ZƏFƏR SEÇKİSİ

16 Fevral 2024, 15:49

2024-cü il fevralın 7-də Azərbaycanda keçirilən Prezident seçkiləri ölkəmizin tarixinə mühüm hadisə kimi düşdü. Azərbaycan vətəndaşları bütöv, suveren və azad torpaqlarında öz səslərini İlham Əliyevə verdilər. Seçicilərin böyük əksəriyyətinin səs çoxluğu ilə qalib gələn Qalib Xalqın Qalib Lideri növbəti 7 il müddətinə Prezident seçildi. Əslində, Azərbaycan xalqı son iyirmi ildə qazanılan böyük nailiyyətlərə, sürətli inkişafa və qazanılan uğurların davam etdirilməsinə səs verdi. Ötən dövr ərzində Azərbaycan dövlətinin siyasi və iqtisadi müstəqilliyi daha da möhkəmləndi, ölkəmizin dünyadakı nüfuzu artdı. Dövlətimizin başçısının uğurlu fəaliyyət modeli bütün dünyanın qabaqcıl ölkələri tərəfindən qəbul olundu. Prezident İlham Əliyev görkəmli dövlət xadimi kimi beynəlxalq miqyasda böyük nüfuz qazandı. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan regionun lider dövlətinə çevrildi. Həyata keçirilən qlobal və regional layihələr ölkəmizin dünyaya inteqrasiyasını sürətləndirdi. Qalib Xalq, Qalib Dövlət, Qalib Lider vəhdəti müasir müstəqil Azərbaycanın devizinə çevrildi. Prezident İlham Əliyevin həyata keçirdiyi inkişaf konsepsiyasını hər bir azərbaycanlı, hər bir gənc öz həyatında hiss etməyə başladı. Çünki Prezident İlham Əliyevin müəyyənləşdirdiyi dövlət siyasətinin mərkəzində  daim Azərbaycan vətəndaşı və xüsusilə Azərbaycan gəncliyi prioritetlik təşkil edib.

Prezident seçkiləri Azərbaycan xalqının iradəsini tam şəkildə əks etdirmişdir. Seçkilər şəffaf, ədalətli, azad şəkildə keçirilmişdir və seçkilərin nəticələri Azərbaycan xalqının Vətən müharibəsinə verdiyi qiymətin ən böyük təcəssümüdür. Beləliklə, Azərbaycan xalqı son otuz il ərzində görülmüş işlərə öz yüksək qiymətini vermişdir.

İlk dəfə prezident vəzifəsinə seçiləndə ölkə başçısı “Əgər xalq mənə etimad göstərərsə, mən ulu öndər Heydər Əliyev siyasətinə sadiq qalacağam.” fikirlərini səsləndirdi. Böyük fəxarət hissi ilə Azərbaycan gəncləri olaraq bildirə bilərik ki, 20 il ərzində qarşıda duran bütün vəzifələr Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla icra edildi.

Keçirilən Prezident seçkilərində Azərbaycan xalqının mütləq əksəriyyətinin öz səsini bu siyasətə verməsi bir daha onu göstərdi ki, həyata keçirilən bütün fəaliyyətlər Azərbaycan xalqının rifahının inkişaf təzahürüdür. Azərbaycan xalqı görülmüş işlərə öz qiymətini, öz səsini verdi.

Təhlükəsizlik, sabitlik olmadan heç bir inkişafdan söhbət gedə bilməzdi. Ona görə Ölkə başçısının hakimiyyətdə olduğu bütün dövrlər ərzində bütün istiqamətlər üzrə aparılan islahatlar, irəli sürülmüş təşəbbüslər ölkəmizi daha da gücləndirmişdir və beləliklə, Azərbaycanın inamlı inkişaf dinamikası saxlanılmışdır.

