Yaz bayramı ənənəvi olaraq bütün türk millətlərinin nümayəndələrini birləşdirir

Bahar gəldi və onunla birlikdə sevinclə gözlənilən mehribanlıq və dostluq bayramı – Novruz gəldi. Qədim zamanlardan Novruz bayramı türk və fars mənşəli xalqlar tərəfindən geniş şəkildə qeyd edilir. Bu bayram tarixi sərhədləri inamla aşıb və mehriban qonşuluqda yaşayan bir çox millətlərin birlik gününə çevrilib. Novruz bayramının tarixi qədim dövrlərə (e.ə. 7-4-cü əsrlər) gedib çıxır. Novruz bayramı yeniləşmənin, o cümlədən mənəvi təmizliyin rəmzidir. Rusların Maslenitsa bayramı kimi, o da dini hesab edilmir. Lakin, bütün müsəlman ölkələrində qeyd olunur və ən sevilən bir bayramdır.

Novruzun xüsusi bir atmosfer var. Bu, çoxəsrlik maraqlı ənənələri olan bir bayramdır. Novruz bayramı İcri-şəmsi təqvimi ilə yeni ilin başladığı martın 21-də, yaz bərabərliyi günündə qeyd olunur. Bayram əsl yazın gəlişindən və təbiətin oyanışından xəbər verir. Novruz özündə milli folklorun bütün çalarlarını ehtiva edir. “Papaq atmaq”, “qulaq falı”, “tonqaldan tullanmaq”, “üzük falı”, “səməni əkmək”, “yumurta döyüşdürmək” və Novruz bayramı ilə əlaqələndirilən digər məşhur adətlər Azərbaycan xalqının tarixini, onun zəngin folklorunu və fəlsəfəsini özündə ehtiva edir. Novruzda bayram masasının üzərində mərkəzində səməni olan xonçanın olması vacibdir. Səməninin ətrafına milli şirniyyatlar: paxlava – yer kürəsinin 4 istiqamətini, qoğal – günəşi, şəkərbura – ayı, rənglənmiş yumurta – həyatı simvolizə edir. Adətə görə süfrədə “S” hərfi ilə başlayan 7 məhsul olmalıdır: səbzi, sumaq, sirkə, səməni, süd, su və sünbül süfrədə olması vacib şərtdir. Bayram süfrəsinin əsas bəzəyi şah plovdur. Novruz bayramı qonşuları, dostları xonçaya yığılmış şirniyyatlara qonaq etməklə davam edir. Novruz bayramı günü əcdadlarımız adətən dünyasını dəyişənlərin ruhuna dualar oxuyar, Uca Yaradandan bol məhsul diləyərlər. Lakin bu bayramın dinlə heç bir əlaqəsi yoxdur, sadəcə olaraq, tarixi Şərqin qədim dövrlərinə gedib çıxır. Həm də adətə görə bu bayramda küsülülər barışır. Bayramda insanlar bir-birinin incikliyini bağışlayaraq barışıq əlaməti olaraq hədiyyələr verirlər. Ulu Öndər Heydər Əliyevin dediyi kimi, bu bayram bir də onunla fərqlənir və səciyyələnir ki, bu bayramda siyasi baxışlarından, siyasi dünyagörüşündən asılı olmayaraq hamı bayram edir: “Əgər bu günümüzü götürsək, iqtidar da, müxalifət də bayram edir, bir-birini sevən də bayram edir, bir-birinə düşmən olan da. Amma bayramın bizə bəxş etdiyi ən gözəl nemət ondan ibarətdir ki, qədim zamanlardan bu bayramda insanlar kin-küdurəti unudur, küsülülər barışır, ziddiyyətlər aradan götürülür. Demək, bu, dostluq, həmrəylik, yüksək mənəviyyat bayramıdır. Ona görə də Novruz bayramını hər il böyük el bayramı kimi, hər bir insanın şəxsi bayramı kimi qeyd edərək biz istəyirik, arzu edirik və bu, Azərbaycan vətəndaşlarının əksəriyyətinin arzusudur ki, ölkəmizdə milli həmrəylik, vətəndaş həmrəyliyi, birliyi olsun. Bu ali məqsədləri, ali fikirləri ulu babalarımız bizə nəsihət ediblər. Bu bayram yaranandan onun xüsusiyyətləri insanları həmişə dostluğa, həmrəyliyə, qarşılıqlı anlaşmaya dəvət edibdir”.

