış məntəqəsinə keçmiş köçkünlər qayıdacaq. Bizim planımız azad edilmiş torpaqlarda ilin sonuna qədər 5 şəhərə və 15 kəndə 20 min keçmiş köçkünü yerləşdirməkdir. Yüzdən çox şəhərin və kəndin baş planları hazırlanıb, təsdiqlənib. Bir çox şəhər və kəndlərdə artıq inşaat işləri başlamışdır. Biz Böyük Qayıdış proqramının birinci mərhələsini 2026-cı ilin sonunda başa çatdıracağıq və o vaxt 140 min köçkün öz dədə-baba torpaqlarına qayıdacaq. Bütün sosial infrastruktur inşa edilir. Xəstəxanalar, məktəblər, idman obyektləri, infrastruktur obyektləri, yollar, 130-dan çox tunel və körpü, – 40 tunel və 90 körpü, – inşa edilir. Yəni, bu, sadəcə olaraq işin miqyasını göstərir, bütün elektrik təsərrüfatı yenidən qurulub, dəmir yolları çəkilir, iki beynəlxalq hava limanı açılıb, üçüncüsü də Laçında açılacaq.
Bundan əlavə, ölkə başçısı qeyd etdi ki, bu gün heç kimdən asılı olmayan Azərbaycan inamla, uğurla inkişaf edir, öz xarici siyasətini də buna uyğun şəkildə aparır. Bu ilin yanvar ayının nəticələri ümidvericidir. Ümumi daxili məhsul 5 faiz, qeyri-neft sektoru isə 12 faizdən çox artıb. 2003-cü ildə bizim ümumi daxili məhsulumuz 7 milyard dollar idi, keçən ilin yekunlarına görə isə bu rəqəm 72 milyard dollardır. Yəni, bu, 20 ildə iqtisadiyyatımızın inkişafının əsas göstəricisidir. Bizim 2003-cü ildə valyuta ehtiyatlarımız 1,6 milyard dollar idisə, bu gün bu, artıq 69,5 milyard dollardır və biz bu 20 il ərzində görün öz valyuta ehtiyatlarımızı nə qədər artırmışıq. Bu, bizə iqtisadi və maliyyə müstəqilliyi verən əsas amillərdən biridir. Aparılan siyasət nəticəsində birbaşa xarici borcumuz 6,4 milyard dollara düşüb, bu da ümumi daxili məhsulumuzun cəmi 9 faizini, ondan da az təşkil edir. İnkişaf etmiş ölkələrdə bu rəqəm 100 faiz, bəlkə də 140 faiz təşkil edir, bizdə isə 9 faizdən az. Bütün bunlar bizim sağlam maliyyə sistemimizin göstəriciləridir və bu, bizə imkan verir ki, biz müstəqil siyasət aparaq.
Sosial sahədə görülmüş işlər göz qabağındadır. 2003-cü ildə bizim minimum əməkhaqqı 9 manat idi. İndi 345 manatdır. Əlbəttə ki, bu da yetərli deyil, ancaq dinamika var və dinamika davam edəcək. Minimum pensiya 2003-cü ildə 20 manat idi. Bu gün 280 manata çatıb. Orta pensiya 500 manatdan çoxdur. Orta əməkhaqqı 940 manatdır. Əlbəttə ki, yenə də deyirəm, bu, bizi qane edə bilməz. Ancaq dinamika var, inkişaf var və ən önəmlisi, gözəl perspektivlər var. Bu gün iqtisadi sahədə aparılan islahatlar artıq Azərbaycanda tamamilə yeni bir investisiya iqlimi yaratmışdır.
Sosial sahədə vacib məsələlərdən biri şəhid ailələrinin və müharibə əlillərinin sosial müdafiəsidir. Bu kateqoriyadan olan insanlara dövlət tərəfindən 14 min 800 fərdi ev və ya mənzil verilmişdir. Bu kateqoriyadan olan insanların 100 faiz evlərlə təmin edilməsi prosesi sürətlə gedir, o cümlədən bu il və gələn il bu işlər görüləcək.
Cənab İlham Əliyev xüsusilə nəzərə çatdırdı ki, vacib vəzifələrdən biri texnoloji inkişafımızdır. Bu gün istər sənaye inkişafı sahəsində, istər hərbi sənaye kompleksi sahəsində və ümumiyyətlə, hərbi sahədə texnoloji inkişaf və üstünlük böyük əhəmiyyət daşıyır. İkinci Qarabağ müharibəsi zamanı, antiterror əməliyyatı zamanı hər kəs bunu gördü.
