“Heftelik.az”-ın “Gəncliyimizin yeni BƏLASI” sərlövhəli yazısı 2023-cü il aprelin 12-də işıq üzü gördü. Aprelin 13-də isə “Azərlotereya” ASC-nin İdarə Heyətində dəyişiklik oldu, şirkətin Maliyyə departamentinin baş rəhbəri vəzifəsində çalışan Osman Karakuş İdarə Heyətinin sədri/İcraçı direktoru təyin olundu. Osman Karakuş bu vəzifədə Türkiyənin şans və mərc oyunları şirkəti “Misli.com”a icraçı direktor vəzifəsinə təyin olunan Zafer Reisoğlunu əvəzlədi.

Heftelik.az Osman Karakuşun bu vəzifədə hansı addımlar atacağının müəyyənləşməsi, gəncliyimizin üzləşdiyi bəlanın aradan qaldırılması üçün addımlar atıb-atmayacağının məlum olması üçün müəyyən zaman kəsimində gözləməyə qərar versə də, ötən müddətdə mənzərənin dəyişmədiyi, dəyişməsi yönündə hər hansı addıma atılmayacağının aydın olduğu üzə çıxdı.

Yenə lotereya adı altında faktiki qumar…

 

Ötən yazımızda da qeyd olunduğu kimi,  lotereya da son nəticədə faktiki qumardır. Sadəcə, dövlət lotereya oyunlarını nəzarətdə saxlamaqla  əslində iki məqsədə nail olmağa çalışır.  Məsələn, siqaret, alkoqol kimi zərərli vərdişləri tam aradan qaldırmaq mümkün olmadığı üçün dövlət siqaretin, alkoqollu içkilərin azyaşlılara satışına,  o cümlədən məktəblərdə, məktəblərin qarşısında satışına məhdudiyyətlər qoyulması kimi müəyyən məhdudlaşdırıcı addımlar atır, siqaretin üzərində sağlamlığa zərərli olması kimi qeydlərin yer alması ilə maarifləndirmə işləri həyata keçirir, bununla da cəmiyyəti, xüsusən gənc nəsli maksimum bu zərərli vərdişlərdən qorumağa çalışır. Digər tərəfdən,  siqaret və alkoqollu içkilərə yüksək aksiz vergisi tətbiq etməklə həm cəmiyyətin müəyyən qismini sağlamlığa zərərli bu malların alınmasından yayındırmağa çalışır. Ancaq bu zərərli vərdişlərdən cəmiyyətdə bir qismi əl çəkdirmək mümkün olmadığı üçün bu malların satışını məhdudiyyətlər çərçivəsində leqallaşdırmaqla dövlət büdcəsi üçün müəyyən gəliri təmin edir. Bu gəlirin isə son nəticədə cəmiyyətin sağlamlığının qorunmasına yönəldilməsi diqqət mərkəzində olur. Elə Azərbaycanda da bu mallardan alınan aksiz vergilərinin bir qismi icbari tibbi sığorta fondunun maliyyə mənbələri sırasında yer alması da təsadüfi deyil. Beləliklə, daha bir zərərli vərdiş nəzarətdə saxlanılması üçün dünya ölkələrdə olduğu kimi Azərbaycanda da lotereya adı altında leqallaşdırılıb. Ancaq bu sahədə vəziyyət artıq narahatlıq təbili çalmağa əsas verir. Məsələ ondadır ki, “Azərlotereya” Açıq Səhmdar Cəmiyyəti 2021-ci il yanvarın 16-dan Türkiyə Respublikasının “Demirören Şans Oyunları Yatırımları A.Ş.” şirkətinin törəmə cəmiyyəti olan “YMT Sans B.V.” şirkətinə müqavilə əsasında idarəetməyə verilib.

Heftelik.az-ın əməkdaşı 2023-cü il aprelin 12-də bir neçə saat ərzində paytaxtda müşahidə aparmış və gəncliyin, azyaşlıların yeni bəla ilə üzləşdiyinin şahidi olmuşdu. Paytaxtda insan axınının günün əksər vaxtlarında intensiv olduğu  28 May, Elmlər Akademiyası, 20 Yanvar metrostansiyaları ətrafında nəinki  qocalar, orta yaşlılar, o cümlədən tələbələr, yeniyetmələr, hətta azyaşlılar da pozmaqla məşğuldur… Biletlərin qiyməti 1 manatdan başlayır.

