18 fevral Bakı Musiqi Akademiyası nəzdində Opera Studiyasında Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının Estrada Ansamblının müşayiəti ilə Filarmoniyanın solistləri SSRİ Xalq artisti, əbədiyaşar Rəşid Behbudovun 108 illiyinə həsr olunmuş konsert proqramı ilə çıxış edib.
Heftelik.az-ın məlumatına görə, Əməkdar mədəniyyət işçisi Mehparə Cəfərova, Əməkdar artist Tural Abdullayev, Vasif Bayramov, Rüstəm Cəfərov, Əli Məmmədov, həmçinin Bakıdan Xalq artisti Sərxan Sərxan, Abbas Əhməd, Samir Piriyev Rəşid Behbudovun repertuarından “Gəncə”, “Zibeydə”, “Lalələr”, “Gözəlim sənsən”, “Sevgilim”, “Əziz dost”, “Bahar sənsiz”, “Azərbaycanım”, “Ey Vətən” mahnılarını ifa ediblər.
Gəncə Dövlət Filarmoniyasının direktoru, Əməkdar artist Ramil Qasımov Filarmoniyanın musiqi heyətinə, solistlərinə təşəkkür edərək vurğulayıb ki, Gəncə mədəniyyət torpağıdır. Bir sıra əbədiyaşarlar yetişdirən bu torpaq mədəniyyət və musiqisi ilə Azərbaycan mədəniyyətində önəmli yer tutub.
Əməkdar artist bugünkü konsertin təsadüfi olmadığını, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə bu cür müştərək konsertlərin müxtəlif konsert zallarında, müxtəlif tarixlərdə keçiriləcəyini vurğulayıb.
Konsert proqramı tamaşaçılar tərəfindən böyük rəğbət və gurultulu alqışlarla qarşılanıb.