Moskvada saxlanılan Kamil Zeynallı Ermənistan hüquq-mühafizə orqanları tərəfindən qətldə ittiham olunur.

Heftelikaz-ın “news.am”-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat katibi Narek Sarkisyan deyib.

“Həmin şəxs qətl ittihamı ilə dövlətlərarası axtarışa verilib”, – deyə o bildirib.

Ermənistan DİN Kamil Zeynallının hansı qətldə ittiham olunduğunu açıqlamayıb.

Xatırladaq ki, azərbaycanlı fitnes məşqçisi Kamil Zeynallı Ermənistanın tələbi ilə bu gecə Moskvada saxlanılıb.

Kamil Zeynallının vəkili Ələkbər Qarayev bildirib ki, Ermənistan Kamil Zeynallını 2020-ci il 29 sentyabr tarixində, yəni 27 sentyabr – Vətən müharibəsi başlayandan iki gün sonra axtarışa verib.

Vəkilin sözlərinə görə, Kamil Zeynallı Ermənistan Cinayət Məcəlləsinin 135, 147-ci maddələri ilə ittiham olunur.

Ələkbər Qarayev əlavə edib ki, “konkret olaraq hansı cinayət əməlindən söhbət getdiyi məlum deyil”.

“Kamil Zeynallı gecə saatlarında şübhəli şəxs qismində 48 saatlıq həbs olunub. Bu gün prokurorluq gözləyir ki, Ermənistandan nəsə əlavə materiallar gəlsin. Və əgər həmin əlavə materiallar gəlsə, o zaman sabah həbs qətimkan tədbirinin seçilməsi üçün Kamil Zeynallı məhkəmə qarşısına çıxarılacaq”, – vəkil vurğulayıb.