Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin baxdığı inzibati xətalar haqqında işlərin siyahı genişləndirilib.
Heftelik.az-ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda edilən dəyişiklikdə əksini tapıb.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin baxdığı inzibati xətalar haqqında işlərin siyahısına aşağıdakılar daxil edilib:
– şəhərlərarası (rayonlararası) müntəzəm sərnişin daşınmasının bilet-uçot vərəqi olmadan həyata keçirilməsi (əlli manat məbləğində cərimə edilir);
– qeyri-müntəzəm sərnişin daşınmasının (taksi minik avtomobilləri ilə sərnişin daşınması istisna olmaqla) formulyar doldurulmadan həyata keçirilməsi (əlli manat məbləğində cərimə edilir);
– taksi minik avtomobili ilə sərnişin daşımalarının buraxılış kartında müəyyən edilən ərazi hüdudlarından kənarda həyata keçirilməsi (əlli manat məbləğində cərimə edilir);
– taksometrin göstəriciləri və ya taksometr funksiyasını yerinə yetirən proqram təminatı vasitəsilə müəyyən olunan qiymətdən əlavə ödənişin tələb edilməsi (əlli manat məbləğində cərimə edilir);
Buraxılış vəsiqəsi olmadan daşıyıcı tərəfindən taksi minik avtomobilləri ilə sərnişin daşınmasının təşkili (vəzifəli şəxslər iki yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə edilir);
– Buraxılış vəsiqəsi olmadan daşıyıcı tərəfindən yük və qeyri-müntəzəm sərnişin daşınmasının təşkili (vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər min iki yüz manat məbləğində cərimə edilir);
– Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrut üzrə sərnişin daşınması (sərnişin daşınmasının təşkili) haqqında müqavilə olmadan müntəzəm sərnişin daşımalarının təşkili (vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər min iki yüz manat məbləğində cərimə edilir).
Qeyd edilən əməllərin xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi ilə bağlı inzibati xətalar haqqında işlərə də nazirlik baxır.
Eyni zamanda nazirlik inzibati xətalar haqqında işlərə baxacaq:
– Beynəlxalq sərnişin və yük daşımaları zamanı icazə blanklarından (jurnallarından) istifadə qaydalarının pozulması (“İcazə” blankının (jurnalının) doldurulması zamanı məlumatların təhrif olunmasına, pozulmasına və yenidən yazılmasına, habelə “İcazə” blankının (jurnalının) başqa şəxsə ötürülməsinə görə fiziki şəxslər iki yüz manat məbləğində, vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər üç min manat məbləğində cərimə edilir. Nəzərdə tutulmuş xətaların inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə fiziki şəxslər dörd yüz manat məbləğində, vəzifəli şəxslər iki min manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir);
– Hazırlıq keçməmiş sürücülərin avtomobil nəqliyyatı ilə sərnişin və yük daşınmasına cəlb edilməsi (“Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada hazırlıq keçməmiş sürücülərə daşıyıcı tərəfindən sərnişin və yük daşınmasının həyata keçirilməsi üçün buraxılış kartının verilməsinə görə vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər min iki yüz manat məbləğində cərimə edilir .Nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər iki min dörd yüz manat məbləğində cərimə edilir);
– Taksi sifarişi operatorları tərəfindən avtomobil nəqliyyatı haqqında qanunvericiliyin pozulması (İcazə olmadan taksi sifarişi operatoru kimi fəaliyyət göstərilməsinə görə vəzifəli şəxslər on min manat məbləğində, hüquqi şəxslər qırx min manat məbləğində cərimə edilir. Taksi sifarişi operatorları tərəfindən “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, taksi sifarişi xidmətinin göstərilməsi zamanı istifadə olunan fərdi məlumatların informasiya sistemlərinin dövlət qeydiyyatından keçirilməməsinə və fərdi məlumatların mühafizəsi ilə bağlı tələblərə riayət olunmamasına görə vəzifəli şəxslər beş min manat məbləğində, hüquqi şəxslər iyirmi min manat məbləğində cərimə edilir. Taksi sifarişi operatorlarının informasiya sistemlərində olan taksi sifarişləri, habelə sürücünün iş və istirahət rejimi ilə bağlı məlumatların “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə real vaxt rejimində ötürülməsini təmin edən mexanizmin yaradılmamasına və ya həmin mexanizmin fəaliyyət göstərməməsinə görə vəzifəli şəxslər beş min manat məbləğində, hüquqi şəxslər iyirmi min manat məbləğində cərimə edilir. Taksi minik avtomobilləri ilə sərnişin daşımalarına buraxılış vəsiqəsi və avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının, sürücülərin reysqabağı tibbi müayinəsinin təşkili imkanı barədə sənədləri və ya müvafiq xidmətlərdən istifadə olunmasına dair texniki məntəqə və ya tibb məntəqəsi ilə müqavilələri olmayan daşıyıcıya, habelə müvafiq buraxılış kartı və taksi minik avtomobillərinin sürücülərinin xüsusi hazırlıq keçməsini təsdiq edən sənədi olmayan sürücüyə taksi sifarişi xidmətinin göstərilməsinə görə vəzifəli şəxslər iki yüz manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir).