Son illər ərzində dövlət mənzil fonduna aid olan binalarda istismar müddəti bitmiş 1206 lift yeni Almaniya istehsalı olan liftlərlə əvəz edilib və növbəti mərhələdə 744 yeni liftin alınaraq quraşdırılması nəzərdə tutulub.
Bu barədə Heftelik.az-a “Lifttəmir” İB-dən bildirilib.
Qeyd edilib ki, 26 mart 2024-cü il tarixində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yahya Hüseynov küçəsində yerləşən yaşayış binasında baş vermiş hadisə ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətində komissiya yaradılıb və hadisə komissiya tərəfindən araşdırılır.
Məsələ ilə əlaqədar Binəqədi rayonu, 107 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi Rüfət Süleymanov tutduğu vəzifədən azad edilib, “Bakımənzilavtomat” ixtisaslaşdırılmış istehsalat idarəsinin rəisi İlham Hüseynov və Binəqədi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi Elmin Zamanov isə araşdırma müddətində vəzifələrindən kənarlaşdırılıb.
Hazırda real vəziyyətin öyrənilməsi məqsədilə hüquq-mühafizə orqanları ilə birgə araşdırma davam etdirilir.
Qeyd edək ki, martın 26-da Binəqədi rayon sakini, 1979-cu il təvəllüdlü Aynurə Mehdiyeva yaşadığı binadakı liftin qapıları arasında qalması nəticəsində aldığı xəsarətlərdən ölüb. Faktla bağlı Binəqədi rayon prokurorluğunda araşdırma aparılır.