Novruz bayramı xalqımızın ən doğma, ən sevimli, ən əziz bayramıdır. Ulu babalarımızın zəngin mənəvi aləmini dolğun əks etdirən Novruz milli bayramımızdır. Novruz baharın ilk günüdür. Novruz gəlişi ilə evlərə, ailələrə yeni büsat, şadlıq və sevinc gətirir. Hamı bu bayramı yüksək təntənə ilə, ürək sevinci ilə, qəlb fərəhi ilə qarşılamağa çalışır. Çünki Novruz qəlblərin bayramıdır. Xalqımız Novruz ənənələrinə daim ehtiramla yanaşır. Bu ənənələr müqəddəs ərməğan kimi daim uca tutulur, yaşadılır və gələcək nəslə ən gözəl töhfə kimi çatdırılır. Novruz bayramı xalqımızın həyata nikbin baxışının, təbiətin və insanlığın qələbəsinə inamının bayramıdır. İndiyə qədər öz qüvvətli təsirini saxlayan bu ənənəvi bayram ən kütləvi xalq bayramıdır. Novruz bayramı halallıq, təmizlik bayramıdır. Novruza bir ay qalmış adamlar dörd çərşənbə axşamını qeyd edirlər. Bu çərşənbələrin hər biri insanların yaşaması, bütün həyatın varlığı üçün vacib olan dörd ünsürdən birinə – od, torpaq, su və havaya (yelə) həsr olunur. Bu da Novruzun dünyanın ən qədim, ən müdrik bayramlarından biri olduğunu göstərir. Novruz bütün türk dünyasına xas olsa da, Azərbaycanda daha möhtəşəm qeyd olunur. Azərbaycana rəhbərliyinin birinci dövründə Ulu Öndər Heydər Əliyev sovet hakimiyyətinin qadağalarına baxmayaraq, milli ruhun yüksəlişinə təkan verən amillərə xüsusi hörmətlə yanaşırdı. Müstəqillik dövründə isə Ulu Öndər hər il qədim milli bayramımız olan Novruzda əhali ilə bayramlaşmağa çıxar, xalqımızın Novruz sevinclərindən zövq alardı. Ulu Öndər milli adət-ənənələrimizə, o cümlədən Novruz bayramına yüksək qiymət vermişdir. Ümummilli lider Novruz bayramı haqqında demişdir: “Novruz xalqımızın əsrlərdən bəri qoruyub saxladığı və bütün dövrlərdə həmişə əziz tutduğu bayramlardan biridir. Onun tarixi də Azərbaycan xalqının tarixi kimi keşməkeşli, enişli-yoxuşlu olmuşdur. Bu ulu bayramın müstəqil respublikamızda dövlət səviyyəsində qeyd edilməsi öz milli köklərimizə, adət-ənənələrimizə, tarixi keçmişimizə dərin ehtiram bəslədiyimizi və sarsılmaz tellərlə bağlı olduğumuzu nümayiş etdirir”. Ulu Öndərin hər Novruzda bayram təbriklərini xalqa çatdırması insanlarda xoş ovqat yaradırdı. Bu dahi insanın bayram şənliklərində iştirakı, Kosa ilə yumurta döyüşdürməsi, Bahar qızı ilə söhbətləri Novruz tədbirlərini daha da şənləndirirdi. Bu ənənələr Heydər Əliyev siyasi kursunun layiqli davamçısı İlham Əliyev layiqincə davam etdirir. Dövlətimizin başçısı Novruzu milli-mənəvi dəyərlərimizin təcəssümü adlandırır. Prezident cənab İlham Əliyevin hər il bayram şənliklərinə qatılması, əhali ilə bayramlaşması, Novruz tonqalını alovlandırması bayram ovqatını daha da artırır. “Novruz gələcəyə inam hissi aşılayır, könüllərdə ən ali duyğuları oyadır, insanları daha xeyirxah, mərhəmətli və mehriban olmağa çağırır”, – deyən Prezident İlham Əliyev Novruzun insanlarda qurub-yaratmaq əzmi aşılayan bayram olduğunu çıxışlarında daim ifadə edir. Novruz bayramı zamanı olub-keçənlər də yad edilir, Vətən uğrunda canını fəda edənlərin uyuduğu torpaqlardan insan axınının ayağı kəsilmir. Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçən və haqqın dərgahına qovuşan qəhrəman oğullarımıza rəhmət diləyir, onların əziz xatirəsini ehtiramla anırıq. Bu əziz günlərdə heç kəs onları yad etməyi unutmur. Bəli , 44 günlük Vətən Müharibəsində qazandığımız Qələbə yurdumuza əbədi bahar gətirdi. Bu Qələbə bizi bütün dünyaya məğrur millər kimi tanıtdı. Bu Zəfəri bizə bəxş edən müzəffər Ordumuza, Ali Baş Komandan cənab İlham Əliyevə, and yerimiz olan şəhidlərimizə, düşmənlə hər döyüşdə qəhrəmanlıq səlnaməsi yazan əsgər və qazilərimizə borcluyuq. Arzu edirəm ki, sevinc və fərəhimiz daimi olsun!
Məhluqə Salmanova,
Nəsimi rayon könüllüsü