Martın 1-də saat 18 radələrində Sumqayıt şəhəri ərazisində 1981-ci il təvəllüdlü Nicat Salahovun öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Sumqayıt şəhər prokurorluğundan Heftelik.az-a verilən məlumata görə, araşdırma zamanı 1976-cı il təvəllüdlü Ceyhun Rzayevin ailə münaqişəsi zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla qaynı Nicat Salahova xəsarət yetirərək qəsdən öldürməsi, daha sonra kimyəvi məhlul içərək özünü öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Sumqayıtdakı qətllə bağlı bəzi təfərrüatlar da məlum olub. Belə ki, bu gün arvadını boşayan Ceyhun Rzayev qaynını məsələni ayırd etmək üçün evlərinin yanına çağırıb və münaqişə zəminində onu qətlə yetirib. Ceyhun Rzayev bunun ardınca böyük həcmdə sirkə turşusu içib.

Ceyhun Rzayev saxlanılaraq polis müşayiəti altında xəstəxanada ona tibbi yardım göstərilsə də, müalicə olunduğu Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsində ölüb.