“Biz Xocalı soyqırımını heç vaxt unutmayacağıq. Yenə də deyirəm, biz həm İkinci Qarabağ müharibəsi zamanı, həm antiterror əməliyyatı zamanı qisasımızı cinayətkarlardan aldıq, onları məhv etdik, Ermənistan ordusunu məhv etdik və iki dəfə kapitulyasiyaya imza atmağa məcbur etdik. Biz onlardan fərqli olaraq dinc əhali ilə heç vaxt müharibə aparmamışıq və bunu hər kəs görür və bilir”. 

Heftelik.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev fevralın 26-da Xocalı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib.

Dövlət başçısı bildirib ki, həm 2020-ci ildə, həm keçən ilin sentyabr ayında apardığımız hərbi əməliyyatlar bütün beynəlxalq humanitar hüquqa uyğun şəkildə aparılmışdır və bunu hər kəs bilir və heç kim bizə heç bir irad tuta bilmir:

“Bu, bir daha xalqımızın böyüklüyünü göstərir. Halbuki hər birimizin ürəyində qisas hissi var, hər birimiz o qanlı tarixə qayıdanda, o dəhşətli video və fotosənədlərə baxanda bizi qəzəb boğur, 30 il yox, 300 il keçsə də, bu qəzəb bizi buraxmayacaq. Bu təbiidir, biz insanıq, ancaq eyni zamanda, biz böyük xalqın nümayəndələriyik. O xalqın ki, öz gücü ilə o əsarətdən çıxdı, o xalq ki, bir yumruq kimi birləşərək düşmənin belini qırdı, o düşmənin ki, onun arxasında o vaxt və bu gün böyük dövlətlər dayanır. O böyük dövlətlər dayanmasaydı, heç vaxt 1990-cı illərin əvvəllərində bizim torpağımız işğal altına düşməzdi. Biz o vaxt gücsüz idik, onların arxasında böyük qüvvələr dayanmışdır. Bu gün biz güclüyük və bəziləri bizə deyirlər ki, biz rəhm edək, amma onlar bizə rəhm etdilərmi ki?

Yenə də deyirəm, bütün bunlar təbii bizim fikirlərimizdir, duyğularımızdır. Yenə də deyirəm, biz qisasımızı aldıq, biz həm 44 günlük İkinci Qarabağ müharibəsi ərzində, həm birgünlük antiterror əməliyyatı zamanı böyük peşəkarlıq, qəhrəmanlıq, fədakarlıq göstərmişik. Bizim övladlarımız ölümə gedirdilər ki, bu torpaqları işğalçılardan azad etsinlər. Allah bütün şəhidlərimizə rəhmət eləsin!”