Azərbaycan milli komandası İrəvanda keçiriləcək sambo üzrə Dünya Kubokunda iştirak etməyəcək.

Heftelik.az-ın xəbərinə görə, bu barədə apasport.az saytına Azərbaycan Sambo Federasiyasının rəsmisi Yaqub Abdullayev məlumat verib.

Abdullayevin sözlərinə görə, yarışda iştirakdan imtinanın əsas səbəbi iki ölkə arasında olan gərginlikdir: “Daha əvvəl Ermənistanın ev sahibliyi etdiyi digər idman növləri üçün nəzərdə tutulan yarışlarda idmançılarımızın məruz qaldığı rəftar hər kəsə məlumdur. Bu həm motivasiya olaraq idmançılarımıza mənfi təsir edir, həm də təhlükəsizlik qayğılarını artırır. Ona görə də, federasiya olaraq qərara gəldik ki, İrəvanda təşkil olunacaq Dünya Kubokuna qatılmayaq”.

Yaqub Abdullayev əsas məqsədlərinin may ayında Serbiyada keçirilməsi nəzərdə tutulan sambo üzrə Avropa çempionatına hazırlaşmaq olduğunu bildirib:

“Qarşımızda təlim-məşq toplanışı var. Mayda keçiriləcək Avropa çempionatına qatılmaq üçün hazırlıq prosesi keçəcəyik. Hazırda komanda olaraq fikrimizi buna yönəltmişik”.

Xatırladaq ki, daha əvvəl Ermənistan Sambo Federasiyasının prezidenti Mikael Ayrapetyan Azərbaycan və Türkiyənin İrəvanda keçiriləcək Dünya Kubokunda iştirak etməyəcəyini, bu ölkələrdən iştirak üçün hansısa müraciətin daxil olmadığını bildirib.

Qeyd edək ki, Ermənistanın paytaxtı İrəvanda təşkil olunacaq sambo üzrə Dünya Kuboku aprelin 4-5-də keçiriləcək.