Prezident İlham Əliyev: “COP29 bizim ümumi yaşıl enerji gündəliyimizin və məsuliyyət hissimizin bir hissəsini təşkil edir”

Qlobal istiləşmə və iqlim dəyişikliyi dünyada ən aktual məsələlərdəndir. Dünyada baş verən təbii fəlakətlər – daşqınlar, dünya okeanının səviyyəsinin yüksəlməsi, qasırğalar, yaxud da quraqlıqla bağlı iqlim dəyişiklikləri planetimiz, burada yaşayan canlılar, eləcə də insanlar üçün ciddi təhlükədir. Elmi cəhətdən təsdiq edilib ki, belə getsə, ekoloji fəlakət qaçılmaz olacaq. Bu il Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransı (Conference of the Parties-COP29) qeyd olunan problemlərlə bağlı dünya və ölkə ictimaiyyətinin məlumatlılığını artırmaq, bu sahədə görülən işlərə və mövzuya aid müzakirələrə şərait yaratmaq baxımından mühüm əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin cari ilin 1 mart tarixində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları zamanı “Euronews” televiziyasına verdiyi müsahibəsində bu haqda ətraflı danışıb: “COP29 bizim ümumi yaşıl enerji gündəliyimizin və məsuliyyət hissimizin bir hissəsini təşkil edir. Çünki qazıntı yanacağı ilə zəngin ölkələr yaşıl enerjiyə keçiddə ön sıralarda olmalıdır. Biz bunu ənənəvi ehtiyatlarımız çatışmadığına görə etmirik, ona görə edirik ki, neft-qaz satışından əldə etdiyimiz maliyyədən, gəlirlərdən bərpaolunan enerjiyə sərmayə yatırmaq üçün istifadə etməklə töhfə vermək və buna ehtiyacın olduğuna dair ümumi bir anlayış yaratmaq istəyirik”. Müasir iqlim dəyişmələrinə və problemlərin həllinə Azərbaycan da öz töhfəsini verməyə çalışır. Bu mövzuda indiyə kimi Azərbaycanda bir sıra tədbir və layihələr həyata keçirilib. Lakin COP29 artıq bu istiqamətdə keçirilən tədbirlərin həm miqyasına, həm də iştirakçıların sayına görə  Zrvə Toplantısıdır.

Cənab Prezident müsahibədə iqlim dəyişmələri ilə bağlı təhdid yaradan amillərdən də danışaraq deyib: “Biz iqlim dəyişikliyinin fəsadlarını, təhlükəli fəsadlarını görürük, çaylarımızda su azalır, dağlarımızda qar azalır, Xəzər dənizində suyun səviyyəsi azalır. Əgər biz enerji və əzmlə bu məsələ ilə məşğul olmasaq, hamımız əziyyət çəkəcəyik”. Azərbaycan da iqlim dəyişikliyinin bilavasitə təsiri altındadır. Ekoloqların proqnozuna görə, qlobal iqlim dəyişikliyi nəticəsində Azərbaycanı daşqın, quraqlıq kimi təbii fəlakətlər, həmçinin onların nəticəsi kimi içməli su ehtiyatlarının çatışmazlığı gözləyə bilər. İqlim dəyişikliyi nəticəsində meşələrə, kənd təsərrüfatına da ciddi ziyan dəyə bilər. Artıq iqlim dəyişikliyinin mənfi təsirləri özünü göstərməyə başlayıb. Belə ki, qiymətli ağacların sayının sürətlə azalması müşahidə edilir. Digər tərəfdən, qlobal iqlim dəyişikliyinin nəticəsi kimi yaxın illərdə Xəzər dənizinin səviyyəsinin daha bir metr qalxacağı proqnozlaşdırılır. Bu isə dəniz səviyyəsinə yaxın ərazilərin su altında qalması ilə nəticələnə bilər.

İqlim dəyişmələrinin meydana gəlməsinə səbəb olan amillərdən biri də vaxt keçdikcə sənaye və nəqliyyatda yanacaqdan daha çox istifadə edilməsidir. Belə ki, hər il atmosferə 20 milyard tondan çox müxtəlif hissəciklər daxil olur ki, bu da atmosferin temperatur rejiminə, hava şəraitinə təsir edir. Son 100 ildə Yerin orta temperaturunun artması nəticəsində “istixana effekti” meydana gəlib. Bir çox ərazilərdə səhraların sahəsi genişlənməkdə davam edir. “Turşulu yağışlar”ın yağması isə adi hal alıb. Alimlər son 50 ildəki istilik artımının insan həyatına gözəçarpacaq dərəcədə təsir etdiyi fikrindədirlər. Bu problemlərin qarşısının alınması istiqamətində danışan dövlətimizin başçısı artıq mühüm yolu qət etməyə başlanıldığını vurğulayıb. “Ola bilsin ki, 10 ilə ölkədə bərpaolunan enerjidən maksimum dərəcədə istifadə etməyi və daxili bazarda təbii qaz istehlakını azaltmağı planlaşdırırıq”, – deyə cənab Prezident əlavə edib.

Yeri gəlmişkən, BMT tərəfindən iqlim dəyişikliyi ilə mübarizəyə həsr edilən saysız hesabatlar hazırlanıb. Bu hesabatlar diqqət etdikdə qlobal iqlim dəyişiklərinin ildən ilə daha da ağır fəsadlar verdiyini görmək mümkündür. Məsələn, son 150 ildə dünyada temperatur 1 dərəcə yüksəlib. Bu yüksəlişin yarısı son 25 ilə təsadüf edir. Ekspertlərin hesablamalarına görə, əgər Yer kürəsində temperatur bu sürətlə qalxmaqda davam etsə, 2050-ci ilə qədər hərarət 2- 2,5, 2100-cü ilə qədər isə 6 dərəcəyə qədər yüksələ bilər. Bu isə bəşəriyyət üçün böyük təbii fəlakətlər, quraqlıq, sel və daşqınlar deməkdir. BMT-nin iqlim dəyişiklikləri və su mövzusunda hazırladığı digər bir hesabata görə isə, 2050-ci ilə qədər dünyada 2 milyard insanın susuz qalacağı, 200 milyon insanın isə evini tərk etmək məcburiyyətində qalacağı ehtimal olunur. Cənab Prezident müsahibədə deyib ki, görülən işə gəlirlərdən insanların ehtiyaclarını təmin etmək və yaşıl enerji gündəliyinə təkan vermək üçün necə istifadə etdiyimizə görə qiymət verilməlidir: “Nefti inkişafa çevirdik, sərvətin ədalətli paylanmasını təmin etməyə nail olduq. Son 20 ildə Azərbaycanda yoxsulluğun səviyyəsini 50 faizdən 5 faizə enib”.

İqlim dəyişməsinin qarşısını almaq üçün ən effektli vasitələrdən biri alternativ enerji mənbələrinin istifadəni gücləndirməkdir. Belə olacağı təqdirdə atmosfer havasının temperaturunun artmasının qarşısını xeyli dərəcədə azaltmaq olar.

 

Kamal Paşa-zadə

Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin violonçel

ixtisası üzrə müəllimi, Azərbaycan Respublikasının Əməkdar müəllimi