Prezident İlham Əliyev: “Siyasi sistemin formalaşdırılması və gücləndirilməsi üçün yeni qanunvericilik təşəbbüsləri labüddür”

 

Hər hansı bir dövlətin qurulması üçün parlamentdə millət vəkilləri də öz töhfələrini verirlər. Onların hazırladıqları və son qərarlarını verdikdən sonra qəbul olunan qanunlar hüquqi status alır. Parlamentin hüquqi dövlət quruculuğu və vətəndaş cəmiyyətinin formalaşmasındakı xüsusi rolu var. Prezident İlham Əliyevin VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında çıxışında qeyd etdiyi kimi, parlamentin əsas işi qanunvericilikdir: “İslahatların dərinləşməsi prosesi parlamentdən yan keçə bilməzdi. Yeni tərkibdə formalaşmış Milli Məclis islahatlara yeni təkan verəcəkdir. Deputatlar qarşısında böyük vəzifələr durur, ilk növbədə, qanunvericilik sahəsində”. Bu gün parlamentarilərimiz qanun layihələrinin hazırlanmasında çox səmərəli fəaliyyət göstərirlər. Onu da qeyd etmək yerinə düşər ki, VI cağırış Milli Məclisdə təmsil olunan millət vəkilləri, həqiqətən çox bilikli, savadlı və öz peşələrinin profesionalları sayıla bilər. Cənab Prezident deyib ki, qanunvericilik hakimiyyətinin fəaliyyətini təkmilləşdirmək və sağlam siyasi münasibətlərin bərqərar olunmasına xidmət edən sistemli islahatlar aparılmalıdır. “Növbədənkənar seçkilərin keçirilməsinin əsas səbəbi ölkədə aparılan sistemli islahatları dərinləşdirmək və Milli Məclisin fəaliyyətini daha təkmil şəkildə təşkil etmək idi”, – deyə dövlət başçısı əlavə edib. Bu gün Milli Məclis, həqiqətən, respublikada demokratik hüquqi dövlət quruculuğu missiyasını uğurla icra edir. Bunu Milli Məclis tərəfindən demokratik dövlətin qurulması, insanların rifahının yüksəldilməsi ilə bağlı qəbul olunmuş qanunlar da sübut edir. Bu və digər yönümdə Milli Məclis tərəfindən dövlət quruculuğuna xidmət edən bir sıra qanun layihələri müzakirə olunur. Bu qanunların da qəbulu cəmiyyətin formalaşmasında öz müsbət töhfəsini verir.

Vətəndaş cəmiyyətinin qurulmasında vacib amillərdən biri də yerlərdə vətəndaşları maraqlandıran məsələlər, onları narahat edən problemlərin öyrənilməsidir. Prezident İlham Əliyev çıxışında yeni seçilən deputatlara bu istiqamətdə də öz tövsiyələrini verib: “Seçicilər ilə daim təmasda olmaq lazımdır. Deputatlar seçildikləri dairələrdə fəal olmalı və seçicilərlə daim təmasda olmalıdırlar. Yeni tərkibdə formalaşan Milli Məclis mənəvi cəhətdən qüsursuz olmalıdır. Çünki aparılan islahatların mahiyyəti də budur”. Millət vəkillərinin də seçicilərlə görüşləri zamanı bu cür fikirləri öyrənmək, insanların necə demkoratik cəmiyyətdə yaşamaq istədiklərini öyrənmək, qaldırılan məsələləri Milli Məclisdə müzakirəyə çıxarmaqdır. Bu gün deputatlarımız bu işin öhdəsindən də çox məharətlə gəlirlər. Mediadan da görürük ki, millət vəkilləri mütəmadi olaraq seçiciləri ilə görüşürlər. Millət vəkilləri insanlarla yerlərdə görüşməyincə, onların fikirlərini öyrənməyincə bir çox şeyləri görə bilməzlər. Onlar yerlərdə şikayətçilərlə də görüşür və narazılıqları öyrənirlər. Ən əsas məsələ isə millət vəkillərinin seçicilərinin narazılıqlarını, problemlərini parlamentin iclas və sessiyalarında qaldırmaqdır.