Biz texniki vasitələr hesabına İkinci Qarabağ müharibəsindən minimum itkilərlə çıxmışıq. Ona görə texnoloji inkişafla bağlı hədəflər müəyyən edildi, bütün aidiyyəti qurumlara tapşırıqlar verildi və bu iş əlbəttə ki, böyük bir səfərbərlik tələb edən işdir. Sadəcə olaraq, dövlət siyasəti burada yetərli deyil. Biz əlbəttə ki, yeni texnologiyaları alırıq, texnoloji inkişafa böyük dəstək veririk, ancaq burada vacib məsələlərdən biri kadr hazırlığıdır.
Vacib vəzifələrdən biri bərpaolunan enerji ilə bağlıdır. Burada da biz ön sıralardayıq, artıq işlərə start verildi. Bizim planlarımıza görə 2030-cu ilin sonuna qədər Azərbaycanda 5 min meqavata yaxın bərpaolunan enerji növləri, yeni enerji növləri yaradılmalıdır, əsasən günəş, külək və hidro – su elektrik stansiyaları. Niyyət protokolları isə daha böyük rəqəm haqqında bəhs edir, təqribən 10 min meqavat. Beləliklə, biz böyük həcmdə təbii qazımızı ixrac edə biləcəyik, ona qənaət olunacaq. Elektrik enerjisinin böyük hissəsi bərpaolunan enerji hesabına istehsal ediləcək.
Azərbaycan bu il COP29-a – dünya miqyasında ən böyük beynəlxalq konfransa ev sahibliyi edəcəkdir. Ona görə bərpaolunan enerji növləri ilə bağlı bizim hədəflərimiz aydındır.
Azərbaycan artıq səkkiz ölkəyə təbii qaz ixrac edir. Tələbat daha böyükdür, ilk növbədə, təbii ki, Avropa İttifaqı məkanından. Bizdən xahiş edənlərin sayı artır ki, biz kömək edək. Biz etibarlı tərəfdaş kimi həmişə ehtiyacı olanlara kömək etməyə hazırıq və bu köməyi göstəririk, bu da qiymətləndirilir. Gələcəkdə bizim ixrac coğrafiyamız artacaq. Bu yaxınlarda bizim yeni resurs bazamız işə salınıb. “Şahdəniz” yatağından sonra ikinci resurs bazamız “Abşeron” qaz-kondensat yatağından ilk qaz çıxarılıb və yəqin ki, biz yaxın gələcəkdə bu yatağın işlənilməsinin ikinci mərhələsinə də başlayacağıq. Gələn il “Azəri-Çıraq-Günəşli” yatağının dərin laylarından qaz hasilatı nəzərdə tutulur. Bu da bizim resurs bazamızı artıracaq. Ondan başqa, “Ümid”, “Babək”, “Şəfəq”, “Asiman”, “Qarabağ” neft və qaz-kondensat yataqlarından hasilata başlamaq üçün bir çox xarici investorlar tərəfindən təkliflər var.
Nəqliyyat sahəsində işləri davam etdirəcəyik. Bu gün Azərbaycan dünya miqyasında nəqliyyat mərkəzi kimi qəbul edilir. Bizə həm Qərbdən, həm Şərqdən, həm Şimaldan, həm Cənubdan müraciətlər daxil olur. Azərbaycan ərazisində bütün nəqliyyat infrastrukturu işlək vəziyyətdədir. Sadəcə olaraq bəzi dəmir yollarında modernləşdirmə işləri aparılmalıdır və biz bunu da edirik. Dünyadakı geosiyasi vəziyyətin yaxın gələcəkdə dəyişməsi, yəqin ki, mümkün deyil. Belə olan halda bizim nəqliyyat infrastrukturumuza olan ehtiyac daha da artacaq.
Bizim üstünlüyümüz ondan ibarətdir ki, biz vaxtilə bütün lazımi infrastruktur layihələrini icra etmişik. Həm Xəzər dənizində, həm dəmir yolu infrastrukturunda, həm avtomobil yolları, həm dəniz limanı, gəmiqayırma zavodu, hansı ki, bu gün tam gücü ilə işləyir. İlk dəfə olaraq, o zavod işə salınanda sifarişlər onu 100 faiz işlə təmin edib. Səkkiz beynəlxalq aeroportumuz var, doqquzuncu Laçında inşa edilir.
