Martın 10-da saat 17:30-da Mingəçevir şəhərində yerləşən evlərin birində 1987-ci il təvəllüdlü Məmmədova Aytən Sərvan qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindəh Heftelik.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilmiş tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən qadının keçmiş əri, 1979-cu il təvəllüdlü Mirzəyev Ceyhun Ömər oğlu saxlanılıb.

Baş Prokurorluğun yaydığı məlumatda bildirilib ki, martın 10-u saat 17 radələrində Mingəçevir şəhəri ərazisində 1987-ci il təvəllüdlü Aytən Məmmədovanın öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla 1979-cu il təvəllüdlü Ceyhun Mirzəyevin şəhərin Naxçıvan küçəsi ərazisində yerləşən mənzillərdən birində aralarında yaranmış mübahisə zamanı Aytən Məmmədovaya bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Ceyhun Mirzəyev prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda cinayət işi üzrə ibtidai istintaq davam edir.