Ötən il dekabrın 27-də Respublika Psixiatriya Xəstəxanası Publik Hüquqi Şəxsində müalicə alan B.V-nin (şərti) yemək yeyərkən başının arxa hissəsindən sillə vurulması nəticəsində boğularaq ölməsi barədə Baş Prokurorluğun Mətbuat xidmətinə media nümayəndələri tərəfindən çoxsaylı sorğular daxil olub.

Baş Prokurorluqdan Heftelik.az verilən məlumata görə, həmin faktla bağlı hazırda Sabunçu rayon prokurorluğunda araşdırma aparılır.

Araşdırma zamanı məhkəmə tibbi-ekspertizası və digər laborator müayinələr keçirilib, eləcə də, zəruri prosessual hərəkətlər icra edilib.

Məhkəmə-tibbi ekspertizanın rəyinə əsasən, şəxsin ölümünə səbəb tənəffüs yolları, udlaq və qırtlağın yad cisimlə tutulması nəticəsində baş vermiş mexaniki asfiksiya (boğulma) olub.

Həmçinin, ekspertizanın rəyi ilə müəyyən olunub ki, şəxsə sillə ilə vurulması nəticəsində yad cismin tənəffüs yoluna düşməsi inkar olunur.

***

saat 11.15

Bakının Maştağa qəsəbəsində yerləşən psixiatrik xəstəxanada ölüm hadisəsi olub.

Heftelik.az-ın Lent.az-a istinadən verdiyi məlumata görə, bu barədə sosial şəbəkədə məlumat yayılıb.

Yayılan məlumatda iddia olunur ki, orada işləyən qadın yemək zamanı 17 yaşlı xəstənin başına zərbə endirib. Nəticədə yemək yeniyetmənin boğazında qalıb və onun ölümünə səbəb olub. Məlumatı paylaşan şəxs bununla bağlı videogörüntülərin də olduğunu bildirib.

Məlum olub ki, hadisə 2023-cü ilin dekabrın 27-də baş verib.

Belə ki, qeyd olunan xəstəxanada müalicə alan, 2006-cı il təvəllüdlü Quliyev Fikrət Elçin oğlu orada dünyasını dəyişib. İlkin səbəb kimi onun boğazında yad cisim qalması göstərilib.

Hazırda faktla bağlı istintaq orqanı tərəfindən araşdırma aparılır. Hadisənin hansı şəraitdə baş verməsi araşdırmaların sonunda məlum olacaq.