Ordu quruculuğu

25 Mart 2024, 23:25

Azərbaycan yenidən müstəqilliyə qovuşduqdan sonra 1991-ci il sentyabrın 5-də Müdafiə Nazirliyinin yaradılması barədə qərar və həmin il oktyabrın 9-da Azərbaycan Respublikasının Ali Soveti tərəfindən Silahlı Qüvvələrin yaradılması haqqında qanun qəbul edilməsinə baxmayaraq, respublika rəhbərliyi bu qərarların həyata keçirilməsi üçün heç bir səy göstərmirdi. Torpaqların müdafiəsi yalnız pərakəndə fəaliyyət göstərən könüllü dəstələrin ümidinə qalmışdı. Həmçinin şəxsi mənafelərə qulluq edən ayrı-ayrı başıpozuq silahlı dəstələr vardı. Bütün bunlara yalnız ümummilli lider Heydər Əliyev 1993-cü ildə yenidən hakimiyyətə qayıtdıqdan sonra son qoyuldu. Heydər Əliyev Silahlı Qüvvələrin Ali Baş Komandanı kimi hərbi sahədə də dirçəlişə nail ola bildi. O, yerli özünümüdafiə və könüllü batalyonlar adı altında fəaliyyət göstərən silahlı birləşmələri ləğv edərək, vahid komandanlıq sistemində təşkil olunan nizami ordu yaratdı. Ali Baş Komandanın ön xəttə səfər edərək döyüşçülərimizlə səngərdə görüşməsi və onları döyüşə ruhlandırması öz real bəhrəsini verdi. Çox keçmədi ki, 1994-cü ilin əvvəllərində Füzuli rayonunun Horadiz qəsəbəsi istiqamətində düşmənə qarşı uğurlu hərbi əməliyyat həyata keçirildi. 1994-cü il mayın 12-də elan olunan atəşkəsdən sonra Azərbaycanda nizamlı, müasir səviyyəli ordunun qurulması prosesinə böyük inamla start verildi. Ölkədə nizami ordu quruculuğu formalaşdırılmağa başlandı.

Varislik prinsipi əsas tutularaq ümummilli lider Heydər Əliyevin 22 may 1998-ci il tarixli sərəncamı ilə 26 iyun Silahlı Qüvvələr Günü kimi qeyd olunur.

Müstəqil Azərbaycanda ordu quruculuğu prosesi Prezident İlham Əliyevin hakimiyyəti dövründə tamamilə yeni mərhələyə qədəm qoydu. Ulu Öndərin ordu quruculuğu siyasətini uğurla davam və inkişaf etdirən Prezident, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində hərbçilərin peşəkarlığının artırılması, şəxsi heyətin döyüş ruhunun və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, Silahlı Qüvvələrimizin ən müasir silah və texnika ilə təchizatı daim ön planda saxlanıldı. Məhz Prezident İlham Əliyevin bu ali diqqət və qayğısı sayəsində Azərbaycan Silahlı Qüvvələri qısa müddətdə regionun ən qüdrətli ordusuna çevrildi. Təsadüfi deyil ki, nüfuzlu “Global Fire Power” mərkəzinin 55 göstərici əsasında hazırladığı hesabatda Azərbaycan Ordusu Cənubi Qafqazda birinci, dünyada ilk əlli ordu sırasında yer alır. (2021)

Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanda hərbi sənaye kompleksi də yaradılıb. Azərbaycanda mindən çox hərbi təyinatlı məhsul istehsal edilir. Dünyanın aparıcı beynəlxalq sərgilərində Azərbaycanın hərbi məhsulları nümayiş olunur.

Azərbaycan Ordusunun hərbi qüdrəti 2011-ci il iyunun 26-da Bakıda Silahlı Qüvvələrin Ali Baş Komandanı Prezident İlham Əliyevin iştirakı ilə Silahlı Qüvvələr Günü və müstəqilliyin bərpasının 20 illiyi münasibətilə keçirilən hərbi paradda əyani nümayiş etdirildi.

Rəşadətli Ordumuz öz gücünü 2016-cı ilin aprel ayında bir daha sübut etdi. Aprelin 2-də Ermənistan ordusunun təxribatlarına cavab olaraq, Azərbaycan Ordusu sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğradaraq, Füzuli, Cəbrayıl və Tərtər rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsini azad etdi. Həmçinin minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarətinə keçdi. Azərbaycan Ordusu dördgünlük Aprel döyüşləri ilə xalqımıza yenidən qələbə sevinci yaşatdı.

