Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təşəbbüsü ilə reallaşan “Ana dili – Azərbaycan məktəbi” ölkəmizdən kənarda yaşayan, müxtəlif yaş qruplarından olan soydaşlarımız üçün Azərbaycan dilində məsafədən öyrənmə imkanını təmin edən layihə davam edir.

Heftelik.az-ın məlumatına görə, hazırda 30 qrupla 10 müəllim məşğul olur. Bu qruplar 6-18 yaşlı uşaqlar üçün nəzərdə tutulsa da sonrada çoxsaylı istəkləri nəzərə alaraq 18 yaşdan yuxarı böyüklər üçün iki yeni qrup açılıb.

Ötən il dərslərdə 359 nəfər xaricdə yaşayan azərbaycanlı iştirak edib. Ümumilikdə 36 qrup üzrə dərslər təşkil edilib. Birinci yarımilin yekununda imtahandan uğurla keçən 218 iştirakçıya sertifikat verilib.

Tədris proqramı pilot olaraq 2 səviyyəni əhatə edir və hər bir səviyyə üzrə 24 saat Azərbaycan dili tədris edilir. Proqramın məzmunu ölkəmizin tarixi, ədəbiyyatı, coğrafiyası və mədəniyyəti haqqında ətraflı məlumatların daxil edildiyi mövzular əsasında təcrübəli mütəxəssislər tərəfindən hazırlanıb və davamlı olaraq təkmilləşdirilir.

Tədris prosesi zamanı müxtəlif öyrədici interaktiv metodlardan və resurslardan istifadə olunur.

Qeyd edək ki, müraciət edən müəllimlər arasında orta məktəb müəllimləri ilə yanaşı ali təhsil müəssisələrində çalışan müəllimlər də var.

Hər iki səviyyə üzrə proqramı uğurla bitirən və dərslərdə uğurlu nəticə göstərən həmvətənlərimizin iştirakı ilə Bakı şəhərində Yay Məktəbinin təşkil olunması nəzərdə tutulur.