Martın 1-də Bakıda, “Gülüstan” sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib. Tədbirdə çıxış edən Prezident İlham Əliyev bir sıra mühüm məsələlərə diqqət yetirərək, dövlətimizin mövqeyini nümayiş etdirmişdir. Əvvəlcə qonaqları salamlayan dövlətimizi başçısı bildirmişdir ki, Azərbaycan və Albaniya iki dost ölkədir. Ölkələrimiz müxtəlif sahələrdə fəal əməkdaşlıq edir və olduqca fəal siyasi dialoqumuz var. Hər iki ölkə bir-birini beynəlxalq təsisatlarda dəstəkləyir. Ölkələrimiz enerji təhlükəsizliyi məsələlərində fəal əməkdaşlıq edir. Albaniya Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsində çox vacib rol oynayıb və TAP heyətinin üzvü qismində vacib rol oynamaqda davam edir. Enerjinin şaxələndirilməsi və enerji təhlükəsizliyi məsələlərində Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni təchizat coğrafiyasının yaradılmasına xidmət etmişdir. Məşvərət Şurasının ötən illərdəki toplantıları zamanı enerji təhlükəsizliyi məsələləri həmişə müzakirə olunub. Azərbaycanın burada mövqeyi hər zaman ardıcıl olub. Enerji təhlükəsizliyin təmin olunması ölkənin milli təhlükəsizlik məsələsi hesab olunur. Bu gün Avrasiyadakı geosiyasi vəziyyət gördüyümüz işlərin nə dərəcədə düzgün olduğunu sübut edir. Cənub Qaz Dəhlizi tamamilə yeni marşrutdur. Bu gün ona artıq bir çox marşrutlar – interkonnektorlar əlavə edilib. Ötən il baş verən vacib hadisələrdən biri Xəzər dənizinin Azərbaycana məxsus sektorunda yerləşən “Abşeron” qaz-kondensat yatağında təbii qazın kommersiya hasilatı oldu. Bu “Şahdəniz”dən sonra ikinci nəhəng qaz ehtiyatlarının kəşfi deməkdir. “Abşeron” qaz-kondensat yatağı bizim gələcək şaxələndirmə layihələrimizin resurs bazasını təşkil edəcək. “Abşeron” layihəsinin ilk fazası artıq təsdiq edilib. Orada illik hasilatın 1.5 milyard kubmetr həcmində olmasını gözləyirik. İkinci faza ilə bağlı razılıq əldə edildikdən sonra daha 4-5 milyard kubmetr həcm əlavə ediləcəkdir ki, onun böyük əksəriyyəti beynəlxalq bazarlara nəql olunacaq. Azərbaycanın Avropaya qaz təchizatının coğrafiyası genişlənir. Bu gün Azərbaycan 8 ölkəyə qaz nəql edir ki, onlardan altısı Avropa ölkəsidir. Ötən il Avropada istifadəyə verilmiş interkonnektor layihələrinin təməlində, ilk növbədə, Cənub Qaz Dəhlizi layihəsi dayanır. İkincisi isə onlar Avropada mümkün qədər çox məntəqələri əhatə etməklə bağlı səylərimizi davam etdirməyə imkan verəcəkdir. Azərbaycan qazına olan mövcud tələbat var, ixtiyarımızda mənbələr var və nəqliyyat marşrutlarımız yerindədir. Azərbaycan etibarlı tərəfdaş olduğunu artıq sübut edib. Bizim sözümüz imzamız qədər dəyərlidir. Qarşımıza qoyduğumuz bütün planlar həyata keçiriləcəkdir, çünki təkcə keçən ilin göstəriciləri bunun sübutudur. Azərbaycan yaşıl enerjiyə keçid prosesində iştirak edir. Bu il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan olunmuşdur. Bizim bərpaolunan enerji layihələrimiz yüksək göstəricilər nümayiş etdirir. Günəş Elektrik Stansiyanın gücü 230 meqavatdır. Bu stansiya bərpaolunan enerji sahəsində aparıcı şirkətlərdən biri “Masdar” tərəfindən inşa olunmuşdur və bu, yalnız başlanğıcdır. İmzalanmış müqavilələrə və anlaşma memorandumlarına əsasən 2030-cu ilədək 5 min meqavata qədər, yəni 5 qiqavat günəş və külək enerjisinin istehsalı planlaşdırılır. Cənub Qaz Dəhlizi artıq 3 ildir ki, fəaliyyətdədir. Bu layihə həqiqətən də uğur hekayəsidir. Bu, Avrasiyada ən böyük infrastruktur layihələrindən biridir. Uzunluğu 3500 kilometr olan inteqrasiya edilmiş boru kəməri sistemi olan bu layihə enerji təhlükəsizliyi və əməkdaşlıq layihəsidir. Cənub Qaz Dəhlizinin keçdiyi marşrut boyunca yerləşən bütün ölkələr arasında əməkdaşlıq olmasa, bu layihənin həyata keçirilməsi mümkün olmazdı. Neft və təbii qaz ehtiyatları ilə zəngin olan ölkələrə münasibətdə ədalətli olmalıyıq. Bu ölkələrin günahı deyil ki, onlarda neft və qaz var. Onlar buna görə günahlandırılmamalı və onlara qarşı ayrı-seçkilik olmamalıdır. Azərbaycan yaşıl enerjiyə keçid prosesinin aktiv fazasındadır. Lakin, heç kim bu faktı dana bilməz ki, ən azından yaxın gələcəkdə qazıntı yanacağı olmadan dünya inkişaf edə bilməz. Azərbaycana COP29-a sahiblik edən ölkə olmaq şərəfi nəsib olmuşdur. Keçən ilin dekabrında qərar qəbul olunan kimi biz dərhal, yalnız bir səbəbdən müxtəlif QHT-lər və media təşkilatlarının hücumuna məruz qaldıq. Hücum edərək dedilər ki, necə ola bilər qazıntı yanacağı ilə zəngin olan bir ölkə COP-a ev sahibliyi edə bilər. İqlim dəyişmələri ilə bağlı olan qlobal tədbirə ev sahibliyi etmək istəyimizin olması faktı bizim iradəmizi nümayiş etdirir. Buna görə ölkəmizə hücum edilməməlidir, əksinə təqdir edilməliyik. Əvvəlki illərdə Azərbaycana qarşı çoxlu hücumlar olmuşdur, biz buna adət etmişik, biz özümüzü müdafiə edə bilərik. COP29-un Azərbaycanda təşkil edilməsi qərarı, yekdil qərar beynəlxalq birliyin ölkəmizə hörmətinin əlamətidir və bizim tədbirə ev sahibliyi etmək, bu işə töhfə vermək istəyimiz yaşıl gündəliyimizi nümayiş etdirir.
Mənsur Vəliyev,
Nəsimi rayon Təhsil işçisi