Prezident İlham Əliyevin ATƏT-in Minsk qrupunun Fransadan və ABŞ-dan olan həmsədrləri ilə görüşündəki nitqi təkcə 44 günlük müharibənin deyil, ümumilikdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesinin, problemin həllində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupunun həmsədrlərinin fəaliyyətinin qiymətləndirilməsi, Azərbaycanın möhtəşəm hərbi-siyasi Qələbəsinin səbəbləri və nəticələri, haqq-ədalətin bərpası, işğala son qoyulması ilə regionda yeni reallıqların yaranması, qarşıda dayanan vəzifələrə aydınlıq gətirilməsi baxımından xüsusi diqqət çəkir. Münaqişənin davam etdiyi dövrdə Azərbaycan sülh danışıqlarına sadiqliyini hər addımda təsdiqlədiyi halda, Ermənistan və ona havadarlıq edən dövlətlər isə təxribatçı əməlləri və bitib-tükənməyən yalanları ilə problemin həllində maraqlı olmadıqlarını açıq-aşkar büruzə verirdilər. Nəticədə işğalçı Ermənistan havadarları tərəfindən ona göstərilən maddi və mənəvi dəstəkdən daha da ruhlanaraq yeni ərazilərimizi işğal etmək üçün planlar hazırlayırdı. Dövlətimizin başçısı İlham Əliyev hələ İkinci Qarabağ müharibəsi başlamamışdan öncə BMT Baş Assambleyasının 75-ci Sessiyasında Ermənistanın yeni müharibə planlarını dünyanın aparıcı dövlətlərinin, nüfuzlu beynəlxalq təşkilatların diqqətinə çatdırsa da, bu xəbərdarlıq həmin dairələrin maraqlarına cavab vermədiyi üçün susqunluqla qarşılandı. İşğalçı Ermənistan sentyabrın 27-də müxtəlif istiqamətlərdən Azərbaycana hücum etməklə bu planını açıq-aydın nümayiş etdirəndə bütün dünya, o cümlədən münaqişənin sülh və danışıqlar yolu ilə həllinə məsul olan ATƏT-in Minsk qrupunun həmsədrləri özlərini sanki baş verən hadisələrdən xəbərsiz kimi aparırdılar.
Dövlətimizin başçısı İlham Əliyev qeyd olunan görüşdə diqqəti 44 günlük müharibənin gedişinə, nəticələrinə, həmçinin 28 ildə aparılan danışıqlar prosesinə yönəldərək beynəlxalq vasitəçilərin rolunun qiymətləndirilməsini də bir zərurət kimi ortaya qoydu: “Azərbaycan 30 ilə yaxın davam edən Ermənistan-Azərbaycan münaqişəsinin həllinə hərbi-siyasi vasitələrlə nail oldu. Dağlıq Qarabağ münaqişəsi artıq tarixə qovuşdu. Müvafiq mandata sahib olan ATƏT-in Minsk qrupu 28 il ərzində münaqişənin həllində heç bir rol oynamayıb. BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə, ATƏT-in, digər beynəlxalq təşkilatların qərarlarına baxmayaraq, bu illər ərzində münaqişə niyə həllini tapmayıb? BMT Təhlükəsizlik Şurasının üç daimi üzvü bunu bacarmadı, yoxsa istəmədi? Münaqişənin həllində möhkəm hüquqi baza mövcud olduğu halda 30 il həllini gözləməsi ədalətə nə dərəcədə uyğun idi? Bu qəbildən olan sualları xeyli sayda sadalamaq olar. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, hazırda bu, artıq fərq etmir. Münaqişə həll olunub. Azərbaycan haqqı-ədaləti bərpa edib, işğala son qoyub. “Hərbi variant yoxdur” deyən dövlətlərin özləri də anlayırlar ki, var idi, çünki onlar, sadəcə, mövcud vəziyyəti olduğu kimi saxlamaq istəyirdilər”.
İradə Hüseynova,
Nəsimi rayon təhsil işçisi