Elm və Təhsil Nazirliyi tərəfindən elan edilmiş “Təhsildə inkişaf və innovasiyalar üzrə 7-ci qrant müsabiqəsi”nin qalibi olmuş “Vətənpərvər məktəblilər” layihəsinin sonuncu – dördüncü mərhələsi təşkil edilib.
Heftelik.az-ın məlumatına görə, Goranboy şəhər 1 nömrəli tam orta məktəbdə təşkil edilən tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Layihə rəhbəri Bəhruz Hümbətov çıxışında Goranboy şəhər 1 nömrəli, 2 nömrəli və 3 nömrəli məktəblərdən layihəyə qatılmış iştirakçılara layihə haqqında ətraflı məlumat verib. Daha sonra Vətən müharibəsi iştirakçıları Əli Seyfullayev və Ülfət Babayev Vətən müharibəsində Azərbaycan Ordusunun göstərdiyi böyük qəhrəmanlıqdan bəhs edib, bu hadisənin tariximizə qızıl hərflərlə yazıldığını layihə iştirakçılarının diqqətinə çatdırıblar.
Tədbirin ikinci hissəsində vətənpərvərlik ruhunun təbliği və müxtəlif məktəbləri təmsil edən layihə iştirakçıları arasında şəbəkələşmənin və kommunikasiyanın yaxşılaşdırılması istiqamətində Goranboy rayon Uşaq-Gənclər İdman Şahmat Məktəbinin əməkdaşı, təlimçi Sevlan Rüstəmli tərəfindən “Vətən və vətənpərpərvərlik” mövzusunda təlim keçirilib, daha sonra isə intellektual yarış təşkil edilib.
Qeyd edək ki, 120 nəfərdən çox məktəblini əhatə etmiş “Vətənpərvər məktəblilər” layihəsinin əsas məqsədi şagirdlərin vətənpərvər ruhda böyüməsi, şəhid ailələrinin övladları ilə digər məktəblilər arasında dostluq və kommunikasiyanın yaradılması, onların cəmiyyətə insteqrasiyasına köməklik göstərilməsindən ibarətdir. 4 təlimdən ibarət layihənin hər təlimində digər məktəblilərlə yanaşı, qazilər və şəhid ailələrindən olan məktəblilər də iştirak edib. Bir neçə gün sonra layihənin rəsmi bağlanış mərasimi və layihə iştirakçılarına sertifikatların təqdimetmə mərasimi təşkil olunacaq.