“Azərlotereya” ASC-nin “Lotereyalar haqqında” qanunun tələblərini açıq şəkildə pozmağa davam edir. Məsələ ondadır ki, “Lotereyalar haqqında” qanunun 8-1.4-cü maddəsinə əsasən lotereyaların reklamı telekommunikasiya, nəqliyyat vasitələrində, mediada, açıq məkanda olan reklam daşıyıcılarında yerləşdirilə bilər. Lotereyaların açıq məkanda reklamı uşaq və təhsil müəssisələrindən azı 100 metr kənarda olan reklam daşıyıcılarında yerləşdirilməlidir.
Ancaq “Azərlotereya” ASC qanunun bu tələbini açıq formada pozur. Məsələn, bu gün 28 May metrostansiyası ətrafında bir deyil, bir neçə səyyar “Poz-qazan” satış məntəqəsi fəaliyyət göstərir. Bu məntəqələr həm də reklam daşıyıcılarıdır, qanunvericiliyə baxsaq, bu, birmənalıdır. Bu satış məntəqələrinin üzərində reklam xarakterli yazılar, məlumatlar yer alıb. Ancaq bu satış məntəqələri qarşıdakı Azərbaycan Dövlət Neft və Sənaye Universitetindən nəinki 100, bəlkə heç 50 metr uzaqlıqda belə yerləşmir. Deməli, qanunvericiliyin tələbi açıq formada pozulur.
Xatırladaq ki, Heftelik.az 12 aprel 2023-cü ildə bununla bağlı fotofaktlara əsaslanan araşdırma dərc etsə də, ötən 1 ilə yaxın müddətdə dəyişən nəsə yoxdur.
Ümumiyyətlə, harada daha çox kütlə toplamaq olar, orda peyda olurlar. Böyük supermarketlərin qarşısında, hətta qapısının ağzında qocasından tutmuş azyaşlısına qədər belə zərərli vərdişə meyl etməsi üçün canfəşanlıq göstərilir.
Bu baxımdan Neft və Sənaye Universiteti, Bakı Slavyan Universiteti, Azərbaycan Dillər Universiteti kimi böyük təhsil ocaqlarının yerləşdiyi ərazidəki 28 May metrostansiyasının ətrafında pozub qazanmayanların əksəriyyəti də tələbələrdir. Bunu şənbə-bazar günləri açıq aydın görmək olur. Gələcəyimiz hesab olunan tələbələrimizi şirnikləşdirib qumara çəkənlər istəyinə nail olur. Son manatını poz-qazana verib, universitetdən evə piyada gedən tələbələr də var. Eyni hal Elmlər Akademiyası metrostansiyasının yanında da yaşanır. Acınacaqlıdır. Üstəlik, indi uşaq və qadınların da bu vərdişə meyl etməsi ürək ağrıdır. Bir sözlə, gözümüzün önündə açıq-aşkar qumar gedir və ötən dövrdə də bu mənzərə dəyişmir…
Bu arada Novruz bayramı ərəfəsində müasir telefon uduşları kimi reklam kampaniyası adı altında gəncləri daha kütləvi surətdə lotereyaya cəlb etməyə çalışan şirkətin uduşları müxtəlif bəhanələrlə verməkdən yayınması barədə sosial şəbəkələrdə şikayətlər də göz önündədir. Məsələn, jurnalist Elnurə Abushova paylaşımında yazmışdı ki, vətəndaş Qarayevdə yerləşən məntəqədən 865 manat udsa da, pulu verməkdən imtina edirlər: “Vətəndaşın udduğu 865 manatı bəhanə gətirib vermirlər. Azərlotereya! Bir vətəndaşın mənzilində, bir də ictimai tualetlərdə reklamınız yoxdur. Şirnikləndirib camaatı yoldan çıxarırsız, pulunu da vermirsiz”.
Xatırladaq ki, “Azərlotereya” Açıq Səhmdar Cəmiyyəti 2021-ci il yanvarın 16-dan Türkiyə Respublikasının “Demirören Şans Oyunları Yatırımları A.Ş.” şirkətinin törəmə cəmiyyəti olan “YMT Sans B.V.” şirkətinə müqavilə əsasında idarəetməyə verilib.
Keçən ilin aprelində şirkətin Maliyyə departamentinin baş rəhbəri vəzifəsində çalışan Osman Karakuş İdarə Heyətinin sədri/İcraçı direktoru təyin olunub. O, bu vəzifədə Türkiyənin şans və mərc oyunları şirkəti “Misli.com”a icraçı direktor vəzifəsinə təyin olunan Zafer Reisoğlunu əvəzləyib.