Son dövrlər “Azercell Telekom” MMC-nin xidmətlərinin keyfiyyətində ciddi problemlər müşahidə olunmaqdadır.

Heftelik.az-ın məlumatına görə, hətta Bakının mərkəzində bu şəbəkənin istifadəçilərinin şikayətləri artmaqdadır.

Redaksiyaya daxil olan müraciətlərdə bildirilir ki, xüsusən son 6 yada  Səbail rayonunda binalarda “Azercell” istifadəçilərinin mobil telefondan istifadəsi problemə çevrilib. O cümlədən jurnalistlər üçün inşa olunmuş birinci və ikinci binalarda peşələri ilə əlaqədar mobil telefondan tez-tez istifadə etmək məcburiyyətində qalan jurnalistlərin də əsəbləri tarıma çəkilib.

Anoloji problemlə əlaqədar redaksiyaya Badamdardan da çoxsaylı şikayətlər daxil olmaqdadır. Mənzillərdə “Azercell” istifadəçilərinin mobil telefonla əlaqə saxlaması faktiki müşkülə çevrilib.

Bəs demək olar ki, hər gün reklamları ilə yazılı, elektron medianı, telekanalları zəbt edən “Azercell Telekom” MMC-nin mobil şəbəkəsindəki problemin səbəbi nədir? Bu, avadanlıqların yenilənməməsi, daha çox yüklənməsi, yaxud başqa problemlərlə əlaqədardır?

Heftelik.az ümid edir ki,  “Azercell Telekom” MMC reklam kampaniyalarından vaxt taparaq real problemlərin həlli ilə də məşğul olacaq.