Martın 25-də Gəncədə Şəhidlər Xiyabanında üzə çıxan biabırçı vəziyyət bir çox suallar ortaya çıxardı.

Heftelik.az-ın xəbərinə görə, sosial şəbəkələrdə yayılan videogörüntülərdə Şəhidlər Xiyabanında şəhidlərin xatirəsinə ucaldılmış kompleksin mərkəzi az qala zibilxanaya çevrildiyi aydın oldu.

Kompleksin mərkəzində çürümüş və çürüməkdə olan gül saplaqlarının qalıqları, quş nəcisləri yığılıb…

Yerli icra hakimiyyətləri haqqında Əsasnaməyə görə, icra hakimiyyətinin başçısı müvafiq inzibati ərazi vahidində birbaşa abadlıq və təmizlik işlərinə məsul əsas şəxsdir.  Şəhərin icra hakimiyyəti başçısının yanında olan orqanların və tabeliyində olan hüquqi şəxslərin müvafiq şəhər rayonunun ərazisində mənzil-kommunal təsərrüfatı və mənzil istismarı sahəsində fəaliyyət göstərən, məişət tullantılarının yığılması və daşınması, abadlaşdırma, yaşıllaşdırma, təmizlik və işıqlandırma işlərini yerinə yetirən struktur bölmələri (mənzil-kommunal istismarı və mənzil istismarı sahələri də daxil olmaqla) ikili tabelikdədir – onlar həm şəhər icra hakimiyyətinin başçısına, həm də müvafiq şəhər rayonunun icra hakimiyyətinin başçısına tabedirlər.

Yerli icra hakimiyyətinin başçısı müvafiq ərazidə fəaliyyət göstərən mərkəzi icra hakimiyyəti orqanlarının yerli qurumlarına ümumi rəhbərliyi həyata keçirir. Eyni zamanda məişət tullantılarının yığılması və daşınması, abadlaşdırma, yaşıllaşdırma, təmizlik və işıqlandırma işlərini yerinə yetirən qurumlara (mənzil-kommunal istismarı və mənzil istismarı sahələri də daxil olmaqla) icrası məcburi olan göstərişlər verməlidir…

Bu barədə xəbər yayılandan sonra səhəri gün Şəhidlər Xiyabanında təmizlik işləri aparıldı. Bəs şəhərdə təmizlik və abadlıq işləri niyə müvafiq qaydada, sistemli  şəkildə görülmür ki, belə üzqaraldan vəziyyət ortaya çıxır?

Heftelik.az-ın apardığı qısa araşdırma zamanı məlum olub ki, əslində abadlıq və əsaslı təmir işləri üçün hər il dövlət büdcəsinin milyonlarla manat vəsaiti Gəncə Şəhər İcra Hakimiyyəti və İcra Hakimiyyətinin tabeliyindəki qurumlar tərəfindən tenderlərdə “ayrılır”. Məsələn, 2023-cü ilin avqustunda Gəncə Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi Gəncə şəhərinin istirahət parklarında əsaslı təmir və abadlıq işlərinin satınalınması üçün elan etdiyi tenderdə qalib olan “ELVİ.M.M. SERVİCES GROUP” MMMC-yə 1.623.552,89 AZN ödəyib.  Həmin ilin avqustunda Gəncə Şəhər İcra Hakimiyyəti Gəncə şəhərinin küçə və prospektlərində əsaslı təmir işlərinin satınalması üçün elan edilən tenderin qalibi olan “ƏRDAGI” MMC-nin hesabına 1.845.694,53 AZN köçürüb. Gəncə Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi bundan əvvəl 2023-cü ilin mayında Gəncə şəhərinin küçə və prospektlərində hasarların əsaslı təmiri və abadlıq işlərinin satınalınması üçün elan edilən tenderlərinq qalibi elan olunan “VEDİ CONSTRUCTİON” MMC-y 897.240,78 AZN köçürüb.

Bəs ortada iş niyə yoxdur?….

Qeyd edək ki, 2018-ci ildən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovdur. Niyazi Bayramovun son illər Gəncə Şəhər İcra Hakimiyyətinə ayrılmış büdcə vəsaitlərindən “pay ayırmaq”la aparıcı media orqanlarında özünün reklamına geniş yer ayırdığı, iştirak etdiyi tədbirlər barədə geniş materiallar dərc etdirdiyi, tədbirlərdə çəkilən fotoşəkillərinin belə az qala hamısını həmin materiallarda yerləşdirtdiyi belə müşahidə olunmaqdadır.