Gəncədə Şəhidlər Xiyabanında biabırçı vəziyyət üzə çıxıb.

Heftelik.az-ın xəbərinə görə, sosial şəbəkələrdə yayılan videogörüntülərdə Şəhidlər Xiyabanında şəhidlərin xatirəsinə uzaldılmış kompleksin mərkəzi az qala zibilxanaya çevrildiyi aydın olur.

Kompleksin mərkəzində çürümüş və çürüməkdə olan gül saplaqlarının qalıqları, quş nəcisləri yığılıb…

Yerli icra hakimiyyətləri haqqında Əsasnaməyə görə, icra hakimiyyətinin başçısı müvafiq inzibati ərazi vahidində birbaşa abadlıq və təmizlik işlərinə məsul əsas şəxsdir.  Şəhərin icra hakimiyyəti başçısının yanında olan orqanların və tabeliyində olan hüquqi şəxslərin müvafiq şəhər rayonunun ərazisində mənzil-kommunal təsərrüfatı və mənzil istismarı sahəsində fəaliyyət göstərən, məişət tullantılarının yığılması və daşınması, abadlaşdırma, yaşıllaşdırma, təmizlik və işıqlandırma işlərini yerinə yetirən struktur bölmələri (mənzil-kommunal istismarı və mənzil istismarı sahələri də daxil olmaqla) ikili tabelikdədir – onlar həm şəhər icra hakimiyyətinin başçısına, həm də müvafiq şəhər rayonunun icra hakimiyyətinin başçısına tabedirlər.

Yerli icra hakimiyyətinin başçısı müvafiq ərazidə fəaliyyət göstərən mərkəzi icra hakimiyyəti orqanlarının yerli qurumlarına ümumi rəhbərliyi həyata keçirir. Eyni zamanda məişət tullantılarının yığılması və daşınması, abadlaşdırma, yaşıllaşdırma, təmizlik və işıqlandırma işlərini yerinə yetirən qurumlara (mənzil-kommunal istismarı və mənzil istismarı sahələri də daxil olmaqla) icrası məcburi olan göstərişlər verməlidir…

Qeyd edək ki, 2018-ci ildən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovdur. Niyazı Bayramovun son illər Gəncə Şəhər İcra Hakimiyyətinə ayrılmış büdcə vəsaitlərindən “pay ayırmaq”la aparıcı media orqanlarında özünün reklamına geniş yer ayırdığı, iştirak etdiyi tədbirlər barədə geniş materiallar dərc etdirdiyi, tədbirlərdə çəkilən fotoşəkillərinin belə az qala hamısını həmin materiallarda yerləşdirtdiyi belə müşahidə olunmaqdadır.