Sistemli islahatlar

10 Mart 2024, 23:03

Sistemli islahatların davamı. Növbədənkənar seçkilərin keçirilməsinin əsas səbəbi ölkədə aparılan sistemli islahatları dərinləşdirmək və Milli Məclisin fəaliyyətini daha təkmil şəkildə təşkil etmək idi. Avropa İttifaqı seçkilərin keçirilməsi ilə əlaqədar obyektiv bəyanat vermişdir. “Avropa İttifaqı yeni seçilmiş deputatlarla, Azərbaycan parlamenti ilə işləməyə hazırdır” – Aİ tərəfindən verilmiş bu qiymət, seçkilərin tanınması deməkdir. Altıncı çağırış Milli Məclis çoxpartiyalı məclisdir, bu mənada siyasi sistemin təkmilləşdirilməsi işində Milli Məclisin böyük rolu vardır. Bütün siyasi qüvvələr rəqabət mühitində keçirilmiş seçkilərdə iştirak etmişlər. Müxalifət partiyalarının nümayəndələri altıncı çağırış Milli Məclisin rəhbərliyində və komitələrin rəhbərliyində təmsil olunur. Sözügedən fakt Azərbaycanda siyasi sistemi möhkəmləndirmək, siyasi münasibətləri sağlam zəmində gücləndirmək üçün böyük əhəmiyyətə malikdir. Qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsi üçün Milli Məclis tərəfindən lazımi addımlar atılacaq. Azərbaycanda çoxpartiyalı sistem daha da möhkəm əsaslar üzərində qurulacaq. Çoxpartiyalı sistemin inkişafı naminə siyasi partiyaların fəaliyyəti üçün lazım olan bütün alətlər spektri mövcud olmalıdır. İslahatların dərinləşməsi prosesi parlamentdən yan keçə bilməzdi. Yeni tərkibdə formalaşmış Milli Məclis islahatlara yeni təkan verəcəkdir. Deputatlar qarşısında böyük vəzifələr durur, ilk növbədə, qanunvericilik sahəsində. Çünki parlamentin əsas işi qanunvericilikdir. Dəyişən reallıqlar yeni mütərəqqi məzmunlu qanunların hazırlanmasını zəruri edir. Siyasi sistemin formalaşdırılması və gücləndirilməsi üçün yeni qanunvericilik təşəbbüsləri lazımdır. İqtisadi islahatlarımızın dərinləşməsi işinə töhfə verən qanunlar qəbul edilməlidir. Milli dəyərlərimizlə və onların qorunması ilə bağlı qanunvericilik bazası daha da geniş olmalıdır. Azərbaycan sosial dövlətdir və atılan bütün addımlar bunu təsdiqləyir. Minimum əməkhaqlarının, minimum pensiyaların müntəzəm olaraq qaldırılması böyük iqtisadi mənbə tələb edir. Ölkəmizdə şəffaflıqla bağlı gedən proseslər, kölgə iqtisadiyyatına qarşı olan proseslər bizim iqtisadi imkanlarımızı gücləndirir, vergi bazasını genişləndirir, kölgə iqtisadiyyatına qarşı çox ciddi zərbə vurur. Azərbaycan əhalisinin mütləq əksəriyyəti gənclərdir və Azərbaycanda demoqrafik mənzərə çox müsbətdir. Ona görə gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların fəal işə cəlb edilməsi, vətənpərvərlik ruhunda tərbiyə edilməsi istiqamətində qanunvericilikdə addımlar atılmalıdır. Gənclər milli ruhda tərbiyə almalıdırlar, xarici təsir altına düşməməlidirlər. Gənclərin Parlament seçkilərində çox sayda mandat almasının səbəbi bununla izah olunur. Deputatlar seçildikləri dairələrdə fəal olmalı və seçicilərlə daim təmasda olmalıdırlar. Yeni tərkibdə formalaşan Milli Məclis mənəvi cəhətdən qüsursuz olmalıdır. Çünki aparılan islahatların mahiyyəti də budur. Avropanın dırnaqarası demokratiya beşiyi sayılan ölkələrdə xalqın gözü qarşısında, dünyanın gözü qarşısında dinc nümayişçiləri vururlar, əzirlər, gözlərini çıxarırlar, öldürürlər, həbs edirlər.

 

Mənsur Vəliyev,

Nəsimi rayon Təhsil işçisi