 

Bu zaman kəsiyində Azərbaycanda ictimai-siyasi proseslər müsbət istiqamətdə getmişdir. Azərbaycan demokratiya yolu ilə uğurla addımlamışdır və seçkilərin nəticələri, seçki prosesinin yüksək səviyyədə keçməsi demokratiyanın təntənəsidir. Azərbaycanda bütün azadlıqlar təmin edilmişdir. Azərbaycanda bütün demokratik proseslər müsbət istiqamətdə getmişdir. Cənab Prezidentin hakimiyyəti dövründə iqtisadi uğurlarla bərabər, siyasi islahatların aparılması da ölkəmizin uğurlu inkişafını şərtləndirmişdir.

44 günlük müharibənin və 23 saatlıq uğurlu antiterror tədbirlərinin nəticəsində müstəqil Azərbaycan dövləti qarşısına qoyduğu bütün məqsədlərə nail olub. 30 illik işğala son qoyulması, suverenliyimizin təmin olunması Azərbaycan xalqının qəlbində gəzdirdiyi müqəddəs istək idi. Bəli, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin liderliyi ilə biz bunu əldə etdik. Azərbaycan cəmiyyəti üçün son dərəcə vacib olan bu amillər vətəndaşlarımızda ruh yüksəkliyinə, dirçəlişə səbəb olmuşdur. Ümumiyyətlə, xalqımız üçün ümummilli ideyalar hər şeydən yuxarıda dayanır. Yenə də Vətən müharibəsi dövrünü yada salaq. Döyüş əməliyyatlarının başladığı ilk saatlardan ölkəmizdə yüksək həmrəylik yaşandı, o cümlədən 50-dək siyasi partiyanın təmsilçiləri birgə bəyanat imzalayaraq Ali Baş Komandanın ətrafında birləşdiklərini bəyan etdilər. Qələbəmiz də məhz Ordumuzun gücü və cəmiyyətimizin sarsılmaz həmrəyliyi nəticəsində əldə olundu.

Ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpasından sonra Azərbaycanda və regionda yeni reallıqlar yaranıb, ölkəmizin inkişafı keyfiyyətcə yeni mərhələyə daxil olub. Növbədənkənar prezident seçkilərinin keçirilməsini də məhz yeni şərait və reallıqlar şərtləndirir. Yaranan reallıqlara uyğun olaraq çağırışlarımız da dəyişib..

Müstəqil Azərbaycanın tarixində ilk olaraq seçkilər bütün ölkə ərazisində keçirilib. Növbədənkənar seçkilər ərazi bütövlüyümüzün və suverenliyimizin təsbitidir.

Azərbaycan dövləti öz inkişafının yeni mərhələsinə qədəm qoyub. Hələ 2018-ci ildə keçirilən Prezident seçkiləri zamanı Azərbaycan Prezidenti bəyan etmişdi ki, qarşımızda duran ən birinci milli prioritet məsələ Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasıdır. 2020-ci ildə Vətən müharibəsində Azərbaycan öz ərazi bütövlüyünü tamamilə bərpa etdi. Bu, özü mühüm bir tarixi hadisə idi. Şübhəsiz ki, ərazi bütövlüyünün bərpa olunmasından sonra qarşımızda duran mühüm milli məqsədlərdən biri də Azərbaycanın hər qarış ərazisində onun suveren hüquqlarını bərpa etməkdən ibarət idi ki, üç il sonra – 2023-cü il sentyabr ayının 19-20 tarixlərində həyata keçirilən antiterror tədbirlərindən sonra Azərbaycan ərazisinin hər qarışında özünün suveren hüquqlarını bərpa etməyi bacardı. Bu, özü-özlüyündə ayrıca bir tarixi hadisə idi. Nəticədə yeni yaranmış reallıqlar Azərbaycan dövləti qarşısında, Azərbaycanın siyasi sistemində yeni vəzifələr və çağırışlar müəyyənləşdirdi ki, bu da ölkəmizdə yeni prezident seçkilərinin keçirilməsilə bağlı ictimai sifarişə çevrilmiş oldu.

7 fevral 2024-cü ildə keçirilən növbədənkənar Prezident seçkilərini Azərbaycan tarixində Zəfər seçkiləri olaraq qalacaqdır!

 

TƏHMASİB İMAMƏLİYEV

Azərbaycan Dövlət Pedaqoji Universiteti

Tələbə Gənclər Təşkilatının sədri