Biz heç kimdən heç nə xahiş etmirik. Çünki buna ehtiyac da olmayıb. Biz özümüzü tam təmin edən ölkəyik.
Güclü iqtisadiyyat, güclü ordu, daxili sabitlik, xalq-iqtidar birliyi xarici siyasətimizin əsas amilləridir. Çünki xarici siyasət daxili siyasətin davamıdır. Ona görə bundan sonra da xarici siyasətimiz çox aydın olacaq, açıq olacaq və bu gün dünya ictimaiyyəti bizim siyasətimizi bəyənir və dəstəkləyir. Əgər belə olmasaydı, 155 ölkə bizi BMT Təhlükəsizlik Şurasına üzv seçməzdi. Əgər belə olmasaydı, 120 ölkə bizi Qoşulmama Hərəkatına sədr seçməzdi. Əgər belə olmasaydı, dünya birliyi COP29 Konfransının Azərbaycanda keçirilməsi ilə bağlı qərar qəbul etməzdi.
Beynəlxalq ictimaiyyət bizim tərəfimizdədir və İkinci Qarabağ müharibəsi zamanı, antiterror əməliyyatı zamanı beynəlxalq ictimaiyyət bizi dəstəkləmişdir. Bu gün Azərbaycanın beynəlxalq nüfuzu heç kimə sirr deyil.
Bizim ailəmiz Türk dünyasıdır. Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik. Bu, bizim üçün prioritetdir. İndi aparılan siyasət də hər kəsə bunu aydın göstərir. Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur.
Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələrlə qardaşlıq münasibətlərimiz var və bizim siyasətimiz Türk Dövlətləri Təşkilatını gücləndirməkdir. Bu, böyük coğrafiyadır, böyük ərazidir, böyük hərbi gücdür, böyük iqtisadiyyatdır, təbii sərvətlərdir, nəqliyyat yollarıdır, gənc əhalidir, artan əhalidir və bir soydan, kökdən olan xalqlardır. Biz müştərək səylərlə elə etməliyik ki, Türk Dövlətləri Təşkilatı qlobal arenada önəmli aktora və güc mərkəzinə çevrilsin. Buna biz ancaq birlikdə nail ola bilərik.
İslam Əməkdaşlıq Təşkilatı həmişə – həm işğal dövründə, həm işğaldan sonra, həm də İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı zamanı və ondan sonra Azərbaycanın yanında olub. Azərbaycan bu təşkilatın dəyərli üzvüdür. Azərbaycanda müsəlman dininə və bütün dinlərə olan münasibət bu təşkilat tərəfindən yüksək qiymətləndirilir. Bu təşkilat bütün müsəlman ölkələrini birləşdirir. Əlbəttə ki, bu təşkilatda bizim təşəbbüslərimizin qəbul edilməsi və dəstəklənməsi xüsusi məna daşıyır.
Yeni dövrdə xarici siyasət istiqamətində yeni üfüqlər açmalıyıq. Əgər əvvəlki dövrdə bizim xarici siyasətimizin əsas istiqaməti Ermənistan-Azərbaycan münaqişəsinin həlli idisə, bu gün artıq bu məsələ demək olar ki, gündəlikdə durmur. Ona görə xarici siyasətimizin yeni istiqamətləri üstünlük təşkil etməlidir. Biz dünyanı narahat edən problemlərin həllində daha fəal olacağıq, o cümlədən iqlim dəyişikliyi ilə əlaqədar. Nəzərə alsaq ki, COP29-un ev sahibi və sədri olacağıq, eyni zamanda, dünyada islamofobiyaya qarşı mübarizədə ön sıralarda olmalıyıq. Neokolonializmə qarşı mübarizə aparan ölkələrin yanında olmalıyıq. Neokolonializmi və o eybəcər tarixdən qalan amili Yer üzündən tamamilə silmək üçün öz dəstəyimizi göstəririk və göstərəcəyik.
Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi beynəlxalq gündəlikdən düşməlidir. Çünki yerindən duran bu məsələ ilə məşğul olmaq istəyir. Biz öz məsələmizi həll etmişik. Biz bu gün Ağdamdayıq, Füzulidəyik, Laçındayıq, Cəbrayıldayıq, Zəngilandayıq, Qubadlıdayıq, Kəlbəcərdəyik, Şuşadayıq, Hadrutdayıq, Xocalıdayıq, Ağdərədəyik, Əsgərandayıq, Xankəndidəyik!
Ayşən Lemberanskaya
Nəsimi rayonu 1 nömrəli
Uşaq Poliklinikasının baş həkimi