Azərbaycan Ordusu tərəfindən həyata keçirilən antiterror əməliyyatından sonra Qarabağ iqtisadi rayonunda əraziyə baxış zamanı Ermənistan silahlı qüvvələrinə məxsus növbəti tərk edilmiş dayaq məntəqəsi aşkar edilib.
Müdafiə Nazirliyindən Heftelik.az-a verilən məlumata görə, Ağdərə rayonu ərazisində meşəlik zonada yerləşən dayaq məntəqəsindən 1 ədəd T-72B tankı, 4 ədəd D-20 artilleriya qurğusu, artilleriya mərmisi ilə dolu 3 ədəd “Ural” və 1 ədəd “Kamaz” markalı hərbi avtomobil və xüsusi texnikalar təhlükəsizlik qaydalarına riayət olunmaqla ərazidən təxliyə edilib.
Aşkar edilmiş dayaq məntəqəsində mövcud olan atəş vasitələrinin 10 noyabr 2020-ci ildən sonra yaranmış təmas xəttindən dərində yerləşən Suqovuşan və ətrafdakı digər yaşayış məntəqələri istiqamətində tuşlanaraq yerləşdirilməsi onların Azərbaycana qarşı hərbi təxribatlarda tətbiq edilməsini əyani sübut edir.
Antiterror əməliyyatından sonra Qarabağ ərazisində hələ də tapılmaqda olan silah-surat və ağır hərbi texnikanın sayı onu göstərir ki, həmin ərazilər miqyasına görə nəinki regionun, hətta dünyanın ən hərbiləşdirilmiş zonalarından birinə çevrilmişdir.
10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatdan sonra öz qoşunlarını Azərbaycan ərazisindən tam şəkildə çıxarmaq əvəzinə Ermənistan tərəfi xüsusilə 2020-ci ildən sonra istehsal edilmiş silah-sursatı, o cümlədən minaları qanunsuz yollarla Qarabağ iqtisadi rayonuna daşımış, 480 kilometrədək təmas xətti boyunca yeni minalanmış ərazilər, 500-dən artıq döyüş mövqeyi və möhkəmləndirilmiş uzunmüddətli atəş nöqtəsi, müxtəlif tipli artilleriya qurğuları üçün 350-dən artıq atəş mövqeyi, kəşfiyyat-müşahidə vasitələri quraşdırmış, həmçinin hücum əməliyyatlarını yerinə yetirə bilən hərbi qüvvələr cəmləşdirmişdir.