Novruz bayramı Azərbaycan xalqının çoxçalarlı incəsənətin güzgüsü, habelə milli mədəniyyətimizdə sülh, mehriban qonşuluq və tolerantlıq kimi ümumbəşəri dəyərlərə sadiqliyinin tarixi təcəssümüdür. Milli ruhumuzu və yaddaşımızı bütün zənginliyi ilə özündə əks etdirən Novruz xalqımızın mədəniyyətini, milli-mənəvi dəyərlərini özündə əks etdirən, dünyaya tanıtdıran qədim el bayramıdır. Xalqımızın mənəvi dünyasını, milli düşüncə tərzini, məfkurəsini, qədim mifik görüşlərini, folklorunu, milli varlığını bütün zənginliyi ilə özündə ifadə edən Novruz bayramı Azərbaycanda hər il möhtəşəm şəkildə qeyd edilir. Novruz hələ qədim zamanlardan xalqımız tərəfindən yüksək səviyyədə qeyd olunub, təbiətin oyanışı ilə ürəklərdə saf niyyətlərin, xoş arzuların yarandığı bayram, insanla təbiətin bütövləşməsi, harmoniyası sayılıb. Əsrlərin sınağından çıxmış mənəvi dəyərlərimizi, adət-ənənələrimizi özündə yaşadan Novruz insanlar arasında birlik və mehribanlığın möhkəmləndirilməsi, onların bir-birinə mərhəmət və diqqət göstərməsi kimi sağlam təməllər yaradıb. Tarix boyu zəhmət və halallıqla yaşayan xalqımız Novruzun gəlişini ruzi-bərəkət qapısının açılması kimi intizarla gözləmiş, bütün cismi və ruhu ilə onun həsrətində olub.
Tarix boyu heç bir qüvvə Novruz bayramını insanlarımızın qəlbindən çıxara bilməmişdir. Azərbaycan xalqı ötən əsrlərin bütün ağır sınaqları içində milli bayramlarını, o cümlədən Novruz adət və ənənələrini də qorumuş, onu əsrlərin sınağından keçirərək bu günümüzə qədər layiqincə yaşatmışdır.
Novruzun təntənəli milli bayram kimi qeyd edilməsi Azərbaycanın Dövlət Müstəqilliyinin xalqımıza verdiyi bəhrələrdən biridir. Ümummilli Liderimiz Heydər Əliyevin rəhbərliyi sayəsində tarixi kökümüzə qayıdışın təzahürü, mədəniyyətimizin zəngin xəzinəsi olan Novruz bayramı son illər təqvimimizə Azərbaycan Respublikasının rəsmi bayramlarından biri kimi həmişəlik düşmüşdür.
Murad Bayramov,
Nəsimi rayon könüllüsü