İranda həbsdə olan Azərbaycan vətəndaşı, tələbə Fərid Əsgərovun anası Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edib. 
Heftelika.az-ın məlumatına görə, Dilarə Əsgərova müraciətində həbsdə olan oğlunun vəziyyətinin yaxşı olmadığını bildirib.
“Oğlum Fərid Səfərli artıq bir ildir ki, İran həbsxanasında heç bir günahı olmadan, yalnız Azərbaycan vətəndaşı olduğuna görə cəza çəkir. Onun hazırda ciddi sağlıq problemləri var. Artıq 5-6 aydır ki, gündə bir neçə dəfə diş qicanmasi ilə gedən nevroloji tutmaları yaranıb. Bu səbəbdən dişləri də tökülməyə başlayıb. Mən onun üzünü axırıncı dəfə 1 il əvvəl görmüşdüm: xoşbəxt, həyat dolu bir gənc idi. İndi o, İran həbsxanasında heç bir ziyarətçisi olmayan, ruh düşkünlüyü yaşayan bir insana çevrilib. Dəfələrlə xahiş etsə də, bizi bir dəfə də olsun görüntülü danışdırmırlar. Mən oğlumun gələcək taleyindən də çox nigaranam”-deyə o müraciətində yazıb.
D.Əsgərova bildirib ki, qarşıdan gələn Novruz Bayramında oğlunun azad edilərək vətənə qaytarılacağına ümid edir: “Cənab Prezident, qarşıdan tariximizin ən önəmli bayramı sayılan Novruz bayramı gəlir. Bu bayram hər bir azərbaycanlı ailəyə sevinc və hüzur gətirir. Düşünürəm ki, bir azərbaycanlı olaraq bizim də sevinmək haqqımız var. Oğlu Fərid Almaniyada Data analizi sahəsində ixtisaslaşıb və Azərbaycana bu sahədə xidmət etməyi arzulayırdı. Siz indiyə qədər hər zaman xaricdə haqsızlığa uğrayan vətəndaşlarımıza sahib çıxmısınız.
Bir ana olaraq, Sizdən xahiş edirəm ki, Fəridin də Azərbaycana gətirilməsinə köməklik edəsiniz”-deyə D.Əsgərova müraciətində vurğulayıb.