Deputat Elnur Allahverdiyev parlament rəhbərliyinin xəbərdarlığından sonra Milli Məclisin fevralın 23-də keçirilən iclasında susqunluğu ilə diqqət çəkib.
Daha çox biznesmen, “Kontakt Home”-nin sahibi kimi tanınan Elnur Allahverdiyevin prezident seçkiləri kimi həssas dönəmdə, Milli Məclisin yaz sessiyasının ilk iclasında faktiki olaraq pul müqabilində hərbi xidmətə getməməyi təklif etməsi parlament rəhbərliyi üçün də gözlənilməz olmuş və Heftelik.az-ın əldə etdiyi məlumata görə, parlament rəhbərliyi qeyri-rəsmi formada deputat Elnur Allahverdiyevə bir daha parlamentdə bu mövzuda danışmamağı tapşırmışdı. Çünki gələcəkdə peşəkar ordu quruculuğuna keçid məqbul sayılsa da, biznesmen kimi daha çox tanınan bir deputatın faktiki olaraq pul müqabilində hərbi xidmətə getməməyi təklif etməsi əks reaksiya doğurur və bu ideyanı gözdən salır. Elə buna görə də həmin həssas dönəmində parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü olan digər deputatlara bu mövzuda açıqlama vermək tapşırılmışdı. Bununla da Elnur Allahverdiyevin bir “təşəbbüskar” kimi kölgədə qalmasına çalışılmışdı. Parlamentin həmi komitəsini üzvləri də o dənəmdə mediada bu məsələ ilə bağlı fəallıqları ilə diqqət çəkmişdi.
Belə görünür ki, Milli Məclis rəhbərliyinin bu iradından sonra Elnur Allahverdiyev başqa mövzularda da danışmağın riskli ola biləcəyini düşünərək ümumiyyətlə, danışmamaq qərarına gəlib.
Qeyd edək ki, Elnur Allahverdiyev yaz sessiyasının ilk iclasında çıxışında demişdi, hərbi xidmət 1 il 6 ay, ali təhsillilər üçün 1 il müəyyən edilib: “Tam müddət hərbi xidməti saxlamaqla aşağı qradasiyalar müəyyən oluna bilər ki, buna uyğun olaraq dövlət büdcəsinə vəsait ödəməklə daha az müddətdə hərbi xidmətin keçilməsi üçün alternativ imkanlar yaratmaq mümkündür. Əgər tutaq ki, hərbi xidmət bir il yarım, yaxud ali təhsilli vətəndaşlar üçün bir il müddət təşkil edirsə, buna alternativ olaraq büdcəyə vəsaitin ödənilməsi müqabilində xidməti 2 ay, yaxud 6 ay müddətində keçmək olar….”.
Deputat az əvvəl isə bir zaman “Kontakt Home”-da yüksək vəzifədə çalışmış yaxın qohumlarının pula görə səs-küylü qətl törətməsi ilə də gündəmə gəlib. Söhbət rəssam-modelyer Elnarə Bəkirovanın atasını 285 min manatı ələ keçirmək üçün öldürüb quyuya atmaqda ittiham olunan Mustafa Zeynalov və Namiq Əliyevin cinayət işindən gedir. Mustafa Zeynalov Elnur Allahverdiyevin dayısıdır. Qətldə təqsirləndirilən digər şəxs Namiq Əliyev isə Elnur Allahverdiyevin digər dayısının kürəkənidir.
“Kontakt Home” son zamanlar həm də jurnalistlərin və yazıçıların “qənimi”nə çevrilməsi ilə də diqqət çəkir. Bir müddət əvvəl tanınmış jurnalist Çingiz Səfərli “Kontakt Home” tərəfindən aldadıldığını bildirmişdi. Fevralın 10-da isə yazıçı, Kulis az saytının baş redaktoru Ulucay Akif “Kontakt Home” şirkətini sərt tənqid edib. Rəylərdə bir çox sosial şəbəkə istifadəçiləri də “Kontakt Home”-dən şikayətləniblər. Məsələn, Ürfan Məmmədli “Kontakt Home”-nin məhsullarının çox keyfiyyətsiz olduğunu yazıb. Digər sosial şəbəkə istifadəçisi Əfqan Quliyev isə bildirib ki, “Kontak Home” mağazalarından nəsə almağı özünə “padlo” bilir.
Fevralın 15-də isə “Kontakt Home” Yeni Müsavat” qəzetinin redaktoru Elşad Məmmədlini hövsələdən çıxarıb. Elşad Məmmədli Facebook paylaşımında yazıb ki, “Kontakt Home” adlı bir şirkət açıq-aydın soyğunçuluqla, fırıldaqla məşğuldur. Jurnalist Nicat Dağlar da “Kontakt Home”-dən şikayətlənib. Deyib ki, bu günlərdə elektrik çayniki almışıq, xarab çıxıb…