Harada daha çox kütlə toplamaq olar, orda peyda olurlar. Böyük supermarketlərin qarşısında, hətta qapısının ağzında qocasından tutmuş azyaşlısına qədər belə zərərli vərdişə meyl etməsi üçün canfəşanlıq göstərilir.

Götürək elə 28 May metrostansiyası ətrafını. Neft və Sənaye Universiteti, Bakı Slavyan Universiteti, Azərbaycan Dillər Universiteti kimi böyük təhsil ocaqları bu ərazidə yerləşir. Pozub qazanmayanların əksəriyyəti də tələbələrdir. Bunu şənbə-bazar günləri açıq aydın görmək olur. Gələcəyimiz hesab olunan tələbələrimizi şirnikləşdirib qumara çəkənlər istəyinə nail olur. Son manatını poz-qazana verib, universitetdən evə piyada gedən tələbələr də var. Eyni hal Elmlər Akademiyası metrostansiyasının yanında da yaşanır. Acınacaqlıdır. Üstəlik, indi qadınların da bu vərdişə meyl etməsi ürək ağrıdır. Bir sözlə, gözümüzün önündə açıq-aşkar qumar gedir və ötən dövrdə də bu mənzərə dəyişmədi.

Qanunlar nə deyir?

“Lotereyalar haqqında” qanuna əsasən, ani lotereya uduşu lotereyanın iştirakçısı tərəfindən lotereyada iştirak hüququnu təsbit edən lotereya bileti əldə etdikdən dərhal sonra digər lotereya iştirakçılarından asılı olmadan müəyyən olunan lotereyanın keçirilməsi formasıdır. Lotereya iştirakçısı isə lotereyanın keçirilmə formasından asılı olmayaraq, 18 yaşına çatmış, könüllü şəkildə lotereyada iştirak edən lotereya biletinin  sahibi olmalıdır.

Qanunun 8-1.4-cü maddəsinə əsasən isə lotereyaların reklamı telekommunikasiya, nəqliyyat vasitələrində, mediada, açıq məkanda olan reklam daşıyıcılarında yerləşdirilə bilər. Lotereyaların açıq məkanda reklamı uşaq və təhsil müəssisələrindən azı 100 metr kənarda olan reklam daşıyıcılarında yerləşdirilir.

Qeyd edək ki, bu gün 28 May metrostansiyası ətrafında bir deyil, bir neçə səyyar “Poz-qazan” satış məntəqəsi fəaliyyət göstərir. Bu məntəqələr həm də reklam daşıyıcılarıdır, qanunvericiliyə baxsaq, bu, birmənalıdır. Bu satış məntəqələrinin üzərində raklam xarakterli yazılar, məlumatlar yer alıb. Ancaq bu satış məntəqələri qarşıdakı  Azərbaycan Dövlət Neft və Sənaye Universitetindən nəinki 100, bəlkə heç 50 metr uzaqlıqda belə yerləşmir. Deməli, qanunvericiliyin tələbi açıq formada pozulur.

Digər tərəfdən, valideynləri ilə birlikdə, yaxud təklikdə metrostansiyalar və böyük ticarət mərkəzlərinə daxil olan və çıxan çoxlu sayda azyaşlı, yeniyetmə var. Təhsil müəssisəsindən çıxan azyaşlı məktəblilər, yeniyetmələr  valideynləri ilə birlikdə, yaxud təklikdə metro stansiyasına daxil olur, çıxır, o cümlədən bu qaydada müəyyən zaman kəsimlərində ticarət mərkəzlərinə gəlirlər. Lotereya satışının açıq reklam olunduğu belə səyyar məntəqələr isə göbələk kimi bütün metrostatnsiyaların, böyük ticarət mərkəzlərinin  qarşısını bürüyüb. Elə Heftelik.az-ın təqdim etdiyi fotoşəkillərdən də azyaşlıların bu gün dolayı lotereya adı altında keçirilən faktiki qumara necə həvəsləndirildiyi aydın görünür. Siqaret çəkənin yanındakı azyaşlı siqaretin təsirinə necə məruz qalırsa, bu gün valideynləri açıq reklamın aparıldığı metrostansiyalar, ticarət mərkəzləri qarşısındakı səyyar satış məntəqələrində belə oyunlarda iştirak edən zaman valideynin yanındakı azyaşlı da əslində bu zərərli vərdişə həvəsləndirilir, gələcəyi təhlükə altına qoyulur.

