Martın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Füzuli şəhərində inşa olunan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılış mərasimində iştirak ediblər.
Heftelik.az xəbər verir ki, dövlət başçıları tədbirdə Azərbaycanın mədəniyyət və incəsənət xadimləri, Füzuli şəhər sakinləri və Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzində təhsil alacaq uşaqlarla görüşüblər.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev dedi:
– Sizi burada, müqəddəs Azərbaycan torpağında görməyimə çox şadam.
Bildiyiniz kimi, mən dünən və bu gün ölkənizdə dövlət səfərindəyəm. Çox şadam ki, bu səfər tam uğurla – dövlətlərimiz arasında çoxşaxəli əməkdaşlığın gələcək inkişafına ən ciddi təkan verəcək son dərəcə mühüm sənədlərin imzalanması ilə başa çatır. Biz qardaş xalqlarıq, müttəfiqik, strateji tərəfdaşıq. Bunlar təkcə sözlər deyil, həm də ölkələrimizin hökumətlərinin görəcəyi böyük iş həcmləridir, çünki razılaşmalar çox ciddidir, çox böyükdür və şübhəsiz, onlar iqtisadiyyatlarımızın inkişafına impuls verəcək ki, bu da çox vacibdir. Ona görə də dövlətlərimiz arasında əməkdaşlığın gələcəyinə böyük nikbinliklə baxıram.
Mədəni–humanitar sahədə əlaqələrin inkişafına, möhkəmləndirilməsinə böyük diqqət yetiririk. Burada Qazaxıstan mədəniyyət günləri böyük müvəffəqiyyətlə keçirildi. Dünən səmimi qəbula görə minnətdarlığımı bildirdim. Azərbaycanın mədəniyyət xadimlərini Qazaxıstanda gözləyirik.
Azərbaycanın hörmətli Prezidenti İlham Heydər oğlu Əliyevin Sumqayıt şəhərində bir küçəyə Qazaxıstanın məşhur maarifçisi Axmet Baytursınovun adının verilməsi qərarına görə ona çox minnətdaram. Eyni zamanda, ötən il biz hörmətli Prezidentlə paytaxtımızda dahi dövlət xadimi Heydər Əliyevin şərəfinə adlandırılmış küçənin açılışını etdik. Belə təmaslar, şübhəsiz ki, davam edəcəkdir.
Sizi bir daha müqəddəs Ramazan ayı münasibətilə təbrik edirəm. Sizə ən xoş arzularımı çatdırıram.
Bu Mərkəz Qazaxıstan xalqı adından bizim hədiyyəmizdir. Hökumətin tapşırığına və mənim şəxsi göstərişimə əsasən “BI Group” özəl şirkəti bu hədiyyəni səmimi-qəlbdən, bütün xalqın adından təqdim edir. Zənnimcə, bu obyekt şübhəsiz ki, ölkələrimiz arasında rifahın, bütün əlaqələrin, hərtərəfli münasibətlərin möhkəmləndirilməsinə töhfə olacaq.
Sizə uğurlar, tərəqqi arzulayıram. Heç bir şübhə yoxdur ki, Azərbaycanın müqəddəs regionu güclü inkişaf edəcək. İndicə gələcəyə dair planla tanış olduq və əlbəttə ki, o, miqyası və intensivliyi ilə bizi valeh edir. Sağ olun.
x x x
Azərbaycan Prezidenti İlham Əliyev dedi:
– Hörmətli Kasım-Jomart Tokayev, çox sağ olun.
