“22 illik sənət fəaliyyətimdə heç bir zaman Mədəniyyət Nazirliyinin Azərbaycan kinosunun inkişafı üçün atdığı addımlara ümidli şəkildə yanaşmamışam. Belə ki, nazirliyin layihələrinə nəzər yetirdikdə orada heç bir zaman istedadlı gənclərin özünü inkişafı, Azərbaycan kinosunun yeni mərhələyə dönəmi üçün atılan heç bir addımın uğurlu olacağına inamım olmayıb. Ta ki, Orxan Fikrətoğlunun Mədəniyyət Nazirliyinə Azərbaycan Respublikasının Kino Agentliyinə rəhbər təyin olunan günə qədər”.
Heftelik.az-ın məlumatına görə, bunu Moderator.az-a rejissor, aktyor, son dövrlər həm də tiktoker kimi məşhurlaşan Kənan M.M. bildirib.
O qeyd edib ki, Orxan Fikrətoğlunun təyinatı Azərbaycan mədəniyyəti, xüsusən də kinosu üçün yeni bir mərhələnin başlanğıcı olacaq: “Köhnə kino işçiləri onu əsil kino fədaisi kimi tanıyır. Orxan Fikrətoğlu cənab nazirimizin seçimi ilə kino müşaviri olduqdan sonra tamaşaçıların pərdə arxasını görmədiyi sənət adamları üçün isə ciddi ümid yeri olan çox şeylər baş verdi, ilk olaraq onu deyim ki, adamın mayası kino ilə yoğurulub. İnsan 4 ay içində nələr edə bilər və ya Orxan bəy 4 ay içində nələr etdi? Xatırlayıram ki, Azərbaycan kinosunun taleyini Mədəniyyət nazirliyinin kino bölməsindən bir müəllim həll edirdi, məsələn, bir ssenari verirdin, elə yanındaca vasaqlayırdı və deyirdi ki, yox e, bu xoşuma gəlmədi. Soruşanda niyə deyirdi ki, nə bilim, nəsə tutmadı məni, bəyənmədim. Ay qardaş, belə kino taleyi həll eləmirlər ey!
Amma Orxan Fikrətoğlunun təşəbbüsü ilə ssenari laboratoriyası yaradıldı, bu bilirsiniz nə deməkdir? Misal üçün sizə bir ssenari daxil olur, ssenarinin hekayəsi çox gözəldirsə zəif olsa belə o ssenarini zibil qabına atmırlar. Həmin ssenarini laboratoriyada peşəkarların dəstəyi ilə inkişaf etdirirlər və ən qürurverici tərəfi isə bu laboratoriyanın rəhbəri, dünyaca məşhur türk rejissoru Berlin kino festivalının qalibi Semih Kaplanoğludur
Bu il Özbəkistan, Türkiyə, Azərbaycan ölkələri ilə müştərək üç film çəkilir. Bu, heç bir zaman baş verməyən bir möcüzədir. 16 film çəkilir, bu 16 rejissor, 16 komanda deməkdir.
2022-ci ildə Mədəniyyət Nazirliyində mövcud olmayan Orxan bəy 2022-ci ilin borcunu, daha doğru yeyintisini ödədi.
Özbək kinematoqrafları Orxan bəyə “Kino fədaisi” medalı təqdim etdilər.
Mədəniyyət Nazirliyinə gedən qaranlıq yolda uzaqdan görünən işığa yaxınlaşdım və bir Orxan Fikrətoğlu gördüm.
4 ay üstə gəl Orxan Fikrətoğlu bərabərdir kino yaşayacaq.
Deyəsən inciyib-küsən bütün rejissorların kəffarəsini Orxan bəy ödəməli olacaq”.