Yenidən müstəqillik əldə etdikdən sonra Milli Məclis olaraq ölkə həyatı ilə bağlı çoxlu sayda qanunlar qəbul olunub. Bu qanunların kökündə insan amili dayanır. Ölkə rəhbərinin hər zaman dediyi kimi qəbul edilən qanunların hər biri insanlarımızın daha yaxşı yaşamasına, daha stabil bir həyatda olmasına istiqamətlənib: “Siyasi sistemin formalaşdırılması və gücləndirilməsi üçün yeni qanunvericilik təşəbbüsləri labüddür. İqtisadi islahatlarımızın dərinləşməsi işinə töhfə verən qanunlar qəbul edilməlidir. Dəyişən reallıqlar yeni mütərəqqi məzmunlu qanunların hazırlanmasını zəruri edir. Milli dəyərlərimizlə və onların qorunması ilə bağlı qanunvericilik bazası daha da geniş olmalıdır”. Hakimiyyətin mənbəyi xalqdır. Xalqın nümayəndəsi seçki proseslərində iştirak edir, seçir, dövlətçilik uğurunda mübarizə aparır və s. Bu baxımdan Azərbaycanda olan hər bir milli-mənəvi dəyərin qorunması işi həm də dövlətçiliyimiz ilə bağlıdır. Milli-mənəvi dəyərlər dövlətimizin, xalqımızın, millətimizin bir parçasıdır. Məhz bu dəyərlərin qorunması eyni zamanda dövlətçiliyimiz fəlsəfəsinin möhkəmlənməsi deməkdir.

Hər bir ölkə öz iqtisadiyyatı, hərbi potensialı, mədəniyyəti, dili və s. ilə tanınır. Amma hər bir dövləti dünyada tanıdan başlıca sənədlərdən biri onun  konstitusiyasıdır. Bu da bir mənəvi dəyərdir. Hər bir ölkənin bayrağı, gerbi, dili, dini, prezidenti, həqiqtən də müqəddəs amillərdir. Bunlar bir-biri ilə çox bağlıdır və arxalarında da böyük bir mənəviyyat dayanır. Əgər biz tarixi səhifələsək və bugünkü ən inkişaf etmiş dövlətlərə baxsaq, görərik ki, bu dövlətlər yer üzündə bərqərar olandan öz bayraqlarına, dinlərinə, dillərinə hörmətlə yanaşırlar və öz prezidentlərini həqiqətən bir müqəddəslik zirvəsinə qaldıraraq onun atdığı addımların arxasınca bir nəfər kimi gedirlər. Əlbəttə ki, xalq, dövlət həmrəyliyi olduqda o ölkələr hər zaman qalib olurlar. Bütün bunlar da mənəvi dəyərlərə sadiqlikdən irəli gəlir. Ona görə də, Azərbaycanda milli-mənəvi dəyərlərin qorunması elə dövlətçiliyin qorunması ilə eyni müstəvidə izah oluna bilər

Əsası Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan və bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən Azərbaycanın mədəniyyət siyasəti ümumbəşəri mənəvi dəyərlərlə zəngin olan milli mədəniyyətimizin inkişafına çox böyük töhfələr verib. Siyasi, iqtisadi, sosial sahələrlə yanaşı mədəni sahələrin hər birində görülən işlər, əldə edilən çoxşaxəli nailiyyətlər mədəni-mənəvi dəyərlərin qorunması, təbliği və yeni estetik düşüncəyə məxsus əsərlərin yaradılması üçün güclü zəmin yaradıb. Azərbaycan parlamentində milli-mənəvi dəyərlərimizlə bağlı saysız qanunlar qəbul olunub. Bu o deməkdir ki, milli-mənəvi dəyərlərimizin qorunub yaşadılması kortəbii deyil, müvafiq qanunlarla tənzimlənir.

 

 

Nəbi Ağayev

K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun

PHŞ-nin Uşaq Bərpa Mərkəzinin Təsərrüfat bölmə müdiri