“Valyuta əməliyyatları barədə vahid informasiya sistemi haqqında Əsasnamə” valyuta nəzarətinin həyata keçirilməsi məqsədilə rezident və qeyri-rezidentlərin apardıqları valyuta əməliyyatları barədə vahid informasiya sisteminin (bundan sonra – informasiya sistemi) formalaşdırılması, aparılması və ondan istifadənin hüquqi, təşkilati və texnoloji əsaslarını, habelə informasiya sisteminə təqdim edilən məlumatların növünü müəyyən edir.
Heftelik.az-ın məlumatına görə, informasiya sisteminə banklar, xarici bankların yerli filialları, poçt rabitəsinin milli operatoru və valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər (valyuta nəzarəti agenti) tərəfindən hazırki Əsasnamə ilə müəyyən edilmiş valyuta əməliyyatları barədə məlumatlar təqdim edilir.
İnformasiya sisteminin saxlanılması və fəaliyyəti üçün zəruri xərclər Azərbaycan Respublikası Mərkəzi Bankının (bundan sonra – Mərkəzi Bank) vəsaiti hesabına maliyyələşdirilir. Mərkəzi Bank informasiya sistemini valyuta nəzarəti agentləri tərəfindən Qanunla, Mərkəzi Bankın “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları” və digər normativ xarakterli aktları ilə müəyyən edilmiş tələblərin icrasının təmin edilməsi məqsədilə dəstəkləyir.
İnformasiya sistemindən istifadə ödənişsizdir. İnformasiya sistemi qanunvericiliklə müəyyənləşdirilmiş qeyri-iş günləri də daxil olmaqla günün istənilən vaxtı real vaxt rejimində (24/7/365) fəaliyyət göstərir. İnformasiya sisteminin texniki istismarına dair bu Əsasnamədə nəzərdə tutulmayan digər məsələlər istifadəçinin elektron kabinetində yerləşdirilmiş İstifadəçi təlimatına uyğun olaraq tənzimlənir.