Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaranmışdır. Yeni Azərbaycan Partiyasının yaranması 1988-ci ildən başlayaraq ölkəmizdə cərəyan edən hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi. Ölkəni bürümüş dərin siyasi, iqtisadi, sosial böhran xalqın qabaqcıl hissəsi olan ziyalıları, tanınmış insanları son dərəcə narahat edirdi. Bu zaman Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqın sınanmış lideri və müdrik oğlu Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər. Məhz belə bir vaxtda 91 nəfər Azərbaycan ziyalısının imzası ilə Naxçıvana, Heydər Əliyevə müraciət göndərildi. Azərbaycanın ən yeni tarixinə «91-lər»in müraciəti kimi daxil olmuş həmin sənəd əslində, bütün xalqın arzu və istəklərinin ifadəsi idi. Azərbaycanın görkəmli ziyalıları, tanınmış insanları və nüfuzlu şəxsiyyətlərinin imzaladıqları bu müraciətdə Heydər Əliyevdən yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etmək xahiş olunurdu.
Xalqımızın dahi oğlu, tanınmış dövlət xadimi və böyük təcrübəyə malik Ümummilli Lider Heydər Əliyev o dövrdə blokada şəraitində olan Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə sədrlik edirdi. Azərbaycanın bütün regionlarından seçilmiş nümayəndələrin təmsil olunduğu konfrans 1992-ci il noyabrın 21-də Heydər Əliyevin sədrliyi ilə keçirildi. Təsis konfransı Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, partiyanın Proqram və Nizamnaməsini qəbul etdi. Konfransda Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçildi. Habelə, partiyanın Siyasi Şurası, İdarə Heyəti və sədrin müavinləri seçildi. Beləliklə, müstəqil Azərbaycan tarixində öz üzərində böyük tarixi missiya götürən və xalqımızın həyatında mühüm hadisəyə çevrilən Yeni Azərbaycan Partiyası yarandı.
YAP tarixdə çox nadir siyasi təşkilatlardan biri hesab oluna bilər ki, onun lideri partiya yarandıqdan cəmi 6 ay keçdikdən sonra ölkənin prezidenti seçildi. Bu hadisənin özü Heydər Əliyev şəxsiyyətinə inamı ifadə etməklə yanaşı, eyni zamanda YAP-ın yaranmasında ifadə olunan tarixi zərurətə və partiyanın yaranması faktına tarixin özünün çox qısa bir zaman keçdikdən sonra haqq qazandırmasını əks etdirirdi. İlk gündən hüquqi, dünyəvi, sivil dövlət quruculuğu yolunu tutan Azərbaycanın demokratik islahatlar sahəsində qazandığı uğurlar da hər birimizə bəllidir. Söz, mətbuat azadlığı təmin edildi, insan hüquqlarının qorunması sahəsində mühüm addımlar atıldı, ölkədə çoxpartiyalı sistem yaradıldı, seçki praktikası ildən-ilə daha da təkmilləşdirildi. Təbii ki, bütün bunlar Azərbaycanın dünya birliyində öz layiqli yerini tutmasına səbəb oldu. Ölkəmiz bir sıra nüfuzlu regional və beynəlxalq təşkilatların üzvüdür. Xarici siyasətində ikitərəfli əlaqələrin qurulmasına, inkişafına xüsusi önəm verən dövlətimizin beynəlxalq təşkilatlarla münasibəti də yüksək səviyyədədir. Bütün bu uğurların əldə olunmasında Yeni Azərbaycan Partiyasının rolu böyükdür.
YAP qələbələr, uğurlar partiyasıdır. YAP keçdiyi tarixi yol nəticəsində güclü siyasi təşkilata çevrilib YAP Azərbaycan Respublikasının Konstitusiyası və qanunvericiliyi çərçivəsində, özünün Nizamnaməsi və Proqramı əsasında fəaliyyət göstərən, öz sıralarına Azərbaycan hüquqi dövlət, sabit və sosialyönümlü iqtisadiyyat, vətəndaş cəmiyyəti qurmaq ideyalarını qəbul edən vətəndaşları birləşdirən sağ mərkəzyönümlü siyasi partiyadır. Yeni Azərbaycan Partiyası Azərbaycanda sabitliyin qorunması, demokratik siyasi münasibətlər sisteminin bərqərar edilməsi, bazar iqtisadiyyatı modelinin yaradılması, tarixi ənənələrə və müasir dünyanın təcrübəsinə əsaslanan milli dövlətin qurulması kimi bir sıra mühüm vəzifələri uğurla yerinə yetirərək ölkənin siyasi həyatındakı yerini müəyyən etmişdir.
