Ədliyyə Nazirliyinin Strateji planlaşdırma və monitorinq baş idarəsinin hüquqları sırasına monitorinqlərin, xidməti yoxlamaların nəticələrini və korrupsiya hüquqpozmaları ilə bağlı müraciətlərə baxılma vəziyyətini əks etdirən daxili məlumat bazalarını formalaşdırmaq və əmək və icra intizamına riayət olunmasında yol verilmiş nöqsanlar, habelə bu sahədə ədliyyə işçilərinin və müvafiq məhkəmə hakimlərinin fəaliyyətində aşkar edilmiş pozuntular barədə məlumatları tədbirlər görülməsi üçün təqdim etmək daxildir.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Strateji planlaşdırma və monitorinq baş idarəsi haqqında Əsasnamə”də əksini tapıb.
Monitorinqlərin, xidməti yoxlama və araşdırmaların nəticələri üzrə ədliyyə işçiləri barəsində həvəsləndirmə və ya intizam tənbehi tədbirlərinin tətbiq edilməsinə, həmçinin müvafiq məhkəmə hakimlərinin həvəsləndirilməsi və ya onların barəsində intizam icraatının başlanılmasına dair təkliflər vermək və qanunvericiliklə müəyyən edilmiş hallarda müvafiq hakim vəzifəsinin icrasını müvəqqəti olaraq digər hakimə həvalə edilməsi barədə təkliflər vermək də bu hüquqlar sırasındadır.