Gəncə Şəhər İcra Hakimiyyəti martın 26-da Heftelik.az saytında işıq üzü görən “Gəncəni zibilxanaya döndərən niyyət – Niyazi Bayramov büdcənin milyonlarını hara xərcləyir?…” sərlövhəli yazıya reaksiya verib.
Gəncə Şəhər İcra Hakimiyyətinin Hefteik.az-ın sosial şəbəkə səhifəsinə ünvanlanan cavabını olduğu kimi təqdim edirik:
“Qeyd olunan video bir neçə gün əvvələ aiddir, sözügedən vəziyyətin yaranmasına səbəb abidədə yuva qurmağa çalışan göyərçinlərdir. Abidənin içərisində təmizlik işləri aparılıb və nəzarətdə saxlanılır”.
Qeyd edək ki, Heftelik.az saytında dərc olunan yazıda qeyd olunmuşdu ki, martın 25-də Gəncədə Şəhidlər Xiyabanında üzə çıxan biabırçı vəziyyət bir çox suallar ortaya çıxardı, sosial şəbəkələrdə yayılan videogörüntülərdə Şəhidlər Xiyabanında şəhidlərin xatirəsinə ucaldılmış kompleksin mərkəzi az qala zibilxanaya çevrildiyi aydın oldu. Çünki kompleksin mərkəzində çürümüş və çürüməkdə olan gül saplaqlarının qalıqları, quş nəcisləri yığılmışdı.
Yerli icra hakimiyyətləri haqqında Əsasnaməyə görə, yerli icra hakimiyyətinin başçısı müvafiq ərazidə fəaliyyət göstərən mərkəzi icra hakimiyyəti orqanlarının yerli qurumlarına ümumi rəhbərliyi həyata keçirir. Eyni zamanda məişət tullantılarının yığılması və daşınması, abadlaşdırma, yaşıllaşdırma, təmizlik və işıqlandırma işlərini yerinə yetirən qurumlara (mənzil-kommunal istismarı və mənzil istismarı sahələri də daxil olmaqla) icrası məcburi olan göstərişlər verməlidir. Bu barədə xəbər yayılandan sonra səhəri gün Şəhidlər Xiyabanında təmizlik işləri aparılıb. Bəs şəhərdə təmizlik və abadlıq işləri niyə müvafiq qaydada, sistemli şəkildə görülmür ki, belə üzqaraldan vəziyyət ortaya çıxır?
Heftelik.az-ın apardığı qısa araşdırma zamanı məlum olmuşdu ki, əslində abadlıq və əsaslı təmir işləri üçün hər il dövlət büdcəsinin milyonlarla manat vəsaiti Gəncə Şəhər İcra Hakimiyyəti və İcra Hakimiyyətinin tabeliyindəki qurumlar tərəfindən tenderlərdə “ayrılır”. Məsələn, 2023-cü ilin avqustunda Gəncə Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi Gəncə şəhərinin istirahət parklarında əsaslı təmir və abadlıq işlərinin satınalınması üçün elan etdiyi tenderdə qalib olan “ELVİ.M.M. SERVİCES GROUP” MMMC-yə 1.623.552,89 AZN ödəyib. Həmin ilin avqustunda Gəncə Şəhər İcra Hakimiyyəti Gəncə şəhərinin küçə və prospektlərində əsaslı təmir işlərinin satınalması üçün elan edilən tenderin qalibi olan “ƏRDAGI” MMC-nin hesabına 1.845.694,53 AZN köçürüb. Gəncə Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi bundan əvvəl 2023-cü ilin mayında Gəncə şəhərinin küçə və prospektlərində hasarların əsaslı təmiri və abadlıq işlərinin satınalınması üçün elan edilən tenderlərinq qalibi elan olunan “VEDİ CONSTRUCTİON” MMC-y 897.240,78 AZN köçürüb.
Bəs ortada iş niyə yoxdur?….
Yazıda ünvanlanan bu suala Gəncə Şəhər İcra Hakimiyyətinin günahkar qismində göyərçinləri göstərməklə cavab verməsi tragikomik deyil ki?! Niyə məhz videogörüntü yayılandan sonra abidənin içərisində təmizlik işləri aparılaraq nəzarətdə saxlanılmağa başlanılıb? Buna qədər niyə şəhidlərin ruhuna sayğı ilə yanaşılıb bu təmizlik işləri aparılmayıb, abidə nəzarətdə saxlanılmayıb?!
Qeyd edək ki, 2018-ci ildən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovdur. Niyazi Bayramovun son illər Gəncə Şəhər İcra Hakimiyyətinə ayrılmış büdcə vəsaitlərindən “pay ayırmaq”la aparıcı media orqanlarında özünün reklamına geniş yer ayırdığı, iştirak etdiyi tədbirlər barədə geniş materiallar dərc etdirdiyi, tədbirlərdə çəkilən fotoşəkillərinin belə az qala hamısını həmin materiallarda yerləşdirtdiyi belə müşahidə olunmaqdadır.