Azərbaycan Ordusunun daha bir uğuru Aprel döyüşlərindən iki il sonra — 2018-ci ilin mayında Günnüt zəfəri ilə qazanıldı. Bu uğurlu əməliyyat nəticəsində Naxçıvan Muxtar Respublikasının 11 min hektardan artıq ərazisi və Şərur rayonunun Günnüt kəndi düşməndən azad edilərək dövlət sərhədi boyunca əlverişli mövqelər Azərbaycan Ordusunun nəzarəti altına keçdi. Beləliklə də, Əlahiddə Ümumqoşun Ordunun müdafiə zolağının ön xəttinin dövlət sərhədi boyu əlverişli mövqelərə irəli çəkilməsi əməliyyatı uğurla nəticələndi, qarşıya qoyulan məqsədə nail olundu.

2020-ci ilin iyulunda düşmənin Tovuz rayonu istiqamətində törətdiyi təxribatların qarşısını rəşadətlə alan cəsur Azərbaycan Ordusu çox keçmədən xalqımıza öz tarixinin ən şanlı qələbəsinin sevincini yaşatdı. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində Azərbaycan Ordusunun Prezident İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı ilə qazandığı Şanlı Qələbə təkcə Azərbaycan tarixində deyil, dünya hərb elminin tarixində də mühüm izlər qoydu. Torpaqlarımızın azad olunması əmrinə daim hazır olan Azərbaycan Ordusu düşmənin təxribatlarının qarşısını alınması ilə bağlı Prezident, Müzəffər Ali Baş Komandanın əmri ilə genişmiqyaslı əks-hücum əməliyyatına — Vətən müharibəsinə başladı. Döyüşlərdə bir addım da geri çəkilməyən Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbə vuraraq, 44 gün ərzində — noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 300-dək kəndi işğaldan azad etdi. Düşmənin tam məğlubiyyəti ilə nəticələnən bu müharibə noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidentinin münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalamaları ilə başa çatdı. Bəyanata uyğun olaraq, noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonları Azərbaycana təhvil verildi.

Şanlı Qələbənin şərəfinə dekabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Bakıda möhtəşəm Zəfər Paradı keçirildi. Paradda Azərbaycan Silahlı Qüvvələrinin malik olduğu müasir silah və texnikalarla yanaşı  düşmənin döyüş meydanında məhv edilən və ya qənimət kimi ələ keçirilən  silah-sursat və hərbi texnikaları da nümayiş olundu.

Şanlı Vətən müharibəsində qazanılan Böyük Qələbənin təbliği məqsədilə Bakı şəhərində yaradılan Hərbi Qənimətlər Parkında Azərbaycan Ordusunun düşmən üzərində sarsıdıcı uğurunu əks etdirən — düşməndən qənimət götürülən silah-sursat, hərbi texnika və döyüş bayraqları nümayiş olunur.

Hazırda Azərbaycan dövləti yerləşdiyi regionda yaratdığı yeni geostrateji və geosiyasi üstünlüklərdən faydalı şəkildə bəhrələnərək milli və dövlət maraqlarına cavab verən beynəlxalq hərbi əməkdaşlığı uğurla davam etdirir. Dünyanın hərbi analitik mərkəzləri Azərbaycan Silahlı Qüvvələrinin 44 günlük müharibədə qazandığı qələbəni təhlil edir, bir çox dövlətlərin müdafiə qurumları ordumuzun müharibədə qazandığı döyüş təcrübəsini öyrənir, hərbi taktikasından bəhrələnir.

Cənubi Qafqaz kimi mürəkkəb geosiyasi regionda və müxtəlif dövlətlərin maraqlarının kəsişmə məkanında yerləşən Azərbaycan beynəlxalq hərbi əlaqələrini xarici dövlətlərin hərbi qurumları və beynəlxalq təşkilatlarla qarşılıqlı maraqlar çərçivəsində reallaşdırır. Beynəlxalq hərbi əməkdaşlıq fəaliyyəti Xarici İşlər Nazirliyi və digər aidiyyəti dövlət orqanları, idarə, təşkilat və müəssisələrlə əlaqəli şəkildə, Müdafiə Nazirliyi tərəfindən Hərbi Doktrina və “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq konsepsiyası” əsasında həyata keçirilir.

Beynəlxalq hərbi əməkdaşlığın məqsəd və istiqamətləri Azərbaycan Respublikasının milli maraqlarına uyğun olaraq müəyyən olunur.

