Gəncədə kurqanlar olan ərazidə tikinti işləri aparılır, tariximiz məhv olur.
Heftelik.az-ın məlumatına görə, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında deputat Naqif Həmzəyev məlumat verib.
Deputat bildirib ki, Gəncədə Heydər Əliyev Park kompleksinin yaxınlığında yerləşən Tunc dövrünə aid kurqanlar olan ərazidə tikinti işləri aparılır, tariximiz məhv olur: “Bu ərazinin xüsusi qoruq ərazisinə çevrilməsi və ya Heydər Əliyev Park kompleksinin ərazisinə birləşdirilməsini təmin etmənizi xahiş edirəm”.
Qeyd edək ki, söhbət Göygöl rayonunun Quşqara bələdiyyəsinin ərazisində, Gəncə şəhərinin Heydər Əliyev parkına yaxın ərazisində, Gəncə-Şəmkir yolunun sağında, Quru qobunun sol tərəfində və Quşqara bələdiyyəsinin ərazisində yerləşən kurqan tipli qəbirlərdən gedir. Qazıntılar nəticəsində müəyyən edilib ki, əslində kurqan kimi təqdim edilən abidələr sadəcə kurqan tipli qəbirlər olub və Azərbaycanın son tunc dövrü köçəri tayfalarının adət-ənənələrini və həyat tərzini əks etdirir. Yəni Gəncə şəhərinin Heydər Əliyev parkına yaxın ərazidə yerləşsə də, kurqanların Göygöl rayonunun inzibati ərazisində yerləşir.
“Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”yə əsasən, yerli icra hakimiyyətləri müvafiq ərazidə memarlıq və şəhərsalma sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin etməli, istehlakçıların mallarda (işlərdə, xidmətlərdə) nöqsanlar, yaxud təhlükəli mallar (işlər, xidmətlər) aşkar etdikləri hallarda bunlar barədə malların (işlərin, xidmətlərin) təhlükəsizliyinə nəzarəti həyata keçirən aidiyyəti dövlət orqanlarına xəbər verməli, mülkiyyətçilərin üzərinə əlavə vəzifələrin qoyulmaması şərtilə müvafiq ərazidə görülən işləri əlaqələndirməlidir.
Bəs Gəncədə kurqanları məhv edən, deputatı dilə gətirən tikinti ilə bağlı Göygöl Rayon İcra Hakimiyyəti niyə susqunluğa qərq olub, yaxud hansı maraqlar Göygöl Rayon İcra Hakimiyyətini tariximizin məhvinə göz yummağa vadar edib?!
Qeyd edək ki, 2022-ci ilin 25 iyuldan Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayevdir.