Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar Ucar Rayon İcra Hakimiyyətində rayonda yaşayan Xocalılarla görüş keçirilib.

Heftelik.az-ın məlumatına görə, tədbirdə Rayon İcra Hakimiyyətinin məsul işçiləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayonda məskunlaşmış Xocalılar iştirak etmişlər.

Tədbir iştirakçıları Xocalı soyqırımı qurbanlarının, şəhidlərimizin xatirəsini 1 dəqiqəlik sükutla yad ediblər.

Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Əliş Cəbrayılov çıxış edərək qeyd edib ki, 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olan Xocalı soyqırımı aktı baş verib. Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum edib və dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tudub. Xocalı soyqırımı zamanı 106 qadın, 63 uşaq və 70 yaşlı insan olmaqla 613 nəfər qətlə yetirildi, 1275 sakin girov götürüldü, 150 nəfərin taleyi isə bu günədək naməlum qalıb. Şəhər yerlə-yeksan edilib.

Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı soyqırımı günü haqqında” qərar qəbul edib.

Müzəffər Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində Xocalı şəhidlərinin qanı yerdə qalmadı. 2020-ci il Vətən müharibəsində Azərbaycan Ordusu 30 il işğal altında qalan torpaqlarımızı azad etməklə yeni reallıq yaradıb. 44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəman ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Xocalı faciəsi qurbanlarının da qisasını alıb, şəhidlərimizin qanı yerdə qalmayıb. Xocalı şəhəri 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan təmizlənib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb.