“Azərbaycan Sənaye Bankı” Azərbaycan Mərkəzi Bankının (AMB) tələblərini pozub.

Heftelik.az-ın Mərkəzi Banka istinadən verdiyi məlumata görə, “Azərbaycan Sənaye Bankı” ASC tərəfindən məcmu halda likvidliyin örtülmə əmsalının düzgün hesablanmaması nəticəsində 2024-cü ilin fevral ayının sonuna Mərkəzi Banka təqdim edilən hesabatda “Banklarda likvidlik riskinin idarə edilməsi Qaydası”nın 7.2-ci bəndi ilə müəyyən edilmiş həddən yuxarı saxlanması tələbi təmin edilməyib.

“Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 47-ci maddəsinin tələblərini rəhbər tutaraq Mərkəzi Bank tərəfindən “Azərbaycan Sənaye Bankı” ASC-yə bu sahədə daxili nəzarət sistemlərinin təkmilləşdirilməsi ilə bağlı icrası məcburi sərəncam verilib.

AMB əlavə edib ki, sözügedən pozuntu bankın maliyyə dayanıqlığı üçün təhdid yaratmır.