Xarici ölkələrlə, Avroatlantik strukturlarla, beynəlxalq təşkilatlarla və aparıcı dövlətlərin müdafiə sənayesi kompleksləri ilə birtərəfli, ikitərəfli və çoxtərəfli əməkdaşlıq beynəlxalq hərbi strategiyanın əsas istiqamətlərindəndir. Azərbaycan qonşu Türkiyə, Gürcüstan, Rusiya ilə yanaşı, Ukrayna, Belarus, ABŞ, Böyük Britaniya, Pakistan, İsrail və s. ölkələrlə hərbi, hərbi-texniki və hərbi-siyasi əməkdaşlıq edir.

Ölkəmizin beynəlxalq hərbi əlaqələrində Türkiyə, Rusiya, Pakistan, İsrail dövlətləri, NATO bloku ilə əməkdaşlıq xüsusi çəkiyə malikdir.

Azərbaycanın hərbi sahədə ən mühüm tərəfdaşı qardaş Türkiyə Respublikasıdır. Azərbaycan və Türkiyə arasında hərbi sahədə əməkdaşlıq, yalnız Azərbaycan Silahlı Qüvvələrinin gücləndirilməsi baxımından deyil, ümumən bölgədə sülh və təhlükəsizliyin təmini baxımından mühüm əhəmiyyət kəsb edir. 44 günlük müharibədə Azərbaycan Ordusunun əldə etdiyi Qarabağ zəfəriylə Cənubi Qafqazda yaranan yeni geopolitik mənzərəsinin təhlili iki qardaş və dost dövlətin hərbi əməkdaşlığının rolunu və əhəmiyyətini bir daha ortaya qoyur.

2010-cu il sentyabrın 15-də imzalanmış “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında müqavilə” Azərbaycan-Türkiyə hərbi əlaqələrinin inkişafında yeni mərhələnin əsasını qoydu. Bu müqavilə ilə Azərbaycan və Türkiyənin Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası yaradıldı. Müqavilənin 2-ci maddəsinə görə, tərəflərdən biri üçüncü dövlət və ya bir qrup dövlət tərəfindən silahlı basqın və ya hərbi təcavüzə məruz qaldıqda, tərəflər BMT Nizamnaməsinin 51-ci maddəsi ilə tanınan fərdi və ya kollektiv özünü müdafiə hüququnun həyata keçirilməsi üçün hərbi imkan və qüdrətlərindən istifadə etmək də daxil olmaqla, mövcud imkanları çərçivəsində bütün zəruri tədbirlərin görülməsi məqsədi ilə bir-birinə qarşılıqlı yardım göstərəcəklər. Bu sənəd faktiki olaraq iki qardaş ölkənin hərbi ittifaq müqaviləsi olaraq da dəyərləndirilə bilər.

2021-ci il İyunun 15-də Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşa şəhərinə tarixi səfərləri və burada imzaladıqları Şuşa Bəyannaməsi Azərbaycanın hərbi qüdrətinin daha da artırılması baxımından mühüm əhəmiyyət daşıyır. Şuşa Bəyannaməsi Cənubi Qafqazda strateji güc balansı və təhlükəsizliyin təminatı üçün Türkiyənin hərbi iştirakının vacib olduğunu ortaya qoyur. Şuşa Bəyannaməsi ilə Azərbaycan və Türkiyə arasındakı hərbi münasibətlərin əməkdaşlıqdan müttəfiqlik səviyyəsinə qaldırılması, müttəfiqlik münasibətlərinin qurulmasının siyasi və hüquqi mexanizmlərinin müəyyən edilməsi, Azərbaycan və Türkiyənin təhlükəsizlik şuralarının birgə toplantılarının keçirilməsi hərbi əməkdaşlığın yeni prioritetləridir. Rəsmi görüşlərdə, çıxışlarında Azərbaycan prezidenti İlham Əliyevin bölgədə təhlükəsizlik və sabitlik üçün iki qardaş ölkənin silahlı qüvvələrinin inteqrasiyasının daha da dərinləşdirilməsinin vacibliyi vurğulaması Azərbaycan və Türkiyə hərbi əməkdaşlığının perspektivini ifadə edir.

İki ölkənin silahlı qüvvələrinin müştərək fəaliyyətlərinin planlaşdırılması, əməliyyatların keçirilməsi üzrə qarşılıqlı fəaliyyət və həyata keçirilən çoxsaylı birgə təlimlər də birlik və əməkdaşlığın önəmli istiqamətlərindəndir.