Hüquqşünas Yaşar Ağazadə deyir ki, lotereya oyunlarında böyük həcmdə vəsait itirən, həyatları dağılan çoxlu sayda insanların olduğu cəmiyyətə bəllidir. Onun sözlərinə görə, bu səbəbdən qanunvericilikdə xüsusən gənc nəsli belə zərərli vərdişlərdən mümkün qədər qorumaq üçün  müəyyən məhdudlaşdırıcı müddəalar yer alır. Elə lotereyaların açıq məkanda reklamı uşaq və təhsil müəssisələrindən azı 100 metr kənarda olan reklam daşıyıcılarında yerləşdirilməli olduğuna dair tələb də bu qəbildəndir. Hüquqşünas qeyd edib ki, İnzibati Xətalar Məcəlləsinin 429.0.3-cü maddəsinə əsasən,  lotereyaların təşkili və keçirilməsi sahəsində lotereya təşkilatçısı tərəfindən “Lotereyalar haqqında” qanun ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməməsinə görə fiziki şəxslər səkkiz yüz manatdan doqquz yüz manatadək məbləğdə, vəzifəli şəxslər min manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min manatdan doqquz min manatadək məbləğdə cərimə edilməlidir: “Aprelin 12-də Heftelik.az-da işıq üzü görən yazıda dərc edilən fotoşəkillərə baxdıqda, həmin səyyar satış məntəqələrinin qarşıdakı  Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin binasından 100 metr kənarda yerləşdiyi şübhə doğurur”.

Hüquqşünas vurğulayıb ki, dövlətin, cəmiyyətin, qanunların məqsədi gənc nəsli belə zərərli vərdişlərdən qorumaqdırsa, azyaşlılar, yeniyetmələrin kütləvi istifadə etdikləri metrostansiyaların girişində, o cümlədən yeniyetmə və gənclərin alış-veriş məqsədilə tez-tez gəldikləri böyük ticarət mərkəzlərinin qarşısında həm də reklam xarakterli lövhələrlə, yazılarla cəlbedici formada təqdim edilən belə səyyar lotereya məntəqələrinin yerləşdirilməsi bu məqsədə nail olunduğunu şübhə altına qoyur: “Buna görə qanunvericiliyə də artıq bununla bağlı müvafiq dəyişiklik edilməli, bu sahədə tələblər, məhdudiyyətlər daha da  konkretləşdirilməlidir. Bu xalqın gələcəyi, gələcək nəsillərimiz mümkün qədər belə zərərli vərdişlərdən qorunmalıdır”.

“Rəvan” Gəncliyə Dəstək İctimai Birliyinin sədri Ramiz Cürənov isə gənclər təşkilatlarının bu acınacaqlı hala son qoyulması üçün hərəkətə keçməsi, müvafiq dövlət qurumlarına müraciət etməsi gərək olduğunu vurğulayıb: “O lotereya oyunlarının təşkilatçıları o lotereya oyununa, əslində isə faktiki qumara azyaşlı övladlarının meyllənməsini istəyərdilərmi? Yəqin ki, onların övladları metrostansiyadan istifadə etmir, ona görə bu xalqın övladlarına hansı bəlanı təbliğ etdiklərini hələ anlamırlar. İnanıram ki, digər gənclər təşkilatları, həmkarlarım yaxın vaxtlarda bir araya gələrək bu acınacaqlı halın aradan qaldırılması üçün birgə müvafiq dövlət qurumlarına, o cümlədən qanunvericilikdə bu sahədə  boşluqların aradan qaldırılması üçün Milli Məclisə müraciət edəcək”.