Yeni Azərbaycan Partiyasının (YAP) VII qurultayı ölkəmizin ictimai-siyasi həyatında çox mühüm və əlamətdar hadisə kimi yadda qalacaq. Bu qurultay Azərbaycanın Vətən müharibəsində möhtəşəm Qələbəsi ilə şərtlənən ölkəmizdə və ölkəmizlə bağlı dünyada formalaşmış yeni reallıqlar dövrünə təsadüf edir. Qurultayda YAP-ın Sədri, Prezident İlham Əliyevin hesabat dövrünü təhlil edən parlaq məruzəsi bütün partiya üzvləri üçün yeni vəzifələr müəyyənləşdirdi. Dövlətimizin başçısı son 17 ildə Azərbaycanın ərazi bütövlüyü məsələsini qarşıda duran əsas vəzifə kimi müəyyən edib, ölkə daxilində və beynəlxalq səviyyədə həyata keçirilən siyasətin əsasında məhz bu amil dayanıb. Yeni Azərbaycan Partiyasının Vl qurultayından ötən dövr ərzində də Azərbaycan və regionun həyatında mühüm dəyişikliklər baş verib. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Vətən müharibəsində qələbə qazanıb, ərazi bütövlüyümüzün bərpa olunması yeni reallıqlar yaradıb. Aparılan düzgün siyasət nəticəsində siyasi və iqtisadi sahədə dayanıqlı inkişafı təmin edilib, Azərbaycan beynəlxalq aləmdə çox böyük nüfuza və hörmətə malik olan ölkəyə çevrilib. Ən əsası, Azərbaycanın ərazi bütövlüyü bərpa olunub. YAP-nın VII qurultayının keçirilməsinin əsas səbəblərindən biri ölkədə və regionda yaranmış yeni reallıqlardır. Nəzərə alınmalıdır ki, bundan əvvəlki dövrlərdə Azərbaycanın təşəbbüsləri ilə reallaşan bir çox layihələr bölgəyə yenilik gətirdi, əməkdaşlığın yeni formatlarını şərtləndirdi.
Azərbaycanın uğurlu enerji, nəqliyyat siyasətimiz bölgədə və geniş mənada Avrasiya məkanında yeni əməkdaşlıq formatlarını yaratdı, Azərbaycanın tərəfdaşlarının sayı artdı, beynəlxalq aləmdə mövqeləri gücləndi. İkinci Qarabağ müharibəsinin nəticələri bölgə üçün yeni reallıqlar, yeni əməkdaşlıq imkanları yaradıb. Ümumiyyətlə, İkinci Qarabağ müharibəsinin nəticələri ölkəmizdə yeni dövrə qədəm qoymaq üçün yeni imkanlar yaradıb.
YAP gələn il 30 illik yubileyinə yeniləşmiş formatda qədəm qoyur. Azərbaycanda bütün sahələrdə, o cümlədən siyasi islahatlar sahəsində ən müasir təcrübə tətbiq edilməlidir. Heydər Əliyevin əsasını qoyduğu Yeni Azərbaycan Partiyasının sıralarına bu gün yüz minlərlə insanın birləşməsini hələ sağlığında canlı əfsanəyə çevrilmiş Ulu öndərin və bu gün onun siyasi xəttini uğurla davam etdirən Prezident Heydər Əliyevin xalqa göstərdiyi misilsiz xidmətin nəticəsi kimi dəyərləndirilir.
Yeni Azərbaycan Partiyası xalqın partiyasıdır. Yeni Azərbaycan Partiyası sağ mərkəzçi siyasi partiyadır. Bu gün bu partiya ölkəmizdə həyata keçirilən hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu, demokratik inkişaf prosesində yaxından iştirak edir, müstəqil Azərbaycan dövlətinin yüksəlişinə, tərəqqisinə öz töhfələrini əsirgəmir.
Nazənin Dadaşova
Nəsimi rayon gənci