Azərbaycanda da hər il Novruz bayramı münasibəti ilə böyük şənlikləri təşkil olunur. Doğma torpağımızın gözəlliyinə, yazın gəlişinə, məhəbbətə həsr olunmuş ürəkdən gələn mahnılar, təsirli şeirlər səsləndirilir. Onlar bayramın bəzəyinə çevrilirlər. Bayram zamanı milli rəqslər ifa olunur, milli geyimlərin nümayişi olur. Şəhər sakinləri və qonaqları üçün geniş konsert proqramı hazırlanır. İdman yarışları, xalq oyunları da təşkil olunur. Uşaqlar üçün – müxtəlif oyunlar, trambolin olur. Ekstremal idman həvəskarlarına xoş sürprizlər bəxş edlir. Şənliklərdə yaradıcı kollektivlərin və rəssamların çıxışları, parlaq bahar bayramının maraqlı ənənələri nümayiş olunur, həmçinin Novruz personajlar Kosa və Keçəl tamaşaçıları əyləndirir. Bayram münasibəti ilə yarmarkalar da keçirilir. Kabab, plov və digər milli nemətlərdən ibarət sərgilər təşkil edilir.

Ölkəmizdə və xaricdə soydaşlarımız bir-birlərini Novruzun gəlişi münasibəti ilə təbrik edir, əmin-amanlıq, bolluq və bərəkət arzulayırlar. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hər il dünya azərbaycanlılarını yaz bərabərliyi – Novruz bayramı günü münasibətilə təbrik edir. Hər kəsə mehribanlıq, xoşbəxtlik, yaxşı əhval-ruhiyyə və sülh arzulayır. Artıq torpaqlarımız işğaldan azad edildikdən sonra ənənəvi olaraq dövlətimizin başçısı Novruz bayramını bu ərazilərdə qeyd edir. Qarabağdan dünya azərbaycanlılarını böyük qürur hissi ilə təbrik edir. Novruz bayramını bir gün Qarabağda qeyd edәcәklәrini illәrdir söylәdiyini xatırladan İlham Әliyev deyib: ‘‘Hәmin gün gәldi. Bu gün Novruz bayramını ölkәmizin mәdәniyyәt paytaxtı olan Şuşada qeyd edirik. Bu tarixi hadisәdir. Bu, böyük xoşbәxtlikdir. Allah Azәrbaycan xalqının dualarını eşitdi. Biz Şuşa vә  azad edilmiş bütün torpaqları bərpa edəcəyik. İkinci Qarabağ müharibəsi bu gün dünyanın aparıcı ölkələrinin hərbi məktəblərində öyrənilir. Biz XXI əsrin müharibəsini aparmışıq, düşməni məhv etmişik. Erməni ordusu yoxdur, biz onu məhv etmişik.”

Yaz bayramının hazırlanması və keçirilməsinə xalqımız xüsusi hazırlaşır. Hər şey sevgi, sayğı ilə edilir-kostyumlar tikilir, milli yeməklər hazırlanır, səməni cücərdilir, yumurta rənglənir. Bütün bunlar Azərbaycan xalqının zəngin mədəniyyət nümunələridir.

Dövlətimiz tərəfindən beynəlxalq müstəvidə də Novruz bayramının tanıdılması istiqamətində əhəmiyyətli işlər görülür. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın böyük səyi nəticəsində Novruz bayramı UNESCO tərəfindən Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilib. 28 sentyabr – 2 oktyabr 2009-cu ildə Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilmiş UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 4-cü Sessiyası çərçivəsində qəbul edilmiş qərara əsasən, Novruz çoxmillətli (Azərbaycan, Türkiyə, Özbəkistan, Qırğızıstan, Pakistan, Hindistan, İran) nominasiya kimi UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Reprezentativ siyahısına salınıb. Novruz uşaqlıqdan ən çox sevdiyimiz bayramdır. Nənələrimizlə, analarımızla birlikdə buna hazırlaşdıq. Çox səbirsizliklə gözlədiyimiz milli şirniyyatlar bişirir və birlikdə sınayardılar. Bizim üçün əziz olan bu bayramda bahar gəlir, təbiət öz sərvətini bölüşür.

Novruz bayramınız mübarək olsun!

 

 

Gülzar İbrahimova,

Avrasiya Universitetinin Elmi işlər üzrə prorektoru,