Qırğız Respublikası hüquq-mühafizə orqanlarının 23 mart 2024-cü il tarixli mətbuat açıqlamasında Qırğız Respublikası ərazisində 5 nəfər azərbaycanlının şübhəli şəxs qismində saxlanması barədə məlumat verilib.

Heftelik.az-ın xəbərinə görə, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qırğız Respublikasının aidiyyəti hüquq-mühafizə orqanları ilə qarşılıqlı əlaqə şəraitində fəaliyyət göstərərək araşdırmalarla həmin şəxslər barəsində toplanmış məlumatı Qırğız tərəfinə təqdim edib. Araşdırmalar nəticəsində şübhəli şəxs qismində saxlanılan həmin şəxslərdən birinin Rusiya Federasiyası, digərinin isə Azərbaycan Respublikası ərazisində əvvəllər cinayət törədərək məhkum olduğu müəyyən edilib: “Həmçinin, Qırğız Respublikası hüquq-mühafizə orqanlarının müraciəti əsasında haqqında bəhs olunan şəxslərlə əlaqələrinin olmasında şübhəli bilinən 4 nəfər Qırğız Respublikası vətəndaşının Azərbaycan Respublikası ərazisində yeri müəyyən edilmiş və onlar Qırğız Respublikasının aidiyyəti hüquq-mühafizə orqanlarına təhvil veriliblər”.

Qeyd edək ki, Qırğızı Respublikasında keçirilən əməliyyat  zamanı transmilli mütəşəkkil cinayətkar dəstənin üzvü olan 5 Azərbaycan vətəndaşı Qırğızıstan Respublikasının milli təhlükəsizlik orqanları tərəfindən saxlanılıb. Bunlar Əliyev V.M., Bağırov S.A., Əsgərov M.O., Behbudov M. və Məmmədov Z.İ-dir.  Tədbirlər əcnəbilərdən və dövlətlərarası axtarışda olan şəxslərdən ibarət mütəşəkkil cinayətkar qrupların qanunsuz fəaliyyətinin aşkarlanması və qarşısının alınmasına yönəlib. Daxil olan əməliyyat məlumatlarına əsasən, Əsgərov M.O. kriminal aləmdə cinayət mühitini gücləndirmək və oğru ideologiyasını yaymaq, habelə statusunu artırmaq məqsədi ilə müəyyən edilmiş şərikləri ilə birlikdə Qırğızıstana gəlib. Onlar ölkə rəhbərliyinə sui-qəsd təşkil etməyi planlaşdırıblar.