Füzulililər, ictimaiyyətimiz və bütün Azərbaycan xalqı adından Sizə bu qardaş hədiyyəsinə görə bir daha təşəkkürümü bildirmək istəyirəm. Azad olunmuş torpaqlarda Uşaq Yaradıcılıq Mərkəzinin yaradılması Sizin şəxsi təşəbbüsünüzdür. Ötən dəfə – ilyarım əvvəl Azərbaycana səfəriniz zamanı bu Mərkəzin təqdimatı oldu və bir il ərzində Mərkəz tikildi, bu gün onun rəsmi açılışıdır. Mərkəz qazax xalqının böyük oğlu Kurmanqazının adını daşıyır. Dünən biz Sizinlə danışırdıq ki, bu, təkcə Uşaq Yaradıcılıq Mərkəzi deyil, həm də Qazaxıstan ilə Azərbaycan arasında dostluq və qardaşlıq mərkəzi olacaq. Hər bir belə layihə Azərbaycan xalqının qəlbini riqqətə gətirir, çünki 30 il ərzində bu balaca uşaqların valideynləri, babaları və nənələri bir arzu ilə – öz torpaqlarına qayıtmaq arzusu ilə yaşayıblar. Onlar qayıtdıqda dağıdılmış, yerlə-yeksan edilmiş Qarabağı gördülər, əlbəttə, çox acı hisslər yaşadılar. Bu qayıdışın ağrılı-acılı və eyni zamanda, sevinc hissləri bir-birinə qarışmışdı. İndi qardaş Qazaxıstanın köməyi ilə Füzulidə çox gözəl Uşaq Yaradıcılıq Mərkəzi açılır. Bu təşəbbüsə görə Sizə səmimi–qəlbdən minnətdarıq. Bu, azərbaycanlıların, burada yaşayanların və yaşamayanların, buraya gələn və bu gözəl binanı görən hər kəsin yaddaşında qalacaq. Ən başlıcası, buraya gələn, əksəriyyəti Bakıdan, Sumqayıtdan və digər böyük şəhərlərdən olan uşaqlar öz qəlblərinin səsi və əcdadlarının çağırışı ilə tədbirdə iştirak edirlər. Diqqət yetirdikdə görürük ki, burada – Füzulidə yaşayan insanlar, onların əksəriyyəti Füzulinin işğalı dövründə dünyaya gəliblər, yaxud çox balaca olublar. Demək olar ki, onlar öz doğma şəhərini, öz rayonunu görməyiblər, amma bu torpağa məxsus olduqları, uğrunda mübarizə apardığımız, döyüşdüyümüz, qan tökdüyümüz və uşaqlarımızı itirdiyimiz müqəddəs Qarabağ torpaqlarına aid olduqları üçün buraya qayıdıblar.
Bu gün, Qarabağın dirçəldiyi bir vaxtda əziz qardaşımızı, Türk dünyasının ən böyük ölkəsinin, sürətli inkişafa malik, beynəlxalq arenada iri aktor olan, Azərbaycanın müttəfiqi qardaş Qazaxıstanın Prezidentini salamlamaqdan böyük şərəf hissi duyuruq. Siz, yəqin ki, bizim dünənki görüşlərimizi izləmisiniz, həmçinin axşam da bizimlə birlikdə olmusunuz. Yəqin ki, bu ab-havaya nüfuz etmisiniz. Ünsiyyətimizin bütün işgüzar komponenti ilə yanaşı, məhz mənəvi bağlar bizə güc verir. Sizi təbrik edirəm və sizin adınızdan bir daha Kasım-Jomart Tokayevə təşəkkürümü bildirmək istəyirəm.
Prezident Kasım-Jomart Tokayev: Azərbaycanın gənc vətəndaşlarına, müqəddəs Füzuli sakinlərinə ayrıca səadət, uğurlar arzulamaq istəyirəm.
Prezident İlham Əliyev: Azərbaycan Yazıçılar Birliyinin sədri Anardır, yəqin ki, onu tanıyırsınız. O, Xalq yazıçısıdır.
Prezident Kasım-Jomart Tokayev: Bəli, tanıyıram.
Xalq yazıçısı Anar: Mən onun atası haqqında yazmışam.
Prezident İlham Əliyev: Milli Konservatoriyanın rektoru, Memarlar İttifaqının sədri.
Memarlar İttifaqının sədri Elbay Qasımzadə: Mən qazax adı daşıyıram, adım Elbaydır. Atam mənə cəbhədə həlak olmuş dostunun adını qoyub.
Prezident İlham Əliyev: Məşhur kinorejissor Oqtay Mirqasımov, Rəssamlıq Akademiyasının rektoru Xalq rəssamı Natiq Əliyev, bizim gənc istedadlarımız buradadırlar.
Müəllim Məhin Orucova: Hörmətli cənab prezidentlər. Sizi Azərbaycan mədəniyyətinin qədim tarixi mərkəzi olan Qarabağ torpağında salamlayırıq. Cənab Prezident İlham Əliyev, Sizə minnətdarıq ki, bizi öz torpağımıza qaytarmısınız. Biz Sizə və şanlı Ordumuza minnətdarıq.
Bu gün bizim və uşaqlarımız üçün əlamətdar gündür. Bu gün Qazaxıstan milli mədəniyyətinin böyük nümayəndəsi, qazax xalq musiqisinin patriarxı Kurmanqazı Saqırbayulının adını daşıyan Füzuli Uşaq Yaradıcılıq Mərkəzinin açılışıdır. Biz Qazaxıstan Prezidenti cənab Kasım-Jomart Tokayevə və onun simasında bütün Qazaxıstan xalqına belə gözəl Mərkəzə görə minnətdarıq. Bütün füzulililər adından uşaq yaradıcılığı fəaliyyətinə göstərilən qayğıya görə iki dövlətin liderlərinə çox təşəkkür edirik.
