Rusiya Ordusu Ukraynanın Avdeyevka şəhərinin əsas hissəsinə nəzarəti ələ keçirib.
Heftelik.az-ın məlumatına görə, ötən gecə Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırski Ukrayna bölmələrini Avdiyevkadan çıxarmaq qərarına gəldiyini bildirib.
Aleksandr Sırski bildirib ki, taktiki vəziyyətdən çıxış edərək bir qoşunları Avdeyevkadan geri çəkmək qərarına gəliblər: “Məqsədimiz hərbçilərin həyat və sağlamlığını qorumaqdır. Düşmən buranı ələ keçirsə belə, heç bir taktiki üstünlük əldə etməyəcək”.
Rusiya mənbələri isə ötən gün faktiki tam mühasirəyə düşən şəhərdən çıxmağa çalışan Ukrayna Ordusunun bölmələrinin artilleriya və piyadaların hücumu ilə qarşılaşdığını, qarşı tərəfin ciddi itkilər verdiyini yazıb.
Beləliklə, Avdeyevka Koks Kimya Zavodu istisna olmaqla, şəhər artıq Rusiya Ordusunun nəzarətindədir. Avdeyevka Koks Kimya Zavodunda Ukrayna Ordusunun ən döyüşqabiliyyətli hissələrindən sayılan, Azovçulardan təşkil olunan üçüncü hücum briqadası yerləşib. Rusiya Ordusunun növbəti hədəfi yeraltı sığınacaqların olduğu bu möhkəmləndirilmiş müdafiə rayonunu mühasirəyə alaraq nəzarəti təmin etməkdir.
Qeyd edək ki, Avdeyevka Donetsk şəhərindən şəhərinin şimalında, 25 km uzaqlıqda yerləşən kiçik sənaye şəhəri, Ukrayna Ordusunun böyük logistika mərkəzi olub, bir çox yolların qovşağındadır. Ukrayna Ordusu 2014-cü ildən şəhəri böyük müdafiə rayonuna çevirib. Rusiya Ordusunun 2022-ci ilin fevralında Ukraynaya hücumu başlayandan Avdeyevka əsas hədəflərdən olub, keçən ilin payızında isə əsas hədəfə çevrilib.
Ukrayna Ordusu şəhərin Rusiya Ordusunun nəzarətinə keçməməsi üçün ehtiyatlarının səfərbər edib. Ukrayna Ordusunun sabiq komandanı Valeri Zalujnidən fərqli olaraq Prezident Vladimir Zelenski Avdeyevkadan qoşunların çıxarılmasının tərəfdarı olmayıb, Avdeyevkanın Ukraynanın müdafiəsində simvol şəhərlərdən birinə çevirilməsinə çalışıb. Elə bu məqsədlə Vladimir Zelenski də 2023-cü ilin aprelində və dekabrında Avdeyevka olub.
Rusiyanın əsas məqsədi isə Avdeyevkanı nəzarətə almaqla Ukrayna Ordusunun Donetsk şəhərinə hücum, o cümlədən davamlı artilleriya zərbəsi təhlükəsini aradan qaldırmaq olub. Rusiyada Prezident seçkiləri öncəsi Vladimir Putinin seçki kampaniyasında Avdeyevkanın alınmasının əsas uğurlardan biri kimi qabardılacağı da proqnozlaşdırılır.