Baş nazir Nikol Paşinyan Ermənistanın Tavuş rayonu ilə sərhəd yerləşən və əvvəllər azərbaycanlıların yaşadığı 4 kəndin (Bağanis Ayrım, Qızıl Hacılı, Aşağı Əskipara və Xeyrimli) Azərbaycana qaytarılmalı olduğunu bildirib.
Heftelik.az-ın xəbərinə görə, bunu erməni jurnalist Voskan Sarkisyan “Facebook” səhifəsində yazıb.
Voskan Sarkisyan Nikol Paşinyanın bunu Tavuşda yerli sakinlərlə görüşdə söylədiyini qeyd edib. Jurnalist yazıb ki, Nikol Paşinyan əks halda Azərbaycanın bu kəndləri hərbi yolla geri qaytarmaq barədə qərar verə biləcəyini, bu halda da Türkiyənin yenə Azərbaycana dəstək verəcəyini vurğulayıb.
Qeyd edək ki, hazırda Azərbaycanın 8 kəndi Ermənistanın işğalı altındadır. Qazax rayonunun Yuxarı Əksipara, Balxudarlı, Sofulu kəndləri və Sədərək rayonunun Kərki kəndləri anklavlardır. Qazax rayonunun Bağanis Ayrım, Qızıl Hacılı, Aşağı Əskipara və Xeyrimli kəndləri isə sərhəddə yerləşir. Buna görə də ilkin mərhələdə məhz sərhəddə yerləşən 4 kəndin azad olunması zəruri sayılır. Martın 9-da Baş nazirin müavini Şahin Mustafayev də bildirib ki, Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş 4 eksklav olmayan kəndi (Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı) mübahisəsiz Azərbaycana məxsusdur və dərhal azad edilməlidir”. Qeyd edilib ki, Delimitasiya prosesi çərçivəsində Azərbaycanın Ermənistanın işğalı altında olan 4 eksklav kəndinin (Yuxarı Əskipara, Sofulu, Barxudarlı və Kərki) azad edilməsi məsələsi də həll olunacaq.