Bu Mərkəzdə uşaqlar təkcə Azərbaycan deyil, həm də qazax mədəniyyətini öyrənəcəklər. Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi Qazaxıstan ilə Azərbaycan arasında dostluğun rəmzi olacaq.
Prezident Kasım-Jomart Tokayev: Sağ olun. Həqiqətən, Kurmanqazı qazax musiqisinin nəhəngidir, demək olar ki, Türk mədəniyyətinin ayrılmaz hissəsidir. Kurmanqazının adı olmadan qazax musiqisini təsəvvür etmək çətindir. Ona görə də deməliyəm ki, onun musiqisi çox dinamikdir və indiyədək çox müasirdir. Məşhur “Küy Sarı Arka” indiyədək böyük həyəcanla dinlənilir.
Prezident İlham Əliyev: Ona görə də onun yaradıcılığı, əlbəttə, burada öyrəniləcək.
x x x
Dövlət başçıları Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin rəmzi açılışını bildirən lenti kəsdilər.
Sonra xatirə şəkli çəkdirildi.
Prezidentlər Uşaq Yaradıcılıq Mərkəzində yaradılan şəraitlə tanış oldular.
Qeyd edək ki, Prezident Kasım-Jomart Tokayevin təşəbbüsü ilə inşa olunan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi qardaş qazax xalqının Azərbaycan xalqına hədiyyəsidir. Təməli 2023-cü ilin martında qoyulan Mərkəz 1,5 hektar ərazidə yaradılıb. Obyektin tikinti sahəsi 2700 kvadratmetrdir. İkimərtəbəli binada 600 uşağın bir neçə növbədə məktəbdənkənar təhsil alması üçün hər cür şərait yaradılıb. Burada mühazirə zalı, şahmat və kulinariya sinifləri, incəsənət və heykəltaraşlıq studiyası, xoreoqrafiya və idman zalı, səsyazma kabineti, musiqi və vokal sinfi, foto-video montaj, veb-dizayn və robototexnika kabinetləri, akt zalı, 3D modelləşdirmə sinfi var. Mərkəzdə IT-startaplara və Azərbaycanın milli mədəniyyətinə, o cümlədən xalçaçılıq sənətinə xüsusi diqqət yetiriləcək.
Vurğulandı ki, layihəni “BI Group” şirkəti hazırlayaraq həyata keçirib. Tikintidə qabaqcıl texnologiyalardan və şirkətin illər ərzində qazandığı təcrübədən istifadə olunub. Şirkət müasir mühəndis həlləri və təhsil obyektlərinin tikintisi nöqteyi-nəzərindən yüksək səviyyəli peşəkar təcrübəyə malikdir.
Qeyd edək ki, yeni təhsil kompleksi üçün Kurmanqazı adının seçilməsi də təsadüfi deyil. Görkəmli musiqiçinin əfsanəvi əsərləri bütün Türk dünyasının mirasına çevrilib. Mərkəzin yaradılması Azərbaycan və Qazaxıstan arasında ikitərəfli münasibətlərin daha da möhkəmlənməsinə, gənclərin keyfiyyətli təhsilinə, regionda yaradıcılığın, idmanın və elmin inkişafına töhfə vermək məqsədi daşıyır.
x x x
Prezident Kasım-Jomart Tokayev: Bu avtobus bizim hədiyyəmizdir. Qazaxıstanın uşaqlara ərməğanıdır, istifadə etmələri üçündür. Üzərində “Balalar” yazılıb.
Prezident İlham Əliyev: Sağ olun.
Qazaxıstan nümayəndəsi: Qazaxıstanda yığılıb.
Prezident İlham Əliyev: Çox sağ olun.
Prezident Kasım-Jomart Tokayev: Çox şadam ki, Sizin xoşunuza gəldi. Bu, bizim Azərbaycan xalqına səmimi hədiyyəmizdir. Bilirəm ki, Azərbaycanın potensialı böyükdür və Siz özünüz də bütün bunları edə bilərsiniz, amma biz həmişə qardaşlıq hisslərimizi ifadə etməliyik və belə maddi formada.
Tədbirin iştirakçıları: Sizə təşəkkür edirik.