Martın 1-də Bakıda, “Gülüstan” sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin ikinci iclasları keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib. Cənab Prezident qeyd edib ki, “Məşvərət Şurasının ötən illərdəki toplantıları zamanı biz həmişə enerji təhlükəsizliyi məsələlərini müzakirə etmişik. Azərbaycanın burada mövqeyi hər zaman ardıcıl olub – biz bunu hər bir ölkənin milli təhlükəsizlik məsələsi hesab edirik. Biz şaxələndirmə haqqında danışarkən mövqeyimiz hər zaman dəyişməz olub və bu gün də belədir – şaxələndirmə yalnız marşrutlara deyil, həm də mənbələrə şamil edilməlidir”. Dövlət başçısının bu fikri Azərbaycanın Avrasiyada oynadığı rolu təsdiqləyir. Prezident bildirib ki, Avrasiyadakı geosiyasi vəziyyət məhz bizim gördüyümüz işlərin nə dərəcədə düzgün olduğunu sübut edir. “Azərbaycana gəldikdə Cənub Qaz Dəhlizi tamamilə yeni marşrutdur. Bu gün ona artıq bir çox marşrutlar – interkonnektorlar əlavə edilib. Azərbaycan qazı yeni mənbədir. Yəni biz burada, bu formatda, təşəbbüskarı olduğumuz bu layihədə enerjinin şaxələndirilməsi məsələlərinin tam şəkildə əhatə edildiyini görürük”, – deyə İlham Əliyev əlavə edib. Onu da qeyd etmək zəruridir ki, budəfəki iclas Azərbaycanın COP29-a ev sahibliyi etməsi fonunda əhəmiyyət daşıyır. Belə ki, COP29-un Bakıda keçiriləcək iclası Azərbaycanın siyasətindəki yaşıl enerji amilinin xüsusi əhəmiyyət kəsb etdiyini bir daha sübut edir. Nəzərə alaq ki, Azərbaycan alternativ enerji mənbələri ilə də enerji bazarlarını şaxələndirməkdə maraqlıdır. Bu, Azərbaycan torpaqlarının Ermənistanın işğalından azad edilməsindən sonra sürətli vüsət alıb. Azərbaycan, həmçinin, yaşıl enerjiyə keçid prosesində iştirak edir. Bu il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan olunub. Bizim bərpa olunan enerji layihələrimiz yüksək göstəricilər nümayiş etdirir. Ötən görüşümüzdən bəri sizə məlumat vermək istəyirəm ki, bu layihələr arasında keçən ilin oktyabr ayında Azərbaycanda açılışını etdiyimiz ilk böyük Günəş Elektrik Stansiyası yer alır və bu stansiyanın gücü 230 meqavatdır. Bu stansiya bərpa olunan enerji sahəsində aparıcı şirkətlərdən biri “Masdar” tərəfindən inşa olunub və bu, yalnız başlanğıcdır. İmzalanmış müqavilələrə və anlaşma memorandumlarına əsasən, 2030-cu ilədək biz beş min meqavata qədər, yəni beş giqavat Günəş və külək enerjisi istehsal etməyi planlaşdırılır. Bəli, Azərbaycan artıq qlobal enerji siyasətində mühüm rola malikdir. İlham Əliyevin səsləndirdiyi bəyanatlar da Azərbaycanın gələcəkdəki fəaliyyətinin nə qədər məhsuldar olacağını göstərir.
Xatirə Fehruzzadə,
Nəsimi rayon Təhsil işçisi