Mədəniyyət Nazirliyinin qiymət manipulyasiyasına yol verdiyi aşkarlanıb.
Heftelik.az-ın məlumatına görə, bu, Hesablama Palatasının Mədəniyyət Nazirliyi və Kino Agentliyi publik hüquqi şəxs tərəfindən dövlət sifarişi ilə filmlərin çəkilməsi və kino tədbirlərinin keçirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsaitlərin istifadəsinin, eləcə də kinostudiyalar tərəfindən dövlət vəsaitinin və digər dövlət əmlakının idarə olunmasının hüquqi aktlara uyğunluğunun qiymətləndirilməsi məqsədi daşıyan və 2022-ci ili və 2023-cü ilin 01 avqust tarixinədək olan dövrü əhatə edən auditi zamanı üzə çıxıb.
Auditlə Nazirlik və Agentlikdən əlavə olaraq C.Cabbarlı adına “Azərbaycanfilm”, “Salnamə” və “Filming Azerbaijan” studiyaları, eləcə də, Azərbaycan Dövlət Film Fondu əhatə olunub, tabelikdə olan studiyalara auditlə əhatə olunan dövrdə dövlət vəsaiti ayrılmayıb və icra edilməyib. Auditlə ümumilikdə 10,7 mln. manat vəsaiti əhatə edilib.
Nazirlik tərəfindən tədbirlərin keçirilməsi ilə bağlı satınalmalarda ehtimal olunan qiymətin bir çox hallarda müəyyənləşdirilməməsi eyni xidmət üzrə fərqli qiymətlərin formalaşmasına səbəb olub, eləcə də müqavilələrin düzgün tərtib edilməməsi və qüvvədə olan normalara əməl olunmaması artıq xərclərə yol açıb. Bəzi hallarda təsdiqedici sənədlərin alınmaması vəsait-nəticə uyğunluğunun ədalətli müəyyənləşdirilməsinə şərait yaratmayıb, bir sıra hallarda tədbirlərin və müqavilələrin müddətlərinin uyğunlaşdırılmaması xidmətin dəyərinin daha uzun müddət üçün ödənilməsi ilə artıq vəsait icrasına səbəb olub.
Qeyd edək ki, mədəniyyət naziri Adil Kərimlidir.