“Toplum TV” işi ilə bağlı media eksperti Ələsgər Əhmədoğlu (Məmmədli) saxlanılıb.
Heftelik.az-ın məlumatına görə, bu barədə APA-ya onun vəkili Aqil Layıc məlumat verib.
Ə.Əhmədoğlu barəsində Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi açılıb.
Xatırladaq ki, “Toplum TV”nin həmtəsisçisi Akif Qurbanov və əməkdaşları Ramil Babayev, İlkin Əmrahov, Müşfiq Cabarov və Əli Zeynalov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Fərid İsmayılov və Elmir Abbasov isə ev dustaqlığına buraxılıb.
Qeyd edək ki, Akif Qurbanova və saxlanılan digər şəxslərə qarşı Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi açılıb.
Ötən gün “Toplum TV” internet televiziyasının yerləşdiyi ofisdə və daha bir neçə ünvanda Daxili İşlər Nazirliyi tərəfindən əməliyyat keçirilib. DİN-in yaydığı məlumatda bildirilib ki, paytaxtın Nərimanov rayonu Y.V.Çəmənzəminli ev 98 B ünvanında yerləşən ofisdə və əlavə digər ünvanlarda bir qrup şəxsin fəaliyyəti ilə bağlı daxil olan məlumat üzrə polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilib.