Ali təhsil müəssisəsinin elmi şurası maliyyəni xərcləmə istiqamətini özü tənzimləməlidir.

Heftelik.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev AMEA-nın Ümumi yığıncağında çıxışı zamanı deyib.

“Amma, sözsüz ki, biz də bu prosesə mümkün nəzarəti edirik və edəcəyik”, – o bildirib.

Nazir deyib ki, Azərbaycanın elminin inkişafının qısa yollarından biri Türkiyənin ali təhsil müəssisələrində fəaliyyət göstərən azərbaycanlı alimlərdir:

“Onlar Azərbaycana gəlir, müəyyən müzakirələr edilir. Dil və məsafə yaxınlığı göstərir ki, türk ali təhsil müəssisələri ilə əməkdaşlıq vacibdir. Qısa zamanda nəticə əldə etmək istəyiriksə, buna davamlı şəkildə səy göstərməliyik”.

Emin Əmrullayev vurğulayıb ki, gənclərə vəd verməkdənsə, səlahiyyət və maliyyə verməliyik: “Hazırda bu zalda gənc alimlər arxada əyləşib, hesab edirəm ki, bu elm sahəsində gənclərə münasibəti göstərir. Onları özümüzdən uzaq tutmaq Azərbaycan elmində gənclərə verilən rolun göstəricisidir. Gənclərə vəd verməkdənsə, səlahiyyət və maliyyə verməliyik”.

Nazirin sözlərinə görə, xaricdə təhsil alan gənclər artıq ölkəyə qayıdır: “Bu mənada, onları metaforik mənada ön sıralara çəkməliyik, bundan qorxmamalıyıq. Təkcə vəd verməklə nəsə olmur. Gənc alimə ev verməkdənsə, ona elə maaş verək ki, həm özünə ev ala bilsin, həm də motivasiyası olsun”.

Nazir gənc alimlərin qərar verəcək postlarda olmasının vacibliyini vurğulayıb.

“Düşünək, nə qədər gənc alim qərar verənlərin sırasındadır? Gəlin sayaq. Görəcəyik ki, bu rəqəm çox azdır. Biz qəbul etməliyik ki, Azərbaycan elminin dünyada qəbul olunmamasının əsas səbəblərindən biri hissələrə bölünməsidir. Yəni elm istiqamətində çoxlu sayda qurumların olması vahid elmi mühitin olmaması deməkdir. Ola bilər ki, ayrılıqda hər biri keyfiyyətli və görkəmli iş görsünlər, amma bu ayrılıqda baş verdiyi üçün alınmır. Nəticədə, biz bəzən dünya reytinqlərində, bu mənada, son sıralarda qərarlaşırıq”, – nazir əıavə edib.

Nazir elmi-tədqiqat laboratoriyaların qurulmasının vacibliyindən danışıb:

“Təhsil naziri olduqdan bu yana müşahidə etmişən ki, bizdə elə labarotoriyalar var ki, 1970-ci illərdə qurulub. Ola bilər, o zaman vacib olsun, yaxşı fikir olsun, amma indi onlara ehtiyac yoxdur. Bizi sanki o labarotoriyaları ləğv etmək qorxudur. Niyə qorxuruq? Səmimi deyim, şəxsən mən bilmirəm”.