Fevralın 19-da İlham Əliyevin növbədənkənar prezident seçkilərində qələbəsindən sonra ilk rəsmi səfərini Ankaraya etməsi əlaqələrin səviyyəsinin göstəricisidir. Azərbaycan lideri İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan görüşdən sonra mətbuata bəyanatlarında iki ölkənin əlaqələrinin yeni istiqamətlərini də açıqlayıblar. Türkiyə lideri bölgədə davamlı sülhün qalması üçün tarixi imkan yarandığını, Azərbaycanla çiyin-çiyinə, birlikdə fəaliyyət göstərdiklərini bildirib. Türkiyə lideri Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinə qarşı tətbiq etdiyi məhdudiyyətə qəti şəkildə etiraz etdiklərini vurğulayıb. O, gələcəkdə də bu istiqamətdə fəaliyyətlərini davam etdirəcəklərini söyləyib. R.T.Ərdoğan ötən il iki ölkə arasında ticarət dövriyyəsinin həcminin ilk dəfə 7,5 milyard dollar səviyyəsinə yüksəldiyinin vurğulayaraq, gələcəkdə bu rəqəmi 15 milyard dollara çatdırmağı hədəflədiklərini bildirib. Bununla da o, iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin inkişaf etdiriləcəyini vurğulayıb. Türkiyə Prezidenti Qars-Naxçıvan dəmir yolu layihəsinin, TANAP təbii qaz kəmərinin Türkiyə və Avropaya nəql edilməsinin bu sahədə prioritetlərdən olduğunu qeyd edib. Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevlə Cənubi Qafqazda sülh və sabitliklə bağlı atılan addımları da müzakirə etdiklərini bildirib. O, Qarabağda işğalın başa çatması ilə bölgədə davamlı sülh üçün tarixi imkan pəncərəsi açıldığını deyərək, pozuculuqla məşğul olan üçüncü qüvvələri əməkdaşlığa dəvət etdiyini deyib. Türkiyə Prezidenti Şuşa Bəyannaməsi əsasında iki ölkənin əməkdaşlığı davam etdirəcəyini bildirib. Azərbaycanla-Türkiyə əməkdaşlığından bəhs edən Prezident Ərdoğan ötən il fevralın 6-da Türkiyədə baş verən zəlzələnin nəticələrinin aradan qaldırılmasında Azərbaycanın göstərdiyi yardımından bəhs edərək Kahramanmaraşda 320 hektar sahədə 1000 yaşayış evi və 799 iş yeri tikdiyini xüsusi vurğulayıb. Prezident İlham Əliyev Türkiyənin Azərbaycana göstərdiyi qardaşlıq yardımı və dəstəyindən bəhs edərək deyib: “Bu gün Türkiyə-Azərbaycan birliyi təkcə bölgə üçün deyil, Avrasiya üçün önəmli amilə çevrilib”. Azərbaycan Prezidenti Türkiyənin dünya miqyasında artan nüfuzundan danışaraq deyib: “Türkiyə bu gün dünya çapında söz sahibidir. Təkcə bölgəmizdə deyil, dünya çapında bir çox məsələlər Türkiyənin mövqeyindən asılıdır. Türkiyə bölgəmizdə əmin-amanlığın, sülhün və işbirliyinin qarantıdır”. O qeyd edib ki, Türkiyənin güclü sənaye potensialı, güclü iqtisadiyyatı, o cümlədən hərbi gücü Türk dünyasına mənsub olan hər bir insanı sevindirir: “Təbii ki, Azərbaycan Sizin uğurlarınıza öz uğurları kimi sevinir. 2020-ci ilin noyabr ayında İkinci Qarabağ savaşı başa çatanda Azərbaycan işğalda olan ərazisinin böyük hissəsini azad etmişdir və bütün 44 gün ərzində Türkiyə bizim yanımızda idi”. O vurğulayıb ki, Türkiyənin güclənməsi Türk Dövlətləri Təşkilatının hər bir üzvünü gücləndirəcək: “Bizim birgə həyata keçirdiyimiz layihələr kifayət qədər çoxdur. Nəqliyyat, enerji layihələri bizim sərhədlərimizdən kənarda da artıq önəmli rol oynayır. Enerji və nəqliyyat təhlükəsizliyi bu gün dünya gündəliyinin ön sıralarında olan mövzulardır”. Azərbaycanla Türkiyə arasında enerjidaşıyıcıları sahəsində əməkdaşlığın genişlənəcəyindən danışan Prezident İlham Əliyev deyib ki, ötən il Azərbaycandan Türkiyəyə doqquz milyard kubmetr təbii qaz ixrac edilib: “Əldə edilmiş razılaşmalar əsasında qazın həcminin artırılması nəzərdə tutulur, o cümlədən Türkiyə ərazisindən Avropaya gedən təbii qaz qitənin bir çox ölkələri üçün önəmli enerji təhlükəsizliyi məsələsidir”. Prezidentlərin çıxışlarında Şuşa Bəyannaməsinin bir daha vurğulanması tərəflərin bu sənədə sadiqliyinin göstəricisidir. Bundan başqa, Türk Dövlətləri Təşkilatı liderlərinin Şuşada qeyri-rəsmi Zirvə toplantısının keçiriləcəyinin bu görüşdə açıqlanması üzv dövlətlərin ortaq marağının da olduğunun bir daha bəyan edilməsi kimi dəyərləndirilə bilər. Prezident İlham Əliyevin Türkiyə səfəri zamanı iki ölkə arasında əməkdaşlığın yeni hədəfləri müəyyən edilməklə yanaşı, bu istiqamətdə yeni layihələr açıqlandı.
Emin Hüseynov,
Nəsimi rayon sakini