Müdafiə sənayesi sahəsində mühüm əhəmiyyət kəsb edən əlaqələr də Azərbaycan və Türkiyə arasında hərbi əməkdaşlığın əsas istiqamətlərindəndir. Müdafiə sənayesi sahəsində əməkdaşlıqdan danışarkən II Qarabağ müharibəsi zamanı Azərbaycan Ordusunun qələbəsində Türkiyə hərbi sənayesinin istehsalı olan “Bayraktar” pilotsuz uçuş aparatlarının əhəmiyyətini xüsusi qeyd etmək lazımdır. Azərbaycanın Türkiyə ilə müdafiə sənayesi sahəsində müştərək istehsal kimi əməkdaşlıq üsullarının tətbiqi hərbi əməkdaşlığın perspektiv layihələridir.

Azərbaycan NATO ilə əməkdaşlığı çərçivəsində beynəlxalq sülhün və təhlükəsizliyin bərqərar olunmasına da töhfə verir. Bu istiqamətdə, sülhməramlı əməliyyatlarda azərbaycanlı hərbçilərin peşəkarlığı xüsusilə qeyd edilməlidir. Azərbaycan Ordusunun sülhməramlı kontingenti 1999-cu ildən etibarən sülhməramlı əməliyyatlarda iştirak edir.

Azərbaycanın NATO ilə ən vacib əməkdaşlıq sahəsi “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsindədir. Hər il sözügedən proqram çərçivəsində Azərbaycan Silahlı Qüvvələrinin zabitləri 500-ə qədər təlim və seminarda iştirak edirlər. Hazırda Azərbaycan Müdafiə Nazirliyinin Təlim-Tədris Mərkəzinin nəzdində “Sülh Naminə Tərəfdaşlıq” mərkəzi fəaliyyət göstərir. Onu da qeyd edək ki, 2003-cü ildən etibarən NATO Bakıdakı yay məktəbinin maliyyələşdirilməsində iştirak edir. İldən-ilə proqramların əhatə dairəsi genişlənmiş və nəticədə 2005-ci ildə Azərbaycanda NATO-nun Beynəlxalq məktəbi yaradılmışdır.

NATO ilə fərdi tərəfdaşlıq üzrə əməliyyat planı, Planlaşdırma və Analiz Prosesi çərçivəsində nəzərdə tutulan tədbirləri reallaşdıran Azərbaycan Rusiya ilə də hərbi sahədə ciddi əlaqələrə malikdir. Azərbaycan Ordusunun hərbi texnika və silahla təchizatı baxımından genişmiqyaslı əməkdaşlıq etdiyi ölkələr sırasında Rusiyanın xüsusi yeri var. II Qarabağ müharibəsində Azərbaycan Ordusunun qələbəsindən sonra Cənubi Qafqazda təhlükəsizliyin və sabitliyin yaradılması məqsədilə Rusiya sülhməramlılarının Qarabağda iştirakı iki ölkə arasında hərbi- siyasi münasibətlərdə yeni mərhələni təşkil edir.

Azərbaycanın hərbi sahədə və xarici siyasətdə mühüm tərəfdaşlarından biri də Pakistan İslam Respublikasıdır. Pakistan daim beynəlxalq arenada ölkəmizi dəstəkləyir və açıq şəkildə bəyan edir ki, hər zaman Azərbaycanın yanındadır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Pakistan İslam Respublikası Birləşmiş Qərargahı arasında imzalanmış “İkitərəfli Hərbi Əməkdaşlıq Planı” da iki ölkə arasında hərbi müttəfiqlik effektini yaradır.

İsrail dövləti ilə hərbi əməkdaşlıq Azərbaycanın beynəlxalq hərbi strategiyasında mühüm yer tutur. Son illər bu ölkə ilə hərbi sahədə əməkdaşlıq dinamik inkişaf edir. Azərbaycan İsrailin müdafiə sənayesi şirkətlərindən müasir pilotsuz uçuş aparatları, radarlar, raket sistemləri və sahil mühafizə vasitələri alır.

Hazırda Azərbaycan Respublikası daha güclü hərbi potensiala malik olmaq üçün hərbi infrastrukturun beynəlxalq standartlara uyğun inkişaf etdirilməsini zəruri şərt kimi ortaya qoyur, dünyanın aparıcı dövlətləri və beynəlxalq hərbi təşkilatları ilə ikitərəfli, üçtərəfli və çoxtərəfli hərbi əməkdaşlığı diqqətdə saxlayır.

Vüsal Şirəliyev,

Nəsimi rayon Təhsil işçisi